Milli təhsildə rəqəmsal keçid

post-img

8 xidmət “myGov” platformasına qoşulub

Dekabrın 24-də Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin təşkilatçılığı ilə “Təhsilin rəqəmsallaşması” mövzusunda brifinq keçirildi.

İdarənin rəisi Vüsal Xanlarov bildirdi ki, nazirliyin həyata keçirdiyi strateji islahatlar çərçivəsində ölkənin təhsil sistemi rəqəmsal mühitə keçid ərəfəsindədir. Bu proseslər təhsil infrastrukturunun müasirləşdirilməsi, idarəetmənin optimallaşdırılması və tədris mühitinin innovativ texnologiyalar əsasında yenidən qurulmasını nəzərdə tutur. Yeni proqramlar isə artıq istifadəyə verilib.

Onun sözlərinə görə, son illər ümumi təhsil müəssisələrinin genişzolaqlı internetə qoşulmasında ciddi artım qeydə alınıb. Hazırda şagirdlərin 82 faizi genişzolaqlı internet, 18 faizi isə digər qoşulma vasitələrindən faydalanır.

Təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində 8 növ təhsil xidməti “myGov” (mobil və veb-portal) platformasına inteqrasiya edilib. Platforma vasitəsilə vətəndaşlar övladlarının cari ali və orta ixtisas təhsili barədə məlumatlarla bağlı Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil, xarici diplomlar, diplom məlumatlarını əldə edirlər.

Vüsal Xanlarov qeyd etdi ki, ötən ilin sentyabrından paytaxtın 354 ümumi təhsil müəssisəsində “Rəqəmsal məktəb” platforması tətbiq edilir. Layihə çərçivəsində I-XI siniflər üzrə 9 min 235 tədris videosu platformaya inteqrasiya olunub. Bu yaxınlarda “Rəqəmsal məktəb” platformasında məktəblərlə bağlı keçirilən sorğuda 2 min müəllim, 200 mindən çox valideyn iştirak edib. Platforma üzərindən hansı müəllimin istifadə zamanı çətinliklə qarşılaşdığını müəyyənləşdirmək mümkündür.

Bildirildi ki, paytaxt məktəblərində artıq kağız jurnallardan istifadə edilmir. Bəzi region məktəbləri də pilot qaydada elektron jurnalların tətbiqinə qoşulublar. Kompüter təminatında çətinlik çəkən təhsil müəssisələrinə də müvafiq kömək edilir.

“Microsoft” və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə müəllimlərə dəstək üçün hazırlanmış “Copilot” tətbiqi kurikulum əsaslıdır və tədris materiallarının hazırlanmasına, mürəkkəb mətnlərin təhlilinə, dərslərin planlaşdırılmasına, ideyaların strukturlaşdırılmasına, rəqəmsal məzmunun yaradılmasına imkan verir.

İdarə rəisi vurğuladı ki, təhsilverənlər üçün “Müəllim” mobil tətbiqi yaradılıb. Bu tətbiq müəllimlərin gündəlik işini asanlaşdırmaq, təhsil prosesində rəqəmsal idarəetməni təmin etmək məqsədilə hazırlanmış rəsmi platformadır.

“Müəllim köməkçisi” kimi nəzərdə tutulan süni intellekt alətlərinin əsas məqsədi müəllimi əvəzləmək deyil, onu müəyyən inzibati və texniki yükdən azad etməkdir. Hədəf müəllimin diqqətini 45 dəqiqə ərzində daha çox birbaşa tədris prosesinə və şagirdlərlə canlı ünsiyyətə yönəltməsinə şərait yaratmaqdır.

Adətən yeni texnologiyalar təhsil sisteminə daxil olduqda ilkin mərhələdə tərəddüdlər yaranıb. Məsələn, vaxtilə kalkulyatorların istifadəsi ilə bağlı da oxşar narahatlıqlar səsləndirilmişdi. Lakin zaman keçdikcə, bu alətlərin tədris prosesini zəiflətmədiyi, əksinə, yeni yanaşmalar və imkanlar yaratdığı aydın oldu. Eyni yanaşma süni intellektə də şamil edilir. Məqsəd müəllim–şagird münasibətlərini zəiflətmək deyil, əksinə, müəllimin peşəkar fəaliyyətini daha effektiv və keyfiyyətli təşkil etməkdir.

Nazirlik rəsmisi onu da qeyd etdi ki, yanvar ayında Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara əsasən, təhsil haqqında sənədlərin elektron qaydada təqdim olunması ilə bağlı hüquqi mexanizm təsdiq edilib. Yaxın bir neçə ay ərzində müəyyən hallarda, xüsusilə xaricə təqdimat, xüsusi prosedur tələbləri və ya digər obyektiv səbəblərlə əlaqədar sənədə ehtiyac yarandıqda vətəndaşlar onu müvəqqəti olaraq kağız formada əldə edə biləcəklər. Lakin cari tədris ili başa çatdıqdan sonra bütün təhsil sənədləri, diplomlar da daxil olmaqla, yalnız elektron qaydada təqdim olunacaq.

Elektron sənədlərin tətbiqi təhlükəsizlik baxımından mühüm üstünlüklər yaradır. Bu format sənədlərin operativ və rahat şəkildə yoxlanılmasına imkan verir, saxtalaşdırma risklərini minimuma endirir və hər hansı neqativ hallarda istifadəsini faktiki olaraq mümkünsüz edir.

İnternet və texnoloji imkanlar bütün bölgələrdə əlçatan olmadığı üçün süni intellektdən təhsildə tam olaraq necə istifadə olunacaq sualına cavab olaraq bildirildi ki, süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqi mərhələli və infrastruktur imkanlar nəzərə alınmaqla həyata keçiriləcək. Hazırda internetə və texnoloji resurslara çıxış bütün bölgələrdə eyni səviyyədə təmin edilmədiyindən, bu istiqamətdə texniki baza gücləndirilir.

Süni intellektin inteqrasiyası yalnız proqram həllərinin tətbiqi ilə məhdudlaşmır. Bunun üçün məktəblərin internet təminatı, avadanlıqla təchizatı və pedaqoji heyətin rəqəmsal bacarıqlarının artırılması əsas şərtdir. Bu səbəbdən proses vahid şəkildə deyil, pilot layihələr və mərhələli genişlənmə prinsipi əsasında reallaşdırılacaq.

Qeyd olundu ki, məqsəd, ilk növbədə, texniki və rəqəmsal bərabərsizliyin aradan qaldırılması, daha sonra isə süni intellekt alətlərinin tədris prosesinə sistemli şəkildə inteqrasiyasıdır.

XQ



Sosial həyat