Hava ilə bağlı “sarı xəbərdarlıq” nədir?

post-img

“Qorxuya düşməyin, amma ehtiyatlı olun!”

Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilmişdi. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yaymışdı. Bildirilmişdi ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Salyan, Hacıqabul, Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

FHN isə əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırmışdı: “İntensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir”.

Bəs hava ilə bağlı “sarı xəbərdarlıq” nədir? Qeyd edək ki, Azərbaycanda hava ilə bağlı sarı xəbərdarlıq əhalini potensial təhlükəli, lakin hələlik ciddi fəsadlar yaratmayan meteoroloji hadisələr barədə məlumatlandırmaq məqsədi daşıyır. Bu xəbərdarlıq hava şəraitinin adi vəziyyətdən fərqləndiyini və müəyyən fəsadlar yarada biləcəyini göstərir. Sarı xəbərdarlıq zamanı gözlənilən hava hadisələri insanların gündəlik həyatına, nəqliyyatın hərəkətinə və açıq havada aparılan fəaliyyətlərə müəyyən təsir göstərə bilər. Əsas məqsəd vahimə yaratmaq deyil, insanları diqqətli olmağa təşviq etməkdir.

Azərbaycanda sarı xəbərdarlıq hava şəraitində qeyri-adi dəyişikliklər olacağı proqnozlaşdırıldıqda verilir. Bu dəyişikliklər hələlik ciddi təhlükə yaratmasa da, insanlar üçün diqqət və ehtiyat tələb edir. Sarı xəbərdarlığın tipik səbəblərinə güclü külək, intensiv yağış, qar, şaxta və buzlanma daxildir. Belə şəraitdə yolların sürüşkən olması, görünüş məsafəsinin azalması, ağacların və zəif konstruksiyaların zədələnməsi kimi hallara rast gəlinə bilər. Sürücülər, açıq havada fəaliyyət göstərənlər və kənd təsərrüfatı ilə məşğul olanlar bu xəbərdarlığa əməl etməli və təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər.

Onu da bildirək ki, hava şəraiti ilə bağlı “narıncı” və “qırmızı” xəbərdarlıq da var. Birincidə daha yüksək risk, daha ciddi tədbirlər, ikincidə isə ən yüksək risk, insanların təhlükəsizliyi üçün ciddi tədbirlər görülməsini tələb edir.

Ə.PÜNHAN
XQ

Ekologiya