Dünyanın ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başlayıb

post-img

Dünyanın ən böyük avtomobildaşıyan gəmisi “BYD Shenzhen” göyərtəsində 7 mindən çox BYD avtomobili ilə ilk səfərinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çinin şərqindəki Tayçan limanından hərəkətə başlayan gəminin 30 gündən bir az çox müddətə Braziliyanın İtacay limanına çatması gözlənilir.

Uzunluğu 219 metr, hündürlüyü 37,7 metr olan “BYD Shenzhen”in 9200 standart avtomobil yeri var. Bu, dünyanın ən çox “yaşıl avtomobil” istehsalçısı olan BYD-nin sayca 4-cü avtomobildaşıyan gəmisidir. Bütün gəmilər Çində inşa edilib.

Şirkətin nümayəndəsi Van Cunbao deyib ki, “BYD Shenzhen” effektiv yükləmə sistemi və təkmilləşmiş qoruyucu texnologiyaları ilə BYD-nin yeni enerji avtomobillərinin (elektromobil və hibrid avtomobillər) qlobal tədarükü üçün sabit və aşağı karbonlu daşımanı təmin edəcək.

Qeyd edək ki, Çinin avtomobil ixracı 2024-cü ildə 6,4 milyon ədədi ötüb. Çin ardıcıl 2 ildir ki, avtomobil ixracına görə lider ölkədir. BYD, SAİC, “Chery” kimi Çinin iri avtomobil istehsalçıları artan ixrac tələbatını ödəmək üçün avtomobildaşıyan gəmilər inşa etdirir.

BYD ötən il 417 min avtomobil ixrac edib. Braziliya 76 min avtomobil ilə əsas ixrac təyinat ölkəsi olub. İndiyədək BYD avtomobilləri dünyanın 100-dən çox ölkəsinin təxminən 400 şəhərinə çatdırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Dünya