22 aprel – “Beynəlxalq Yer günü”dür

post-img

Gələcək nəsillərə ötürmək üçün yaşıllıqları qorumalı, su resurslarına qənaət etməliyik

“Beynəlxalq Yer günü” nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir.     1990-cı ildən başlayaraq "Yer günü"nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Məqsəd, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir. Yer Günü şimal yarımkürəsində yazda, cənub yarımkürəsində isə payızda keçirilir. Həmin ümumdünya aksiyanın əsas məqsədi cəmiyyətin və planetdəki hər bir insanın diqqətini Yer kürəsinin, onun xüsusilə ətraf mühitinin problemlərinə cəlb etməkdir. Bu gün, həmçinin bəşəriyyətin mühafizəsi üçün qarşısında çətin vəzifələr haqqında məlumat əldə etmək imkanı verir.

“Beynəlxalq Yer günü”ndə insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli mövzu ilə bağlı XQ-yə bildirdi ki, “Beynəlxalq Yer günü” ənənəsi Qərbdə yaranıb. ABŞ-ın Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında “Ağac günü” elan olunub. 1970-ci ildən isə “yaşıl hərəkat”ın fəallarından olan senator Geylord Nelsonun təklifi ilə həmin gün “Yer günü” adlandırılıb. Hazırda dünyanın 150-yə yaxın ölkəsində, o cümlədən Azərbaycanda 22 aprel Yer günü kimi qeyd olunur. Bu günün önəmi ondadır ki, müvafiq qurumlar, ekoloji yönümlü təşkilatlar həmin gün ətraf mühitin mühafizəsi ilə bağlı aksiyalar keçirir, diqqəti qlobal iqlim dəyişikliklərinin fəsadlarına çəkirlər. Geniş ağacəkmə aksiyaları, ətraf mühitin məişət tullantılarından təmizlənməsi layihələri həyata keçirirlər. Yaşadığımız dövrün ən aktual məsələlərindən biri atmosferdə karbon emissiyasının azaldılmasıdır. 

Çünki ölkəmiz 2015-ci il Paris sazişinə əsasən 2025-ci ilə qədər karbon emissiyasını 40 faizə qədər azaltmağı öhdəsinə götürüb. Dövlət öhdəlik götürüb və öhdəliyə uyğun tədbirlər də görülür. Bərpa olunan enerjiyə keçid istiqamətində iri layihələr həyata keçirilir, Bakı və Abşeronda, bütövlükdə ölkə ərazisində yeni meşələr salınır. “Yaşıl nəqliyyat”a keçid istiqamətində önəmli qərarlar qəbul edilib, layihələr icra olunur. Bakı şəhərinin 2040-ci ilə qədərki Baş planında metro stansiyalarının salınması, tramvay xəttlərinin çəkilməsi nəzərdə tutulur. Bakıda, iri şəhərlərdə velosiped zolaqları salınıb. Son zamanlar velosipeddən, skuterlərdən istifadə edən sakinlərin sayı artıb. Bununla belə insanlarda ekoloji şüurun yüksəldilməsi istiqamətində görüləsi işlər çoxdur. Təbii resurslardan düzgün istifadəni təşviq etmək, insanlarda ekoloji məsuliyyət hissini artırmaq üçün maarifləndirici aksiyalar keçirilməli, təşviqat aparılmalıdır. Son illərin təcrübəsi göstərir ki, insanlarımızın ətraf mühitin mühafizəsi işinə yanaşması dəyişib. Bakının əksər məhəllələrində ağac əkən, yaşıllıqlara qulluq göstərən, sahibsiz heyvanlara yemək paylayan könüllü təbiətsevərlərin sayı çoxalıb. Bəzən müxtəlif məhəllələrdə ağacəkmə aksiyaları keçirir, bitkilərə aqrotexniki qulluq göstəririk. Bir də baxırıq ki, heç tanımadığımız adamlar qoşulub bizə, ağacları suvarır, diblərini bellləyir. Son zamanlar küçə və məhəllələrdə sahibsiz heyvanlar üçün düzəldim balaca evciklər, quş yuvaları gözə dəyir. Dayanıqlı inkişafın təmin olunması, gələcək nəsillər üçün sağlam və təhlükəsiz mühitin qorunması üçün ətraf mühiti qorumalı, çevrəni təmiz saxlamlı, yaşıllaşdırmalı, yaşayış məkanlarının estetik baxımdan gözəlləşdirilməsi vətəndaş təşəbbüsləri göstərməliyik. Hər şeyi dövlət qurumlarından, bələdiyyələrdən gözləmək olmaz. Unutmayaq ki, təbii sərvətlər tükənməz deyil. Yaşadığımız planeti qorumaq, gələcək nəsillərə ötürmək üçün yaşıllıqları qorumalı, su resurslarına qənaət etməliyik”.

Bu gün Yer Gününün 56-cı ildönümü qeyd olunur. Keçirilən tədbirlər 192 ölkəni və planetin bir milyarddan çox sakinini əhatə edir. Bu da həyatın bütün təbəqələrindən olan insanları daha yaxşı gələcək naminə birlikdə işləməyə cəlb etmək üçün Yer Gününün çoxdankı çağırış gücünü nümayiş etdirmək imkanı yaradır.

Müşfiq MİRZƏ

XQ 



Ekologiya