COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir

post-img

Braziliyanın Belem şəhərində keçirilən COP30 konfransına öz pavilyonu ilə qoşulan Azərbaycan ölkəmizin iqlim fəaliyyəti üzrə davamlı liderliyini, eləcə də estafeti uğurla Braziliyaya təhvil verməzdən əvvəl COP29 Sədrliyi dövründə əldə olunan nailiyyətləri nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələri bir araya toplayan COP29-un missiyasını simvolizə etmək üçün “Həmrəylik evi” adlandırılmış Azərbaycan pavilyonunun “İrs zalı” guşəsində həm qlobal COP29 irsi, həm də ölkəmizin uzunmüddətli mədəni-ekoloji ənənələri sərgilənir.

Həmçinin pavilyonda COP29 Sədrliyinin fəaliyyət gündəliyinin əsas elementləri təqdim olunur. Burada şəffaflıq, su ehtiyatlarının iqlim dəyişmələrinə davamlılığı, sülh quruculuğu və insan inkişafını ehtiva edən səkkiz əsas təşəbbüs interaktiv formatda nümayiş etdirilir. Belə ki, interaktiv monitorlar vasitəsilə ziyarətçilər COP sədrlikləri arasında həm ardıcıllığı, həm də əməkdaşlığı təşviq edən bu təşəbbüslərlə yaxından tanış ola bilirlər.

Pavilyonun mərkəzində isə Azərbaycanın aparıcı milli layihələri – Qarabağ yaşıl enerji zonası (YEZ), Bakı Yaşıl Nəqliyyat Mərkəzi (YNM), vüsət alan bərpaolunan enerji portfeli və Aİ-Asiya yaşıl enerji dəhlizi layihəsi təqdim olunur. Bu təşəbbüslər Azərbaycanın gələcəkdə qitələri birləşdirən təmiz enerji mərkəzinə çevrilməsində oynadığı strateji rolu göstərir.

Əsas diqqəti təbiətə yönəldən COP30-un mövzusuna uyğun olaraq, Azərbaycan pavilyonu dünyanın ən nadir qapalı su hövzələrindən biri olan Xəzər dənizini və qədim Hirkan meşələrindən tutmuş Qafqaz dağlarının zirvələrinə kimi Azərbaycanın qeyri-adi biomüxtəlifliyini təqdim edir. Həmçinin ziyarətçilər “Bunu bilirdinizmi?” adlı interaktiv informasiya monitorları vasitəsilə iqlim dəyişmələrinin ekosistemlərə təsiri və milli mühafizə tədbirləri barədə ətraflı məlumat ala bilirlər.

Pavilyonun daha bir cəlbedici elementi isə immersiv multimedia səhnəsidir. Belə ki, burada Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar iqlim dəyişməsinin onların həyatına, icmalarına və doğma yerlərinə necə təsir etdiyini şəxsi hekayələr vasitəsilə bölüşürlər.

Azərbaycan pavilyonu həm ənənəni, həm də innovasiyanı bir araya gətirərək zəngin mədəni və təbii irsə malik bir ölkənin dayanıqlı gələcəyi necə formalaşdırdığını göstərir.

“Azərbaycanın COP29 irsi davam edir və daha “yaşıl” dünya naminə həmrəy olmaq üçün kollektiv iqlim fəaliyyətini stimullaşdırır”, - deyə COP29-un məlumatında qeyd olunur.





Ekologiya