Şərq təqviminə görə, bu il At ilidir. Üstəlik, bu sadə At ili deyil, od ünsürlü və daha çox “Alovlu At ili” kimi tanınır. Enerjisi, təbiəti və simvolik mənası ilə seçilən bu ilin hamımız üçün, o cümlədən qələm sahiblərimiz üçün uğurlu, düşərli olacağına inanırıq.
Unudulmaz şairimiz Səməd Vurğun deyirdi:
İllər gəlib keçir ömürdən, illər,
İllər görməmişik bu illər kimi.
Əminik ki, “Alovlu At ili” də xalqımızın arzularını çin edəcək, şairlərimizə gözəl şeirlər yazdıracaq. Elə ilin əvvəlinə təsadüf edən bu səhifəni də onların yaradıcılıq uğurlarına bir bardaq su aydınlığı, ilham xeyir-duamız kimi təqdim edirik.
Mən tələsmirəm
Səməd VURĞUN,
Xalq şairi
Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qucağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!
Elə gözəl qar yağır...
Sabir RÜSTƏMXANLI,
Xalq şairi
Elə gözəl qar yağır, qış da yadımdan çıxır,
Bu bəyaz burulğanda
yaş da yadımdan çıxır…
Ələnir lopa-lopa, ağır, yorğanparası,
Göydən milyon göz yağır –
görünməzdir qarası.
Ağappaq paraşütlər – buludun desantları,
Çapır göydən yerəcən Tanrının ağ atları.
Qonmağa yer axtarır körpəcə qu quşları,
Toxunur ağ xalıya ulduzlu naxışları.
Milyon əriş çəkilir göy üzündən yerəcən,
Bu bəyaz parçasını hamıyla bölənəcən.
Yüz qayçı itilənsin - bu ağ ipləri kəsməz,
Əlim ağ vərəqləri çevirməyə tələsmir…
İşləyir gecə-gündüz səssiz qar dəyirmanı,
Soyuq yorğan altında isinir yerin canı.
Bu ilahi təmizlik xatırladır nələri? -
Anamın gözlərində yuva qurmuş kədəri.
Əridib üfüqləri alovlu nəfəsilə
Ağ çiçəkli bağlardan boy göstərən səhəri.
Ağ simlərdə çalınır ən qəmli mahnılarım,
Qədərlə barışığım, kül olmuş arzularım.
Niyə donub qalmışam, nəyə
qarışıb başım? -
Qoy gedib səs-səmirsiz
bu ağlığa qarışım…
Qar
Ramiz QUSARÇAYLI
Yağır, yaman yağır Qubanın qarı,
Yenə Təngə qardı,
Afurca qardı.
Üzür dağ kəndini qışın qubarı
Tox toxa söylənir, ac aca, - qardı.
Qar qovur küləyi o dağ, bu dağda,
Sovrulur, səslənir dərə tabaqda,
Beləcə yağırdı min il qabaq da
Bu qar köhnə qardı,
çox qoca qardı...
Zirvədən asılıb soyuyur bulud,
Unut soyuqluğu buludum, unut...
Bir evdə od yanır,
bir evdə sükut
Bir baca tüstüdü,
bir baca qardı.
Qar düşüb ovçunun tələsinə də,
Qar qonub tüfəngin lüləsinə də,
Qar yağır gecənin şöləsinə də,
Bu qar sirli qardı, tapmaca qardı.
Boyundan boy verir boyların üstə,
Oynayır sıldırım layların üstə,
Uzanıb ən uzun çayların üstə, -
Adına gəlincə, - bir heca, Qardı...
31 yaşın şeiri
Salam SARVAN
Təkəm lap 31 rəqəmi kimi,
Yel əsir, əsəbdən titrəyir qapım.
Bir stol açmışam, süfrəmin üstə
bircə qab çatışmır – mürəkkəb qabı…
Vaxt axır, 31 yaş damcıları
aram-aram düşür hələ üstümə.
Elə üşüyürəm, O da yoxdu ki,
gəlib əllərini sərə üstümə.
Bu köhnə kirayə evin yiyəsi
yenə “qulağını” burur saatın:
– Fikirdən neçədə ayılacaqsan,
ay oğul, neçəyə qurum saatı?
Qar haqqında şeir
Elşad XAQAN
Mən bu qarı sevmirəm!
Bəli! Sevmirəm qarı!!!
Gələndə göz önünə Xiyabanda uyuyan,
Qar yağanda soyuyan
Şəhidlərin məzarı,
Sevə bilmirəm qarı...
Düşündükcə səngərdə üşüyən oğulları,
Düşündükcə, necə də üşüyür ayaqları,
Düşündükcə, buz kəsib şaxtadan vücudları,..
Yox-yox, sevmirəm qarı...
Sevə bilmirəm qarı.
Amma oğlum çox sevir,
Qar görəndə bərəlir
Sevincindən o məsum, o qayğısız gözləri.
Qarı sevmədiyimi o da çox yaxşı bilir,
Lakin o da əsgərdir, gələcəyin əsgəri!
Sanki, öz atasını
Öz uşaq ağlı ilə danlayaraq, söyləyir:
– Ata, gör, nə gözəldir təbiətin ağ donu,
Düşünürəm ki, bunu
Yaradan nemət verib,
Bizə ruzi göndərib,
Yağmasa bu yağış, qar,
Suyunu hardan alar,
Düşün, çaylar, bulaqlar?!
Bizə nəfəs verən bu ağacları, gülləri,
Tarlalarda əkilən taxıllıq sünbülləri
Ellər necə sulayar?!
Taxıl olmasa əgər,
Bəs, bizləri qoruyan
Səngərdəki əmilər
Çörəyi hardan alar?!
Nə ilə qidalanar?!
Demirsənmi, ac qalar?!
Ata, sən sevməsən də,
Mən qarı çox sevirəm!
Əsgər əmilər üçün,
Qar yağsa, şənlənirəm!
Mən qarı çox sevirəm!
Səsləndikcə beynimdə uşağın bu sözləri,
İnandırım sizləri,
Mən qarı çox sevirəm.
Mən qarı çox sevirəm!!!
Tək bircə yol qala
Sabir YUSİFOĞLU
Nə yaxşı göylərin yadına düşdük,
Bizim şəhərə də, axır, qar yağdı.
Aldadıb yerdəki sinoptikləri,
Yağdı səhərəcən, o ki var yağdı.
Bu qar lopa-lopa, bu qar dümappağ,
Yağa səhərəcən, yağa dizəcən.
Bağlana dünyanın bütün yolları,
Tək bircə yol qala - bizdən sizəcən!
Təzə ildə
Hikmət FƏRZƏLİ
Nə diləyim Yaradandan,
Üzü gülsün yaxşıların.
Yaxşı yerdən yaxşı-yaxşı,
Səsi gəlsin yaxşıların.
Haqdan bilsin sevgisini,
Yığsın ovcuna nəfsini.
Açılsın könlü gül kimi,
Təzələnsin yaxşıların.
Bağından boylansın gülü,
Boy atsın sarı sünbülü.
Təzə ildə hər müşkülü,
Kaş düzəlsin yaxşıların.
Qəzəl
Lilpar CƏMŞİDQIZI
Qədəmindən görürəm, xoş gələcək tazə ilim,
Yaradan ömrü veribdir calasın yazə ilim.
Tələsən köhnə ilin ömrü zimistanla bitər,
Yetişər fəsli-bahar, günlər olar tazə, ilim.
Ötən il xatirələr yazdı könül dəftərimə,
Təzə ildən dönəcək can özü şahbazə, ilim.
Məni insan kimi Tanrım yaradıb sadə, mətin
Belə dünyadə gərək görməyim əndazə, ilim.
Neçə xoş günlərimin tarixi ağlımda qalıb,
Nə qədər olsa boran, gün calanar yazə, ilim.
Yenə şənlik yaradır, heysiyyətim qəlbimdə,
Toxunur duyğularım tar, qavala, sazə, ilim.
Yazılan hər qəzəlin nöqtəsi, Lilpar, qoyulur,
Bilirəm, can yaranır, yol çəkilir azə ilim.
Yeni il
Ağamir CAVAD
Salam, yeni ilim, nə xoş görüşdü!
Biz gözəl günləri eşqlə sayırıq.
Bu ötən yeni il nə tez ötüşdü?
Təzə yeni ili qarşılayırıq.
Eşq ilə, gəl, qoyaq səsə dünyanı,
Eşqlə qiymət verək bu yerə, göyə.
Yeni il, nurunla bəzə dünyanı,
Çağır insanları sən həmrəyliyə.
Qoyma hədər keçsin hər kiçik anı,
Xilas et cahanı ağ atlı ərlə.
Sıyırıb ədalət, haqq qılıncını,
Bəzə dünyamızı qələbələrlə.
Eşqinlə qanad aç, düş dilə, yaşa,
Çıx zaman üzünə açıq alınla.
Ən uca zirvələr fəth elə, yaşa,
Həmişə yeni qal uğurlarınla.
Xeyir şər üstündə qələbə çalsın,
Əbədi eşqlə qur hər saatını.
Ömrünün yolları sevinclə dolsun,
Tanrı da göndərsin mükafatını.
Qorxutdu məni
Arif FƏRZƏLİ
Dərələr, zirvələr bir qiyafədə,
Enişlər, yoxuşlar bir qafiyədə.
Bilinmir dünyanın uzunu, eni,
Qurd çöldə ağarır, quzu pəyədə,
Bu qarın ağlığı qorxutdu məni.
Həyatın qəribə işləri vardır,
Qar altda qalıbdır saçımın dəni.
Bir anda oğlumun başı “ağardı”,
Bu qarın ağlığı qorxutdu məni.
Yağdıqca hər şeyi pozur elə bil,
Ağ xətlə təzədən yazır elə bil.
Bu dağlar, bu daşlar pozulsa, heç nə,
Fikirlər, yaddaşlar pozulsa, heç nə,
Qeybətlər təzədən yazılsa, heç nə,
Qorxulu bir yuxu yozur elə bil,
Bu qarın ağlığı qorxutdu məni.
Ağaclar işarır ağ bayraq kimi,
Yanında kiriyib ağciyər kollar.
Doğulub atılmış uşaqlar kimi,
Dümağ mələfəyə bükülüb yollar,
Bu qarın ağlığı qorxutdu məni.
Ağ küçə, ağ səki, ağ ev, ağ adam,
Bu ağ fiqurların önündə matam.
Susub soyuğuna dözərdim, atam,
Bu qarın ağlığı qorxutdu məni.
Təbiət, eh, bizim tayımız deyil,
Təbiət hamıya bir gözlə baxır.
Bayaqdan torpağa qar yox, elə bil,
Ağ ümid ələnir, təsəlli yağır –
Bu qarın ağlığı ovutdu məni...
Qar yağır
Sərraf TALIB
Daha qışın ötkəm, oğlan çağıdır,
Yağış bitib, dağa-daşa qar yağır.
Qəfil külək yöndən əsib ağrıdır,
Payız donub baxır, qışa qar yağır.
Rizlər cığır olub, cığırlar da yol,
Cığıra qar yağır, rizə qar yağır.
Qarın ağrısından ağac olur kol,
Qarın ağlığından gözə qar yağır.
Dünyanın bir həzin nağıl vaxtıdır,
Çatılmış düyünlü qaşa qar yağır.
Dünyanın haqq-hesab, ağıl vaxtıdı,
Ağıllı, fikirli başa qar yağır.
Soyuqdan ağarıb titrəyir əllər,
Ayağa qar yağır, ələ qar yağır.
Qalanır üst-üstə qar kimi illər,
Yağır günə, aya, ilə qar yağır.
O gözəl, bilirəm, bir gün gələcək,
Xəyala qar yağır, sözə qar yağır.
Öləydim üzündə qar dənəsitək,
Yağır asta-asta üzə, qar yağır.



