Ukrayna ABŞ-dan Aİ-nin ölkəni 50 milyard dollar maliyyələşdirmə planına dəstək verməsini istəyib

post-img

Ukrayna Maliyyə Nazirliyinin rəhbəri Sergey Marçenko bildirib ki, Kiyev öz tərəfdarlarını ölkəni maliyyə cəhətdən dəstəkləmək üçün uzunmüddətli öhdəliklər götürməyə çağırıb. Onun sözlərinə görə, Aİ-nin 50 milyard dollarlıq dörd illik yardım planı “ABŞ və digər ölkələr üçün yaxşı siqnal oldu”. 

"Financial Times"a (FT) danışan Sergey Marçenko Aİ-nin yardım paketini ölçüsünə və çevikliyinə görə tərifləyib. Cənab Marçenko qeyd edib ki, bu vəsait Ukraynaya müəyyən islahatların aparılması şərti ilə veriləcək: “Maliyyə naziri kimi başa düşürəm ki, islahat aparmaq yaxşıdır, lakin bəzi stimullarla islahatlar aparmaq daha yaxşıdır”. 

FT qeyd edib ki, Ukrayna Aİ-dən 50 milyard dollarlıq proqramla yanaşı, dörd illik 16 milyard dollarlıq kredit proqramı çərçivəsində Dünya Valyuta Fondundan (BVF) də yardım alır və bu proqram çərçivəsində ölkə də bir sıra islahatlar aparmalıdır. Qəzet yazır ki, G7 ölkələri “Ukraynaya maliyyə yardımı səylərini əlaqələndirmək üçün donor platforması” yaradıblar.

Sergey Marçenkonun sözlərinə görə, Ukrayna Aİ proqramının maliyyə yardımı göstərən bütün tərəfdarlar üçün islahatların “baş planı” olacağına ümid edir. “Bəzən amerikalı həmkarlarımız istəyirlər ki, onların prioritetləri siyahısına konkret islahatlar daxil edək. İstərdik ki, onlar əvvəlcə avropalılarla razılığa gəlsinlər”.

Mayın sonunda BVF Ukrayna üçün Genişləndirilmiş Maliyyələşdirmə Proqramı çərçivəsində 15,6 milyard dollar məbləğində ikinci tranşı təsdiqləyib. Kredit valyuta məhdudiyyətlərinin yumşaldılması, çevik məzənnə rejiminə qayıtması və inflyasiya hədəflənməsi, eləcə də maliyyə sektorunun stabil fəaliyyətinin təmin edilməsi üzrə öhdəliklər müqabilində verilib.

Həmçinin "Bloomberg"in məlumatına görə, Avropa Komissiyası Ukraynaya 50 milyard avroluq xilas paketi təklif edəcək. Pul qanunun aliliyini yaxşılaşdırmaq üçün islahatlara və qrantlar, güzəştli kreditlər və ya zəmanətlər şəklində korrupsiyaya qarşı mübarizəyə verilə bilər.

"Xalq qəzeti"

Dünya