Arif HƏŞİMOV,
akademik
(əvvəli https://xalqqazeti.az/az/elm/222419-elmler-akademiyasi-esrde-tarixi-zeruretden)
Sonra bizə dedilər ki, hesablayıcı maşınla bağlı bir arayış yazın, Mstislav Keldışlə keçirilən görüşdə Heydər Əliyev həmin arayışdan istifadə etsin. Arayışı tez-tələsik, bir az da alayarımçıq hazırlayıb Mərkəzi Komitəyə verdik və görüşdə iştirak etmək üçün Dzerjinski adına kluba gəldik. Ürəyimiz əsirdi ki, arayışı yaxşı hazırlamadığımızı bizə irad tutacaqlar. Görüşdə Heydər Əliyev çıxış edərək Mstislav Keldışın elmi fəaliyyətini o qədər aydın, dəqiq, əhatəli təhlil etdi ki, hamının marağına səbəb oldu. Heç mütəxəssis-alimlər də Keldışın elmi fəaliyyətini belə gözəl təhlil edə bilməzdi. Yalnız bunu dahilər edə bilərdi.
Heydər Əliyevin çıxışı Mstislav Keldışə o qədər xoş təsir göstərmişdi ki, görüşdən sonra o bizə dedi: “Nə qədər çətin olsa da, mən sizə “BESM-6” markalı hesablayıcı maşın təşkil edəcəyəm”. Beləliklə, Keldışın şəxsi təşəbbüsü və köməyi ilə Azərbaycan Elmlər Akademiyasına həmin hesablayıcı maşın verildi. “BESM-6” hesablayıcı maşın o zaman respublikamızda olan elmi problemlərin həllində, iqtisadiyyatın inkişafında çox böyük rol oynadı. Mstislav Keldış, eyni zamanda, SSRİ Elmlər Akademiyasında avadanlıq bölgüsü ilə məşğul olan şöbənin müdirinə tapşırıq vermişdi ki, yeni elmi avadanlıq alındıqda Azərbaycan Elmlər Akademiyasına da verilsin. Heydər Əliyevin onun haqqında çıxışından sonra Keldış ömrünün sonuna kimi Azərbaycana xüsusi diqqət göstərirdi”.
Ümumilli ider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə AMEA-nın təsisçilərindən olan akademiklər Mustafa Topçubaşova (1975-ci ildə), Mirzə İbrahimova (1981-ci ildə) və Mikayıl Hüseynova (1985-ci ildə) Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
Heydər Əliyevin Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş (SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 oktyabr 1981-ci il tarixli fərmanı ilə) Xalq yazıçısı Mirzə İbrahimovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda demişdir: “Bədii yaradıcılığı ilə yanaşı, Mirzə İbrahimovu respublikamızda və ölkəmizdə görkəmli bir ədəbiyyatşünas, alim, tənqidçi və publisist kimi də tanıyırlar. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü kimi bu sahələrdə onun fəaliyyəti yüksək qiymətə layiqdir”.
Ulu öndər Heydər Əliyev AMEA-nın təsisçilərindən olan Sosialist Əməyi Qəhrəmanı akademik Mustafa bəy Topçubaşovun 100 illik yubileyinə həsr olunmuş təntənəli gecədəki çıxışında isə (14 oktyabr 1995-ci il) qeyd etmişdir: “Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur... Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtulmasında, elmimizin, təhsilimizin inkişaflarında böyük xidmətlər göstəribdir”.
Beşinci dövrün təhlili
2005–2025-ci illəri əhatə edən son iki onillik müstəqil Azərbaycan elminin müasir intibah dövrü kimi səciyyələnir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə olduğu kimi, elm və texnologiyalar sahəsində də yeni zirvələr fəth etmişdir. Bu mərhələdə elmin inkişafı dövlətin uzunmüddətli strategiyalarına daxil edilmişdir.
Elmi-strateji baxımdan innovasiya yönümlü iqtisadiyyat quruculuğunda elmin roluna xüsusi önəm verilmişdir. Azərbaycan alimləri artıq təkcə ölkədaxili problemlərin həlli ilə kifayətlənmir, qlobal elmi gündəmə də fəal qoşulur. Bunun bariz nümunəsi kimi, alimlərimizin beynəlxalq qrant layihələrində iştirakı, nüfuzlu elmi jurnallarda məqalələrinin artması, eləcə də AMEA-nın ilk dəfə beynəlxalq elm təşkilatlarında (məsələn, Beynəlxalq Elmi Şura və AASSA) təmsil olunması qeyd edilə bilər.
Sosial baxımdan: Bu dövrdə “bilik iqtisadiyyatı” konsepsiyasına uyğun olaraq elmin cəmiyyətdəki faydasını artırmaq məqsədilə startap inkubatorları, Yüksək Texnologiyalar Parkı kimi infrastruktur layihələri reallaşdırıldı, gənc ixtiraçılar və tədqiqatçılar dövlət tərəfindən təşviq edildi.
İdeoloji cəhətdən: Elmimiz dövlətçilik ideallarına sadiq qalaraq Qarabağ Zəfərinin tarixi-siyasi əhəmiyyətini, azərbaycançılıq məfkurəsinin elmi-nəzəri əsaslarını dərindən araşdırır və cəmiyyətə aşılayır.
Mədəni müstəvidə: Azərbaycanın mədəni irsinin dünyada təbliği üçün beynəlxalq simpoziumlar, “Nizami Gəncəvi İli” (2021) kimi böyük təşəbbüslər çərçivəsində aparılan araşdırmalar xalqımızın mənəvi dəyərlərinin qlobal mədəni kontekstdə tanınmasına xidmət edir. Akademik İsa Həbibbəylinin son bir ildə həyata keçirdiyi islahatlar isə elmin bu intibahını daha da sürətləndirmişdir–AMEA-nın bəzi elmi müəssisələrinin Elm və Təhsil Nazirliyi sisteminə inteqrasiyası və universitetlərlə birgə proqramların icrası, qalan institutlarda tədqiqat prioritetlərinin ölkənin yeni reallıqlarına uyğun yenidən qurulması buna misaldır.
Xüsusilə post-münaqişə dövrünün çağırışları (işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış və s.) üzrə elmi konsepsiyaların hazırlanması, “Qarabağın bərpasında innovasiyalar” kimi forumların təşkili göstərir ki, elmi ictimaiyyət dövlətin yeni dövr tələblərinə adekvat cavab verir. Ümumən, beşinci dövrdə Azərbaycan elminin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzu ciddi şəkildə artmış, elm cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
AMEA-nın yeddinci onilliyinin son bir neçə ilinin AR Eim və Təhsil Nazirliyi və onun elmi-tədqiqat və ali təhsil müəssisələri ilə birgə apardıqları tədqiqatları, həyata keçirdikləri tədbirləri Azərbaycanın müasir dünyanın narahatedici qlobal problemlərinin müzakirə müstəvisinə çevrilməsində ölkəmizin intellektual səviyyəsi ilə bağlılığını təsdiqləyən amil kimi göstərmək olar. Bu o deməkdir ki, ölkənin intellektual inkişaf səviyyəsi bu tipli məsələlərin müzakirəsinə, adekvat qərarların qəbuluna imkan yaradır.
Azərbaycan yalnız COP29-un keçirildiyi fiziki məkandan əlavə, həm də burada öz intellektual potensialı, elmi elitası, ideoloji trendləri ilə də yaxından iştirak edir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu nailiyyətlər, necə deyərlər, üç-beş günə əldə edilən uğurlar deyildir. Bugünkü güclü Azərbaycanın əsası hələ neçə onillər bundan öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Bu gün biz vaxtilə ulu öndər Heydər Əliyevin xüsusi uzaqgörənliklə müəyyənləşdirdiyi ideyaların, əsasını qoyduğu strateji hədəflərin necə reallaşdığının, həyata necə vəsiqə aldığının şahidi oluruq. Bu mənada obrazlı şəkildə belə ifadə edə bilərik ki, fiziki baxımdan, zaman etibarilə Heydər Əliyevdən uzaqlaşdıqca mənəvi və ideoloji olaraq ona bir o qədər yaxınlaşırıq. Ulu öndərin memarı olduğu Azrbaycanın uğur və nailiyyətləri, xüsusən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi qeyd edilənlərin əyani sübutdur.
COP29-da müzakirə olunan əsas məsələlərdən biri enerji istehsalı prosesinin iqlim dəyişikliyinə təsiri, iqlim dəyişikliyi şəraitində enerji təhlükəsizliyi məsələləridir. Bu da tamamilə təbiidir. Çünki bu gün bəşəriyyətin qarşılaşdığı ekoloji problemlərin bir çoxunun bəşəriyyətin enerji tələbatının ödənilməsi zərurətindən doğduğu, gələcəkdə bu tələbatın daha da artacağı hamıya bəllidir. Ona görə də COP29-da qlobal təhlükəsizliyi təmin edən enerji mənbələrindən istifadənin vacibliyi diqqətə çatdırıldı, qərarlar qəbul olundu və aidiyyəti sazişlər imzalandı.
Təqdirəlayiq haldır ki, artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş respublikamız iqtisadi inkişafının yeni prioritetlərini müəyyənləşdirmişdir. Bunun da əsasında dayanan ən mühüm amillərdən biri düzgün müəyyənləşdirilmiş enerji siyasətidir. Müasir reallıqlar şəraitində bu siyasətin əsasında isə bəşəriyyətin təbii ehtiyaclarını biosferin təbii imkanları ilə uyğunlaşdırmaq prinsipi dayanır. Belə yanaşma yalnız təbiət elmlərini deyil, təbiət elmləri ilə ictimai və humanitar elmlərin qarşılıqlı əlaqələrinin zəruriliyini ortaya qoyur.
Bəşəriyyətin tarixən yaratmış olduğu bir sıra sosial institutların, müxtəlif mədəniyyətlərin, mənəvi təlimlərin humanitar resursları indi əvvəlki dövrlərdə olduğundan daha çox səfərbərliyə cəlb edilir, onların mədəni energetik potensialından müasir yaşam meyarlarının tənzimlənməsi üçün müxtəlif humanitar alətlərlə istifadəyə daha intensiv və məqsədyönlü cəhdlər edilir. Məhz bunun təzahürüdür ki, dünya humanitar elitasını hər il Bakıya toplayan Azərbaycan bu proseslərdə öncül dövlətlərdən biri kimi fəal iştirak edir. Bakıda keçirilən COP29 bunun ən bariz nümunəsidir.
COP29-dan belə bir fəlsəfi qənaət hasil oldu ki, yaşıl sivilizasiya yaşıl təfəkkürdən doğmalıdır. Onu isə bütün planet miqyasında normativləşdirməyə məsul olan ictimai və humanitar elmlərdir. İndi dünyanın inkişaf etmiş ölkələrində irimiqyaslı texnoloji layihələr həyata keçirilərkən həmişə açıq ifadə edərək belə bir nəticəyə gəliblər ki, baş vermiş strateji problemlərin həlli sosial tədqiqatların rolunun əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.
İlk növbədə, fəlsəfənin rolu artmalıdır. Fəlsəfə müasir texniki elmlərin ayrı-ayrı istiqamətlərinə bilavasitə nüfuz edlir. Amerika alimləri texnoloji inkişafda sosial biliklərin iştirakını vacib hesab edirlər. Onların fikrincə, sosial elmlər texniki elmlərdə ekspert qismində çıxış etməlidilər. Avropa alimləri isə hesab edirlər ki, sosial elmlər texnoloji tərəqqidə əsas təsiredici amil kimi çıxış etməlidir. Bu proseslərdə sosial elmlər strateji rol oynamalıdır. Burada sosial elmlərin, xüsusilə fəlsəfənin texnoloji və elmi proseslərə nəzəri çərçivə verməsi ideyası təsdiqlənir.
Beləliklə, iqlim dəyişikliyi kontekstində bəşəriyyətin gələcək rifahı və firavanlığı bilavasitə bu sahədə optimal modellərin tapılmasından və tətbiqindən asılı olacaqdır. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən çoxistiqamətli tədbirlər, dövlətin bu sahəyə olan xüsusi diqqət və qayğısı onu deməyə əsas verir ki, Azərbaycan da bu proseslərdə dünyanın öncül dövlətlərindən biridir. Bu fikir, Azərbaycanın yalnız resurslarla deyil, həm də intellektual və normativ töhfələrlə iştirak etdiyini göstərir.
“AMEA və COP29”: Elm sferasında COP29 kimi qlobal miqyaslı bir tədbirdə fəal iştirak etməyimiz Azərbaycanın elm və diplomatiya sintezinin gücünü nümayiş etdirdi. Bu hadisə Azərbaycan alimlərinin iqlim dəyişikliyi və davamlı inkişaf problemlərinin həllinə real töhfə vermək iqtidarında olduğunu göstərdi. Belə nüfuzlu beynəlxalq platformada AMEA rəhbərliyinin–xüsusən, akademik İsa Həbibbəylinin fəal mövqeyi diqqət çəkir. O, öz geniş erudisiyası və strateji təfəkkürü ilə alimlərimizin dünya elminə inteqrasiyasını təşviq edərək elm diplomatiyasının əhəmiyyətini ön plana çıxardı. Artıq elmimiz qlobal problemlərin həllində müşahidəçi deyil, təşəbbüskar və icraçıdır. Bu isə həm dövlətin ideoloji xəttinə uyğundur (Azərbaycanın beynəlxalq arenada fəal rol oynaması), həm də cəmiyyətin elmə inamını daha da gücləndirən mühüm amildir.
Məqalədə AMEA-nın keçdiyi 80 illik tarixi yolun bir hissəsinin bəzi əlamətdar hadisələrinə toxunuldu və əldə edilən nailiyyətlərin bir qismi, qısa şəkildə də olsa, göstərildi. Bu retrospektiv baxış, Azərbaycan elminin tarixinə qısa ekskurs, ötən dövr ərzində akademik elmin təşkili üçün əsaslı bünövrənin qoyulduğunu nümayiş etdirdi.
80 il insan həyatı üçün müəyyən qədər çox sayılsa da, metaforik müqayisədə elmi inkişaf və tərəqqi baxımından bu, hələ başlanğıcdır: AMEA-nın misalında isə gözəl bir başlanğıcdır. AMEA və bütövlükdə, Azərbaycan elmi çağırışlar qarşısında, bugünkü reallıqlara uyğun düzgün, layiqli həllər təklif edə biləcək bir fəaliyyəti həyata keçirmək üçün hərtərəfi yenilənmə və islahatlar dövrünü yaşamaqdadır. Qeyd edilən fikri nəzərə aldıqda, həqiqətən, bizim akademiyanın yaşlı olmadığını qətiyyətlə deyə bilərik.
Bu xüsusda “525-ci qəzet”də (14 mart 2025-ci il) Xalq yazıçısı Anarın dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin gənclik illərinin portretinin yaradılmasının vacibliyi haqqında dediyi sözlərə nəzər salaq: “Məhəmməd Füzulinin ancaq yaşlı vaxtının rəsmləri var, ancaq Füzulini gənc yaşında da çəkmək lazımdır axı. Əgər “Tutuşdu qəm oduna şad gördügün könlüm, Müqəyyəd oldu ol azad gördügün könlüm” misraları yaşlı Füzulinin şeiri kimi normal qəbul edilir və çəkilmiş rəsmləri ilə uyğunluq təşkil edirsə, “Dəhənin dərdimə dərman dedilər cananın, Bildilər dərdimi, yoxdur dedilər dərmanın” beytini qoca kişi deməz, gənc Məhəmməd Füzuli deyər”.
Akademiyamızın keçmişi ilə birlikdə bugününün qiymətləndirilməsi ilə yanaşı, onun gələcəyinin əks etdirilməsi də məqsədəuyğun olardı. Deyə bilərik ki, Azərbaycan xalqının elmi və ictimai fikir tarixinin, ümumən, sosial-mədəni tərəqqisinin inkişafında əhəmiyyətli rolu olan akademiyanın da “gənclik portreti” onun parlaq gələcəyinin rəsmidir. Bu rəsmi çəkmək isə AMEA-nın ümumi fəaliyyətinin müasir dünyanın çağırışlarına, Azərbaycanda dövlət siyasətinin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji prioritetlərinə, Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsində müəyyən edilmiş yeni məqsəd, fəaliyyət istiqamətləri və vəzifələrə uyğunlaşdırılması yolu ilə mümkündür.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu hazırkı şəraitdə cənab Prezidentin xüsusi diqqət və qayğısı nəticəsində AMEA yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Hazırda özünün yeniləşmə dövrünü yaşayan Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının elm sahəsində müəyyən etdiyi vəzifələri həyata keçirmək istiqamətində genişmiqyaslı islahatlar apararaq, yenidən qurulur və inkişaf edir. Bu məqsədyönlü işlər gələcək inkişaf üçün əsaslı şəraitin formalaşmasına tam əminlik yaradır.
Dövlət başçısı İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” sərəncamında əksini tapan “Azərbaycan Respublikasının xalqımızın milli maraqlarını rəhbər tutaraq yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirməsi, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləməsi” haqqında bugünün çağırışına əsaslanaraq, eyni zamanda, COP29-da Prezident İlham Əliyevin öz çıxışında göstərdiyi kimi, “Azərbaycan artıq öz inkişafının yeni səviyyəsinə yüksələrək qlobal rəqabət mühitinin azsaylı əsas tərəflərindən birinə çevrilmişdir” tezisini nəzərə alan AMEA gələcək fəaliyyət strategiyasını müəyyənləşdirir.
AMEA-nın Ümumi Yığıncağının 20 fevral 2025-ci il tarixli 1/2 nömrəli qərarı ilə təsdiqlənən “AMEA-nın 2025–2030-cu illər üzrə İnkişaf Konsepsiyası və “Yol Xəritəsi”ndə “dünya elminin yeni çağırışlarına uyğun olaraq süni intellekt, rəqəmsal və ağıllı texnologiyaların humanitar və ictimai elm sahələrinə transformasiya edilməsi, ümumbəşəri dəyərlərin bərqərar edilməsi, qlobal problemlərin həlli istiqamətində tədqiqatların gücləndirilməsi ilə dünya elminə layiqli töhfələrin verilməsi – akademiyanın ümumbəşəri dəyərlərə xidmət edən elm mərkəzinə çevrilməsi” AMEA-nın əsəs prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir.
Ümumilli lider Heydər Əliyevin “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır” tezisi və Prezident İlham Əliyevin 18 mart 2025-cü il tarixli Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamı Azərbaycan Milli Elmlər Akademiyasının və onun üzvlərinin XX əsrin 55 və XXI əsrin 25 ilini əhatə edən fəaliyyətinə verilən tarixi bir qiymət olmaqla yanaşı, gələcəyə ünvanlanmış yeni bir yolun məqsəd və vəzifələrini müəyyənləşdirməyi qarşıya qoyan çağırış kimi də qəbul edilməlidir.