İsrail və Türkiyə Suriyada münaqişələrin qarşısını almaq və hərbi əməliyyatları koordinasiya etmək məqsədilə xüsusi “qaynar xətt”in yaradılması barədə razılığa gəliblər. Bu barədə “Middle East Eye” nəşri məlumat yayıb. Məlumata əsasən, razılıq Azərbaycanın vasitəçiliyi ilə 2 ölkənin nümayəndələri arasında keçirilmiş son danışıqlar nəticəsində əldə olunub.
Şübhəsiz ki, bu təşəbbüs Azərbaycanın regional və beynəlxalq nüfuzunu artıran, diplomatik mövqelərini gücləndirən və onu mürəkkəb geosiyasi mühitdə etibarlı tərəfdaş kimi təsdiqləyən mühüm addımdır. Eyni zamanda, bu, Türkiyə və İsrail kimi iki mühüm tərəfdaş arasında gərginliyin Azərbaycanın maraqlarına zidd olması səbəbindən Bakının həyata keçirdiyi fəal və balanslaşdırılmış diplomatiyanın bariz nümunəsidir.
Azərbaycanın vasitəçilik rolu bir neçə mühüm amillə şərtlənir. Hər iki ölkə ilə mövcud olan strateji tərəfdaşlıq onu etibarlı və qəbul edilə bilən vasitəçiyə çevirir. “Qaynar xətt”in əsas məqsədi Suriyada fəaliyyət göstərən Türkiyə və İsrail hərbi qüvvələri arasında insident və toqquşmaların qarşısını almaqdır. Mənbələrə görə, danışıqlar davam edir və o cümlədən Türkiyənin Suriyada hava hücumundan müdafiə sistemləri və radarlarının yerləşdirilməsi məsələlərini də əhatə edir.
Bu razılaşma, Suriyadakı mürəkkəb vəziyyətdə potensial toqquşmaların azaldılması baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir. Regional sabitlikdə maraqlı olan Azərbaycan üçün Suriyadakı münaqişə və orada fəaliyyət göstərən böyük güclər arasında gərginlik, geniş mənada Cənubi Qafqaz və Yaxın Şərq regionuna birbaşa təsir potensialına malikdir. Bu səbəbdən Bakı gərginliyin azaldılması və etibarlı kommunikasiya kanallarının qurulmasında maraqlıdır. Türkiyə və İsrail arasında birbaşa əlaqə xəttinin yaradılması eskalasiya risklərini azaldaraq Azərbaycanın təhlükəsizlik mühitinə də müsbət təsir göstərir.
İki mühüm regional güc arasında dialoqun təşviqi Azərbaycanın Cənubi Qafqazda və geniş regionda təsir imkanlarını artırır. Siyasi təhlilçilər bu vasitəçiliyin Azərbaycan–Türkiyə və Azərbaycan–
İsrail münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayırlar.
Bundan əlavə, uğurlu vasitəçilik gələcəkdə Bakı üçün vacib olan digər regional və beynəlxalq məsələlərdə həm Türkiyə, həm də İsrailin siyasi dəstəyini təmin etmək üçün zəmin yarada bilər. Bu, Azərbaycanın özünü sülhməramlı, dialoq yönümlü və münaqişələrin həllinə töhfə verən dövlət kimi təqdim etməsinə imkan yaradır. Nəticə etibarilə, Azərbaycan yalnız enerji resursları ilə deyil, həm də diplomatik bacarıqları və vasitəçilik potensialı ilə tanınmağa başlayır.
Politoloqların fikrincə, Azərbaycanın həm Qərb, həm də İslam dünyasında mühüm aktorlarla sıx əlaqələr saxlaması, ona bloklardan kənar, balanslı və çevik xarici siyasət yürütmək imkanı verir. Bu da ölkənin daxili sabitliyi və xarici təzyiqlərə qarşı dayanıqlılığı baxımından strateji üstünlükdür.
Nəticə olaraq, bu vasitəçilik təşəbbüsü Azərbaycanın çoxşaxəli xarici siyasətinin, müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər qurmaq bacarığının göstəricisidir. İki əsas tərəfdaşı arasında körpü rolu oynamaqla Azərbaycan regionda öz mövqeyini daha da möhkəmləndirir. Bu, ölkənin hərbi və iqtisadi gücündən əlavə, diplomatik və vasitəçilik qabiliyyətlərini,- yəni “yumşaq güc”ünü, - ön plana çıxarır.
Eyni zamanda, bu təşəbbüs Azərbaycanın dinlərarası dialoq və əməkdaşlığa sadiqliyinin də bir ifadəsidir. Həm müsəlman dünyasının aparıcı ölkəsi olan Türkiyə, həm də yəhudi dövləti olan İsraillə yüksək səviyyəli münasibətləri olan Azərbaycan bu təşəbbüslə Cənubi Qafqaz və Yaxın Şərqdə diplomatik çəkisini artırır, sivilizasiyalararası dialoqu təşviq edən regional lider rolunu daha da möhkəmləndirir. Bu isə ölkənin uzunmüddətli strateji üstünlüklər əldə etməsinə xidmət edir.
Səbuhi MƏMMƏDOV
XQ