Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə dair kredit müqaviləsi imzalanıb

post-img

İyulun 1-də “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Kredit Müqaviləsi” və “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Zəmanət Sazişi” imzalanıb.

173,5 milyon ABŞ dolları məbləğində olan kredit sazişini “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqavinə dair zəmanət sazişini isə Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev və xanım Ştallmayster imzalayıb.

Cəlb olunan kredit Azərbaycanda tikilməkdə olan BOEM stansiyalarını təhlükəsiz şəkildə enerji sistemə ötürmək üçün enerji ötürücü infrastrukturun gücləndirilməsini təmin edəcək. Kredit vəsaiti 5 ili güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunur və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcək. Layihədə Azərbaycan Hökumətinin iştirak payı (31.2 mln ABŞ dolları) ƏDV və gömrük rüsumlarının ödənilməsindən ibarətdir. 

İcra müddəti 4 il olan layihənin əsas məqsədi "Azərenerji" ASC-nin enerji sistemin fəaliyyətinin yaxşılaşdırması və tikilməkdə olan bərpa olunan enerji mənbələrinin növbəti 5 il ərzində enerji ötürücü şəbəkəsinə təhlükəsiz inteqrasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində Dünya Bankı tərəfindən ümumi uzunluğu 341 km olan 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisi, eləcə də 500/330/10 kV-luq Nəvahi Yarım Stansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması maliyyələşdiriləcək.

İmzalanma mərasimində Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankı Qrupunun ölkəmizdə həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Nazir Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq beynəlxalq maliyyə qurumları ilə layihə maliyyələşdirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi çərçivəsində imzalanan kredit müqaviləsinin ölkəmizin enerji sektorunda dayanıqlı və yaşıl enerji mənbələrinə keçidin sürətləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqlim dəyişiklikləri ilə mübarizə baxımından əhəmiyyətini qeyd edib. 

S.Babayev Azərbaycanın zəngin bərpa olunan enerji ehtiyatlarına, xüsusilə günəş, külək və hidroenerji sahəsində yüksək texniki potensiala malik olduğunu qeyd edib, hökumətin məqsədinin ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamanda yaşıl enerji ixracatçısına çevirmək olduğunu bildirib. O qeyd edib ki, COP29 sədrliyi çərçivəsində Azərbaycan yaşıl enerji gündəliyinə sadiq qalaraq enerji balansında bərpa olunan mənbələrin rolunun artması, ötürmə infrastrukturunun genişləndirilməsi, enerji saxlama sistemlərinin tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərinə fəal investisiyalar edir.

Etibarlı tərəfdaşlar kimi Azərbaycanla əməkdaşlığın uğurla davam etdiyini vurğulayan ölkə üzrə menecer Ştefani Ştallmayster Dünya Bankı Qrupunun bundan sonra da Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun layihələrin dəstəklənməsi ilə ölkənin dayanıqlı və inklüziv inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.









İqtisadiyyat