Beynəlxalq tələbə bazarı son onilliklərdə sürətlə böyüyərək yalnız təhsil deyil, həm də iqtisadiyyat və diplomatiya baxımından strateji sahəyə çevrilib. Beynəlxalq statistik məlumatlara görə, hazırda dünya üzrə 6 milyondan artıq tələbə öz ölkəsindən kənarda təhsil alır və bu rəqəm hər il artır. Ənənəvi liderlər - ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Almaniya - tələbələrin əsas hədəf ölkələri olaraq qalır. Bu ölkələr dünya reytinqli universitetləri, yüksək səviyyəli tədqiqat infrastrukturunu və təhsilsonrası karyera imkanlarını təklif etməklə bazarın cəlbediciliyini saxlayırlar.
Bu günlərdə Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar bildirib ki, ali təhsil müəssisələrində təhsil alan xarici vətəndaşların sayına görə Türkiyə dünyada yeddinci yerdədir. Xarici tələbələrin Türkiyə iqtisadiyyatına töhfəsi ildə 3 milyard dollar dəyərində qiymətləndirilir. Onun sözlərinə görə, bu gün Türkiyədə dünyanın 198 ölkəsindən, təxminən, 350 min nəfər təhsil alır. Türkiyə nümunəsi göstərir ki, qardaş ölkə əcnəbi təhsil bazarının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atır.
Ümumiyyətlə, beynəlxalq tələbələrin rolu yalnız təhsil sektoru ilə məhdudlaşmır: onlar iqtisadi gəlir, sosial inteqrasiya, işçi qüvvəsinin yenilənməsi və “yumşaq güc” siyasəti baxımından da vacibdirlər. Təkcə ABŞ-da onların iqtisadiyyata töhfəsi 50 milyard dollardan çox qiymətləndirilir. Avstraliya üçün bu rəqəm 2024-cü ildə 51,5 milyard dollar, Böyük Britaniya üçün isə 40 milyard funtdan artıq olub.
Tələbələrin ölkə seçimini müəyyənləşdirən əsas amillər sırasında təhsilin keyfiyyəti və diplomun tanınması mühüm yer tutur. Harvard, Oksford, MIT, Kembric kimi universitetlər beynəlxalq tələbələr üçün ən cəlbedici məkanlar olaraq qalır və onların diplomları qlobal əmək bazarında həlledici üstünlük qazandırır. Geosiyasi sabitlik, sosial mühitin təhlükəsizliyi və tolerantlıq da mühüm meyarlardandır. Siyasi qeyri-müəyyənlik yaşayan ölkələrdə tələbə axınında azalma müşahidə edilir.
Təhsilsonrası imkanlar da seçimlərə ciddi təsir göstərir. Bir çox tələbə təhsildən sonra işləmək və daimi yaşamaq imkanı olan ölkələrə üstünlük verir. Kanada və Avstraliya bu baxımdan liberal siyasətləri ilə beynəlxalq tələbələri gələcək işçi qüvvəsinə çevirməyi hədəfləyir. Viza prosedurlarının sürətli və əlçatan olması da ölkənin cəlbediciliyini artırır. ABŞ və Böyük Britaniyanın sərtləşən immiqrasiya siyasəti müəyyən risklər yaratsa da, Türkiyə, Malayziya və BƏƏ kimi daha elastik yanaşma sərgiləyən ölkələr yeni alternativ mərkəzlər olaraq önə çıxırlar. Təhsil haqqı və yaşayış xərcləri də tələbələrin əsas seçim meyarlarındandır. ABŞ və Böyük Britaniya kimi bahalı təhsil bazarlarına alternativ olaraq Almaniya, Türkiyə və Şərqi Asiya ölkələri münasib maliyyə şərtləri ilə tələbə cəlb edirlər.
Son illərdə yeni tendensiyalar da meydana çıxıb. Ənənəvi “böyük beşlik”dən kənarda Türkiyə, Çin, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr regional təhsil mərkəzi kimi güclənməkdədir. Onların üstünlükləri arasında münasib təhsil haqqı, daha asan viza şərtləri və geostrateji mövqeləri xüsusi yer tutur. Pandemiyadan sonra hibrid (onlayn + əyani) təhsil modellərinin yayılması da tələbələrə həm xarici diplom əldə etməyə, həm də xərclərə qənaətə imkan yaradıb. Texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellekt və rəqəmsal platformalar təhsili fərdiləşdirərək universitetlərə rəqabət üstünlüyü qazandırır. Digər tərəfdən, beynəlxalq səyahətlərin bahalığı ilə bağlı narahatlıqlar tələbələri daha yaxın regionlarda təhsil almağa və ya onlayn modellərə yönəldir.
Beynəlxalq tələbə bazarının inkişafına siyasi və hüquqi amillər də güclü təsir göstərir. İmmiqrasiya qaydalarındakı dəyişikliklər tələbə axınlarını istiqamətləndirir. Böyük Britaniya və ABŞ-ın sərtləşən siyasəti bazarda müəyyən boşluqlar yaradır, Kanada, Avstraliya və Türkiyə kimi ölkələr isə liberal viza şərtləri ilə yeni tələbə kütləsi qazanırlar.
Gələcəkdə beynəlxalq tələbə bazarı daha rəqabətli, texnologiyadan asılı və regional mərkəzlər üzrə şaxələnmiş bir struktur qazanacaq. Ənənəvi liderlər əsas oyunçular olaraq qalacaqlar, lakin Türkiyə, Çin, Malayziya və BƏƏ kimi yeni oyunçular münasib maliyyə və coğrafi üstünlükləri ilə bazarda paylarını artıracaqlar. Texnologiya və hibrid modellər beynəlxalq təhsili daha əlçatan edəcək, lakin siyasi və iqtisadi qeyri-müəyyənliklər bazarın ən böyük risk faktoru olaraq qalacaq.
Səbuhi MƏMMƏDOV
XQ