Roma papası Türkiyəyə səfər edəcək

post-img

Roma Katolik Kilsəsinin rəhbəri papa XIV Leo ilk xarici səfərini Türkiyəyə edəcək. Məlumatı “Anadolu” verib. 

Müqəddəs Taxt-Tacın mətbuat katibi Matteo Bruninin sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə noyabrın 27-dən 30-dək baş tutacaq.

Birinci Nikeya Şurasının 1700 illiyi ilə əlaqədar pontifik Türkiyənin İznik şəhərinə də səfər edəcək.

Vatikan nümayəndəsinin qeyd etdiyi kimi, XIV Leo Türkiyədən sonra noyabrın 30-dan dekabrın 2-dək Livana gedəcək.

Rəsmi sözçünün bəyanatı səfərlə bağlı son aylarda müzakirə edilən məlumatları təsdiqləyib. Türkiyəyə səfər əvvəlcə aprelin 21-də vəfat edən XIV Leonun sələfi Papa Fransiskin təşəbbüsü ilə bağlı idi. 2024-cü ilin iyununda Fransisk Nikea Şurasının ildönümü şərəfinə Türkiyəyə səfər etmək arzusunu ifadə etmişdi.

Fransiskin ölümündən sonra Roma Papası seçilən XIV Leo sələfinin planlarından xəbərdar olduğunu və səfərə hazırlaşdığını təsdiqləyib.

Beləliklə, Türkiyə XIV Leo-nun vəzifəyə gəldikdən sonra rəsmi səfər edəcəyi ilk ölkə olacaq. O, ölkəyə səfər edən beşinci Papa olacaq.

Türkiyəyə daha əvvəl 2014-cü ildə Roma papası Fransisk, 2006-cı ildə papa XVI Benedikt, 1979-cu ildə papa II İohann Pavel və 1967-ci ildə papa VI Pavel səfər etmişdi.

P.Əmircanov
XQ

 

Dünya