Sumqayıtın şəhid qızı Mehriban Qarayeva

post-img

1992-ci ilin sınaqlı günlərində Vətənin harayını eşidənlərdən biri də Mehriban Qarayeva idi. Ürəyində böyük iradə, inam olan iyirmi iki yaşlı qızın könüllü olaraq Qarabağ istiqamətinə yollanması adi bir yolçuluq deyildi. Bu, torpağa sədaqətin, millətə bağlılığın səssiz andının ifadəsi, Vətən sevgisi daşıyan bir ruhun gedişi idi.

Eyni gündə torpaqların müdafiəsi üçün könüllü Qarabağa yola düşməyə hazırlaşan Famil qardaşı bacısının bu yola çıxmasına etiraz etdi. Özündən başqa üç bacısı və dörd qardaşı olan ailədə Havabəyim anaya olan andı müqəddəs bilib qardaşına: “Anamızın qəbri xətrinə, sən nişanlısan, qayıt” deyən Mehriban inadından dönmədi, israrla gedəcəyini bildirdi. Qardaşının geri qayıtmasına nail olub, özü döyüş bölgəsinə getdi. Lakin tibb bacısı kimi yaralı əsgərlərə kömək edən Mehribanın iki ay sonra itkin düşməsi xəbəri alındı. Məlum oldu ki, tapşırıq əsasında hərbçi qız mayın 4-də Ağdama göndərilib, rayonun müdafiəsində qəhrəmanlıq nümunəsi göstərib. İyunun 15-də Ağdərənin Sırxavənd kəndi uğrunda ağır döyüşlərdə igidliklə vuruşub. Yaralı əsgərləri meydandan çıxararkən düşmənin açdığı atəşdən çoxlu qan itirərək həlak olub. Amma həmin ərazi düşmənin tam nəzarəti altında olduğundan onun nəşini döyüş meydandan çıxarmaq mümkün olmayıb.

Döyüşlərin alovlu illərində silaha sarılan Mehriban Arif qızı Qarayevanın adı “itkin” kimi səslənsə də, əslində o, heç vaxt itib getmədi. Zaman keçdi, fəsillər dəyişdi, amma onun adı yaddaşlardan silinmədi. Çünki Vətən yolunda addımlayanların izi torpağın yaddaşına yazılır. İllər boyu gözlənilən bir xəbər, qəlblərdə sönməyən bir ümid, dillərdə səssiz dualar vardı... 

Uzun illərin sükutundan sonra hərbçi Mehribanın qalıqlarının aşkar olunması sanki tarixlə bu günün qovuşması oldu. Bu xəbər həm kədər, həm də qürur gətirdi. Çünki Vətən üçün yola çıxan bir övlad nəhayət doğma şəhərinə qayıdırdı. Yaşasaydı mart ayının 27-də əlli altı yaşını doğmaları ilə birgə qeyd edəcəkdi. 2026-cı ilin 20 fevral tarixində Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunan itkin şəhid yaşlanmayıb, elə iyirmi iki yaşında qalıb. Qaranlıq dünyadan şəhidlik zirvəsinin nurunu ətrafa yayan Sumqayıtın yeganə şəhid qızı Mehribanın dəfni təkcə bir vida deyil, həm də gecikmiş bir qayıdışın müqəddəs anı idi. Torpaq onu yenidən bağrına basdı, sanki illərlə həsrətində olduğu övladını qarşılayırmış kimi... Bayrağın kölgəsində uyuyan bu qəhrəman xanımın taleyi Azərbaycan qadınının gücünü, mərdliyini və Vətənə sonsuz sədaqətini bir daha göstərdi.

Mehriban Qarayevanın fədakarlığı artıq yaşayan, danışan, hiss etdirən bir tarixdir. Onun əziz xatirəsi təkcə təhsil aldığı Sumqayıt şəhəri 3 nömrəli tam orta məktəbdə, 35 nömrəli peşə məktəbində deyil, ölməzliyi ilə əbədi yuva qurduğu qəlblərdə uca tutulur. İllərin dumanı arasından çıxaraq daha aydın görünən şəhid qızın adı hər zaman xalqın qürur dolu yaddaşında yaşayacaq. Ötən il Zəfərimizin beş illiyi münasibətilə işıq üzü görən və Mehriban haqqında obrazların dilinən bəhs etdiyim “Azadlıq yollarında” adlı roman və şəhid hekayələrindən ibarət kitabımda olduğu kimi... Ədəbiyyat vasitəsilə adları bir daha əbədiləşən şəhidlərin qısa, amma mənalı və şərəfli həyat hekayəsi gənc nəslə örnəkdir. Sumqayıtın şəhid qızı Mehribanın yaddaşlara həkk olan hekayəsi kimi... 

Bu gün Şəhidlər Xiyabanında dalğalanan bayraq, əsən külək, sükutla dayanan insanlar sanki eyni sözləri pıçıldayır. Şəhidlik zaman keçdikcə daha da ucalır, göylərə yazılan unudulmaz dastana çevrilir. Vətən uğrunda gedənlər heç vaxt gec qayıtmır, onlar əbədiyyətə qovuşaraq qayıdırlar. Səssiz qəhrəmanlıq, sonsuz sədaqət və müqəddəs qayıdışın simvolu olan Mehriban Qarayeva da həmin əbədiyyətin işığına çevrilən adlardan biridir.

RƏNA TƏBƏSSÜM,

Yazıçı-publisist, jurnalist









Sosial həyat