The Telegraph nəşrinin mənbələrə istinadla yazdığına görə, Vladimir Zelenski və Donald Tramp dünya liderlərinin Davosda keçiriləcək görüşü çərçivəsində Ukraynanın “rifahı” və müharibədən sonrakı bərpası ilə bağlı 800 milyard dollar dəyərində saziş imzalamağı planlaşdırırlar.
Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, Ukrayna prezidenti gələn həftə Ağ Evə səfər edərək həm iqtisadi rifah planını, həm də müharibədən sonrakı təhlükəsizlik zəmanətləri barədə razılaşmanı yekunlaşdırmaq niyyətində idi.
Lakin onun Avropadakı tərəfdarları – “istəkli koalisiya” adlanan qrup – Zelenskini bu səfərdən çəkindirərək Dünya İqtisadi Forumunu Tramp ilə görüş üçün daha uyğun alternativ kimi təklif ediblər. Rəsmilərin sözlərinə görə, plan bu görüşdən Rusiya ilə müharibənin dayandırılması təklifinin əsas bölməsi olan iqtisadi sazişi yekunlaşdırmaq üçün istifadə etmək idi.
Məqalədə qeyd olunur ki, sülh danışıqlarında iştirak edən Aİ rəsmiləri Zelenskini ABŞ prezidenti ilə danışıqlarda tələsməməyə çağırıblar. Onların fikrincə, hazırda Tramp müharibəni Kiyev üçün sərfəli şərtlərlə başa çatdırmaq cəhdlərini dəstəkləyir.
“Rifah planı” on il ərzində Ukraynanın bərpası və iqtisadiyyatının yenidən işə salınması üçün təxminən 800 milyard dollar cəlb etməyi hədəfləyir.
“Kiyev ümid edir ki, Vaşinqtona müharibədən sonrakı bərpa prosesində, xüsusən Trampın müsbət yanaşa biləcəyi layihələrdə pay təklif edərsə, ABŞ prezidenti etibarlı təhlükəsizlik zəmanətləri verməyə daha meyilli olacaq”, – deyə məqalədə bildirilir.
Saziş ötən il imzalanmış faydalı qazıntılarla bağlı razılaşma əsasında qurulub. Həmin sənəd amerikalı investorlar üçün Ukraynada gələcək mədən layihələrinə imtiyazlı çıxış imkanı yaradıb. Trampın sülh üzrə nümayəndəsi Stiv Uitkoff bu razılaşmanı son bir neçə ay ərzində apardığı atəşkəs paketinin ən mühüm tərkib hissəsi kimi qiymətləndirib.
“Lakin bu saziş barədə az məlumat var və 20 maddəlik sülh planından fərqli olaraq, o, ictimaiyyətə açıqlanmayıb”, – The Telegraph vurğulayır.
Davosda Böyük Britaniya və Fransanın rəhbərlik edəcəyi “təhlükəsizlik qüvvələri”nin yolunu açan sazişin imzalanıb-imzalanmayacağı hələ də bəlli deyil. Bununla belə, Avropa mənbələri Ağ Ev ilə münasibətlərdə açıq dəyişiklik müşahidə edildiyini bildirirlər. Yüksək vəzifəli bir rəsmi əvvəlki Rusiyameyilli mövqeləri ilə bağlı ittihamları nəzərdə tutaraq Uitkoffu “dəyişmiş insan” adlandırıb.
Eyni zamanda, Vaşinqton, Avropa paytaxtları və Kiyev arasında münasibətlərin yaxşılaşmasına baxmayaraq, mənbələr Vladimir Putinin işğalı dayandırmağa hazır olub-olmadığına hələ də əmin deyillər.
Daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ ilə müharibədən sonrakı dövrdə Ukraynanın bərpası və iqtisadi təhlükəsizliyinə dair daha geniş paket çərçivəsində azad ticarət sazişi imkanını müzakirə etdiyini bildirib.
Zelenskinin sözlərinə görə, mümkün razılaşma ABŞ ilə ticarətdə sıfır gömrük rüsumlarını nəzərdə tutacaq və Ukraynanın ayrı-ayrı sənayeləşmiş regionlarını əhatə edəcək. O qeyd edib ki, bu, ölkəyə qonşu dövlətlərlə müqayisədə “çox ciddi üstünlüklər” verə və investisiya ilə biznesin cəlb olunmasına şərait yarada bilər.
Səbuhi MƏMMƏDOV
XQ

