Ərdoğan: Qərb qaçqın saldığı insanlara görə məsuliyyət daşımaq istəmir

post-img

İnsanları Qərbin siyasəti qaçqın olmağa məcbur etsə də, evlərini tərk etmək məcburiyyətində qalanların qayğı yükünü bölüşməyə və bu siyasətin nəticələrinə görə məsuliyyət daşımağa gəldikdə, onların heç biri gözə görünmür. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türkiyə yüzilliyində miqrasiya idarəçiliyinin türk modeli” adlı tədbirdə çıxışı zamanı deyib. Xəbəri “Anadolu” verib. 

Dövlət başçısı suriyalı qaçqınlar mövzusuna da toxunub. O qeyd edib ki, “müxtəlif çətinliklər, maneələr və təxribatlara baxmayaraq, Suriya tədricən bərpa olunur”. Türkiyə lideri qeyd edib ki, ölkə sağaldıqca vətənlərinə qayıdan suriyalıların sayı da artmağa başlayıb.

Prezident Ərdoğan həmçinin 2024-cü il dekabrın 9-dan bu ölkədən Türkiyəyə sığınan 200 min qaçqının Suriyaya qayıtdığını açıqlayıb.

Prezident xatırladıb ki, BMT-nin məlumatına görə, dünya üzrə miqrantların ümumi sayı təxminən 281 milyon nəfər, o cümlədən 165 milyondan çox əmək miqrantıdır.

“Son üç-dörd ildə baş verən müharibələr nəticəsində qaçqınların sayı 120 milyona çatıb. Məlumatlar göstərir ki, dünyada hər dəqiqə münaqişə, təqib və terror ucbatından 20 nəfər evlərini tərk etmək məcburiyyətində qalır”, - o əlavə edib.

Onun sözlərinə görə, bu fenomenlə üzləşən bir çox ölkələr miqrasiya axınlarının idarə olunmasında çətinliklər yaşayır ki, bu da öz növbəsində, irqçilik və ayrı-seçkilik hallarının artmasına səbəb olur.

 

P.ƏMİRCANOV

XQ

Dünya