Tanınmış dilçi-alim Mədəd Çobanov 1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayla bağlı səmərəli elmi-tədqiqat işləri aparmışdı. Mərhum alimin 2001-ci ildə başladığı tədqiqat işlərinin nəticəsi olaraq “Birinci Türkoloji Qurultay və türk dillərinin müasir problemləri” adlı kitabını 2006-cı ildə Azərbaycanda Atatürk Mərkəzi nəşr etmişdi.
Unudulmaz alimin bu qiymətli əsəri ötən müddətdə oxucu və tədqiqatçıların dərin marağına səbəb olub. Türkoloji Qurultayın 100 illik yubileyi ərəfəsində kitab bu günlərdə nəfis şəkildə təkrar çap olunub.
Mədəd Çobanovun “Birinci Türkoloji Qurultay və türk dillərinin müasir problemləri” adlı kitabında 100 il əvvəl Bakıda baş vermiş tarixi hadisədən bəhs olunur. Alim türk dillərinin müasir problemindən bəhs edərək yazır: “Hər şeydən əvvəl Avropa və Asiya qitələrində yaşamış, qədim tarixə malik olan türk xalqlarının keçmiş şərəfli və keşməkeşli tarixi yalnız kitabələrdə, kitablarda, arxiv sənədlərində yox, eyni zamanda, o həm də mənşəyi və tipologiyası cəhətdən bir-birinə yaxın və qohum olan türk dillərinin “tarixi yaddaşı”nda həkk olunması və tədricən inkişaf edə-edə bu günümüzə qədər gəlib çatması ilə əlaqədar olmuşdur”.
Məsələni müasir dövrün əsas problemi kimi dəyərləndirən tədqiqatçı alim onun çıxış yolunu Altay epoxasından üzü bəri qədim türk dillərinin birliyinə doğru istiqamət götürmək, hər şeydən əvvəl, türklərin öz qədim soykökünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına, incəsənətə, tarixin sınaqlarından çıxmış adət-ənənələrinə, türk inamına və xarakterinə, etik və estetik görüşlərinə qayıtmaqda görür. O, bir sıra mülahizələr söyləyərək onların reallaşmasının elmi əsaslarını nəzərə çatdırır.
Müasir dövrdə türk xalqlarının bir-birinə yaxınlaşmasını, inteqrasiya etməsini həllini gözləyən ən aktual problem hesab edən M.Çobanov bildirib: “Dünyanın istər mənşəcə qohum olan, istərsə də dini baxımdan eyni inama, mədəniyyətə xidmət edən ayrı-ayrı xalqları siyasi, iqtisadi və mədəni cəhətdən bir-birinə yaxınlaşdığı, bir-birinə inteqrasiya olduğu kimi, soykökü, mənşəyi-qohumluğu, dini-inamı, adət-ənənələri də bir-birinə demək olar ki, eyni olan türk xalqlarının da siyasi, iqtisadi, mədəni və strateji baxımdan bir-birinə yaxınlaşması, bir-birinə qovuşması, inteqrasiyası günün ən aktual məsələlərindən biri olmalıdır”.
Mərhum türkoloq-alimin fikrincə, məsələnin həlli fikir və düşüncəni türk xalqlarının ədəbi dillərinin birliyinə doğru yönəltmək istiqamətində aparılarsa, problemi tezliklə çözülər. Tədqiqatçı gəldiyi qənaətləri ümumiləşdirərək yazıb: “Hər bir xalq bəşəriyyətə özünün qədim köklərə, ənənələrə malik ana dili ilə təqdim edir. Bu təqdimat isə, hər şeydən əvvəl, özünü etnoqrafik (adət-ənənələrə və məişət münasibətləri), etnopsixoloji (xalqın elmi düşüncə tərzi, düşüncə dairəsi), mifoloji (xalqın inamlar dünyasının sirrini öyrənmə) və digər strateji sahələrdə büruzə verir”.
Kitabın elmi redaktoru görkəmli alim, tanınmış türkoloq və ictimai xadim, Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovdur. Mədəd Çobanovun keçmiş tələbəsi–Azərbaycan Dövlət Pedaqoji Universiteti filologiya fakültəsinin ədəbiyyat kafedrasının müdiri, ədəbiyyatşünas-alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Razim Məmmədli əsərə geniş və əhatəli “Ön söz” yazıb.
M.YAQUBZADƏ
XQ

