“Erməni soyqırımı”: uydurmalar və gerçəklər

post-img

Musa QASIMLI,
AMEA-nın müxbir üzvü, professor

əvvəli https://www.xalqqazeti.az/az/siyaset/222517-ermeni-soyqirimi-uydurmalar-ve-gercekler

110 illik yalanın, böhtanın mahiyyəti və hədəfi

Ermənilərlə çarizmin fikir ayrılığı

Rus ordusunun işğal etdiyi ərazilərdə ermənilərin yerləşdirilməsi məsələsində erməni təşkilatları, kilsəsi ilə rus hakimiyyət orqanları arasında ciddi fikir ayrılığı var idi. Ermənilərin həmin ərazilərdə yerləşmək arzusu komandanlığın etirazına səbəb oldu. Qafqaz ordusu komandanı general Nikolay Yudeniç 1915-ci il aprelin 5-də Qafqaz canişininə göndərdiyi 1482 №li məktubunda yazırdı ki, ermənilər türklərin və kürdlərin qoyub getdikləri ərazilərə yerləşdirilmələrini təklif edirlər. Bu təklifi qəbulolunmaz hesab edən general vurğulayırdı ki, çünki ermənilərin ələ keçirdikləri torpaqları müharibədən sonra geri almaq və bu ərazilərin onlara məxsus olmadığını sübut etmək çətin olacaqdır. N.Yudeniç yazırdı ki, buna misal olaraq 1877-1878-ci illər rus-türk müharibəsindən sonra ermənilərin ələ keçirdikləri əraziləri göstərmək olar.

Bütün bunları nəzərə alaraq o, sərhəd ərazilərində daha çox rus maraqlarına cavab verən üsulların həyata keçirilməsini, işğal edilmiş ərazilərdən türklərin və kürdlərin çıxarılmasını, Kuban və Dondan olan adamları, sərhədçi kazakları yerləşdirməyi təklif edirdi. Eyni zamanda qeyd edirdi ki, həmin ərazilərə adamların yerləşdirilməsinə müharibə sona çatdıqdan sonra başlamaq olar. Onun fikrincə, Ələşkird və Bəyazid əraziləri Rostov və Dondan gələnlərlə doldurulmalı idi. Burada fəhlə artelləri yaradıla və onlara silah da verilə bilərdi. Cavabında general N.Yudeniçlə razılaşan Qafqaz canişini bildirdi ki, erməniər işğal edilmiş ərazilərə erməniləri buraxmayan rus əsgərlərinə atəş açmışlar.

Bu hadisə bir daha göstərdi ki, ermənilər istənilən an Rusiyaya qarşı silah çevirə bilərlər.

Katolikosun İtaliya və ABŞ-a müraciəti

Çarizm erməni istəklərini məharətlə istismar etməyə başladı. Katolikos V Gevorq imperiya orqanlarının tövsiyəsi ilə İtaliya kralına və ABŞ prezidentinə müraciət etdi. 1915-ci il aprelin 7-də isə o, S.Sazonova və İ.Vorontsov-Daşkova teleqram göndərərək ermənilərin fəaliyyətlərini müdafiə etmələrini istədi. Qeyd etmək lazımdır ki, bu zaman türk hökuməti hələ təhlükəsizlik tədbirləri görməmişdi.

Qafqaz canişininin köməkçisi Mışlyayevski 1915-ci il 14/4 aprel tarixli 386 №li teleqramında S.Sazonova bu barədə məlumat verdi. S.Sazonov 1818 №li teleqramı ilə Rusiyanın Romadakı və Vaşinqtondakı səfirlərinə katolikosun müraciətini müdafiə etmək tapşırığını verdi. İ.Vorontsov-Daşkov da müvafiq tədbirləri gördüyünü bildirdi. Əvvəllər Osmanlıda diplomat olmuş, Erməni Xeyriyyə Cəmiyyətini qurmuş, müharibə başlayanda Osmanlıya xəyanət edərək Rusiya ilə əməkdaşlıq etmiş Poqos Nubar Paşa Misirdən katolikos V Gevorqa teleqram göndərərək Paris və Londona gedib həmin məsələ ilə məşğul olacağı barədə məlumat verdi.

Antanta ölkələri də “erməni məsələsi”ni yenidən gündəliyə gətirdilər. 1915-ci il aprelin 15-də ingilis parlamentində liberal deputat, Erməni-Britaniya komitəsinin sədri Vilyamın Ermənistanın gələcək taleyi barədə hökumətə verdiyi sorğuda yazılırdı: “Müharibə başa çatdıqdan sonra Böyük Britaniya hökuməti Kiçik Asiyanın bir hissəsində məskunlaşan erməni xalqına muxtariyyət verilməsi üçün tədbirlərə çalışırmı? Belə vədi rus hökuməti Polşaya vermişdi”.

Xarici İşlər Nazirliyinin katibi cavabında bildirdi ki, qoy Erməni-Britaniya komitəsinin hörmətli sədri arxayın olsun, Böyük Britaniya hökuməti Türkiyənin Asiya hissəsində yaşayan ermənilərin vəziyyətini izləyir və onların mənafelərini qoruyacaqdır, lakin indidən gələcəkdə hansısa tədbirlərin görüləcəyi barədə danışmaq çətindir.

Vanda qətliam

Aprel ayının ortalarında erməni elementi Vanda qiyam qaldıraraq çoxlu dinc türk və müsəlman əhalini qətlə yetirdi. O vaxta qədər ermənilərə loyal münasibət bəsləyən türk hökuməti tədbirlər almağa məcbur oldu. “A.O” imzalı müxbirin Vandan verdiyi və "Baku" qəzetinin 1915-ci il 29 aprel tarixli sayında çap edilmiş məlumatında yazılırdı ki, aprelə qədər ermənilərlə türklər arasında münasibət loyal idi. Lakin sonradan türklər və kürdlər erməniləri ruslarla əlaqəyə girməkdə və xəyanətkarlıqda təqsirləndirdilər. Vanda 10 mindən yuxarı erməni fərari gizlənmişdi, onlar rus ordusunun hücumunu gözləyir və bu ordunun tərəfinə keçməyə hazır idilər.

Qərargah İrəvana köçürülür

Rusiya hakimiyyəti 1915-ci il aprelin 12-15-də erməni dəstələrinin qərargahını Tiflisdən İrəvana köçürdü. Tiflisdə bu qərargahın yalnız bölməsi qaldı. Erməni “könüllü drujinaları”nın qərargahı İrəvan şəhərində Çarsk küçəsində Tatevosovun evi №48-də yerləşirdi. Qərargahın rəhbəri Abram və Qayk Gülxəndaryan qardaşları idi. Ona pivə zavodunun direktoru Artuş Avetov, Petros Karabaxski, Mıkırtıç, Movses, Vartkes, Şuşa qəza sakini Kostn Amayans daxil idilər. Qərargahda əsas sima Abram Gülxəndaryan idi. İqdırda erməni drujinalarının təşkili işinə Tiqran Devoyans rəhbərlik edirdi.

Osmanlı dövlətinin təhlükəsizlik tədbirləri

Bir neçə cəbhədə hərbi əməliyyatlar aparan Osmanlı dövlətini arxadan vuran erməni elementinin xəyanətkarlığı türk hökumətini təhülkəsizlik tədbirləri görməyə məcbur etdi. 1915-ci il aprelin 24-də erməni komitələrinin fəaliyyəti qadağan olundu. İstanbulda yaşayan 77 min 835 nəfər ermənidən Daşnaksütyun, Qnçak və Ramkavar partiyalarının 235, bütün ölkə üzrə isə təxminən 2 min 235 nəfər üzvü həbs edildi. Təhlükəsizlik tədbirlərinin alınmasına Almaniya hökumətinin də təsiri olmamış deyildi. Lakin bu barədə mətbuatda məlumat yayıldıqda Osmanlı hökuməti heç bir, hətta dostu və müttəfiqi olan heç bir ölkənin hər hansı bir formada onun daxili işlərinə qarışmasını inkar etdi.

Rusiya, İngiltərə və Fransanın bəyanatı

Erməni terror-siyasi təşkilatlarının istəklərinin diplomatik-siyasi səviyyədə müzakirəsini çar Rusiyası istiqamətləndirdi. S.Sazonov 1915-ci il 25/12 aprel tarixli 1876 №li teleqramında Parisdəki və Londondakı səfirlər Aleksandr İzvolskiyə və Aleksandr Benkendorfa ermənilərin əzişdirilməsində Osmanlı dövlətinin məsuliyyətinə dair Fransa və İngiltərədə birgə bəyanat verməyi və şəxsi məsuliyyəti türk mülki və hərbi şəxslərinin üzərinə qoymağı tövsiyə etdi. Əgər ingilis və fransız hökumələri razı olardısa, bəyanatın mətnini eyni gündə üç ölkədə çap etmək məqsədəuyğun sayıldı. A.İzvolski Fransanın xarici işlər naziri Teofil Delkasse ilə görüşdü. O, çar hökumətinin belə bir təklifini bəyəndi. Bununla bağlı olaraq A.İzvolski 1915-ci il 27/14 aprel tarixli 243 №li teleqramında yazırdı:

“Teofil Delkasse bu təklifi bəyəndi, bəyanatın mətnini hazırlamaq üçün London ilə əlaqə quracağına söz verdi.”

A.Benkendorf aprelin 30/17-də İngiltərənin xarici işlər naziri Edvard Qrey ilə görüşdü. Məsələyə münasibət bildirən E.Qrey katolikosun İtaliya və ABŞ hökumətlərinə müraciətinə cavabı gözləməyi tövsiyə etdi.

İmperiya hakimiyyəti ermənilər üzərində təsirlərinin arta biləcəyindən narahat olaraq belə bir bəyanatın İngiltərə və Fransa tərəfindən hazırlanmasını arzuolunan hesab etmirdi. S.Sazonov 1915-ci il 10 may/27 aprel tarixli 2155 №li teleqramı ilə A.İzvolskiyə və A.Benkerdorfa həmin bəyanatın mətnini göndərdi. Bəyanatda yazılırdı:

“Təxminən bir ay müddətində kürd və türk əhalisi Türkiyə hakimiyyətinin köməyi ilə erməniləri qırır. Xristianlığa və sivilizasiyaya qarşı bu yeni cinayətlər üçün məsuliyyət türk hökumətinin üzərinə düşür.”

S.D.Sazonov səfirlərə göndərdiyi 2156 №li teleqramında yazırdı ki, bu mətn razılaşdırılardısa, eyni gündə Paris, London və Petroqradda çap edilməli idi. Lakin T.Delkasse Fransanın himayəsində olan müsəlmanların hisslərini təhqir etməkdən çəkinərək “xristianlığa və sivilizasiyaya qarşı” ifadələrini "bəşəriyyətə və sivilizasiyaya qarşı” kimi yazılmasını təklif etdi. Rusiya həmin təklifin əleyhinə çıxmadı.

A.Benkendorf İngiltərənin xarici işlər nazirinin müavini Artur Nikolsonla da görüşdü. O, baş verən hadisələr barədə məlumatlarının olmadığını bildirdi. Görüşlər haqqında A.Benkendorf 12 may/29 aprel tarixli 333 №li teleqramında S.Sazonova yazırdı:

“Nikolsonun mövqeyinə görə, hadisələr barədə ingilis hökumətinin məlumatı yoxdur. Əgər fransız məlumatı təsdiq olunarsa, Türkiyə bu hadisələrdə sübut tapacaqdır ki, ermənilər açıq üsyana qalxmışlar.”

A.Nikolsona cavab olaraq A.Benkendorf belə söyləmişdi: “...görünür, qanlı təxribatdan başqa onların bir çıxış yolu qalmamışdır və iş türklər haqqında getdiyindən belə dəlillər fikrimizcə, hər cür əhəmiyyətini itirir. Belə bir bəyanatın verilməsi ermənilərin ruhunu yüksəldəcək və gələcəkdə lazım olacaqdır.” Bundan sonra A.Nikolson mövqeyində israr etməmişdi. Görüşlər barədə məlumatlarla tanış olan S.Sazonov 1915-ci il 15/12 may tarixli 2247 №li teleqramında A.Benkendorfa bildirdi:

“Sizin Nikolsona cavabınızı tamamilə bəyənirəm. Şübhə yoxdur ki, ermənilərin Vandakı üsyanına səbəb qırğın olmuşdur, əksinə, ona görə yox ki, bizim ordular gələnədək ermənilərin qüvvəcə üstün olan kürdlərə və türklərə qarşı hərəkəti başlamalarının mənası yox idi. Portoya (Osmanlı hökuməti nəzərdə tutulur – M.Q.) qarşı birgə bəyanatın eyni vaxtda elan edilməsini və istəyinizi, hətta əgər ona lazımi təsir etməsə də, akkreditə olunduğunuz hökumətə göstərməyinizi xahiş edirik, hər halda ermənilərin ruhunu yüksəldəcəkdir, bu, türklərə qarşı mübarizədə bizə sərfəli olacaqdır.”

S.Sazonov bu sözləri ilə, əslində, bəyanatların əsası olmadığını, Osmanlıya təsir etməyəcəyini etiraf edir, lakin ermənilərin ruhunu yüksəltmək adı altında onlardan vasitə kimi məharətlə istifadə edirdi.

1915-ci il 20/7 may tarixində S.Sazonov A.İzvolskiyə göndərdiyi 2324 №li teleqramında E.Qreyin “Türkiyədəki ermənilərin qırılmasına” dair Portoya edilən müraciətin mətnini bəyəndiyini bildirdi. A.Benkendorf xarici işlər naziri E.Qreyin Vanda baş verən hadisələrə və bəyanata münasibəti barədə S.Sazonova 1915-ci il 20/7 may tarixli 352 №li teleqramında yazdı. O, E.Qreyə bildirmişdi ki, Vanda üsyan faktı təsəvvür kimi deyil, şübhəsiz, qırğınlarla müşahidə olunub. A.Benkendorfun yazdığına görə, bundan sonra E.Qrey etiraz etməmişdi. Lakin E.Qrey türk hökumətinə üç dövlətin birgə müraciət etməsinin əleyhinə çıxaraq “Rusiyanın tək çıxış etməsi kifayət etməzmi” sualını verdikdə A.Benkendorf bu məsələnin Rusiya üçün həmişə açıq qalacağını, gələcəkdə həmin təklifin mümkün olacağını, lakin indiki halda üç dövlətin açıq şəkildə türklərin hərəkətlərini pisləməsinin ermənilər üçün mənəvi cəhətdən əhəmiyyətsiz olmayacağını söyləmişdi.

Beləliklə, guya türklərin və kürdlərin erməniləri əzişdirmələrinə, məsuliyyəti Portonun, bu hadisələrlə bağlılığı olan mülki və hərbi şəxslərin üzərinə qoyan əsassız bəyanat 1915-ci il mayın 24-də üç ölkənin paytaxtında verildi.

Daşnaksütyunun müraciətləri

Bundan sonra Daşnaksütyun Osmanlı əleyhinə fəaliyyətini daha da genişləndirdi. 1915-ci ildə Amerikada Daşnaksütyunun Mərkəzi Komitəsi ermənilərin təqib edilməsi ilə əlaqədar olaraq Amerika ermənilərinə müraciət edərək mənəvi və maddi yardım etməyə çağırdı.

Daşnaksütyunun xarici əlaqələr üzrə rəhbəri Yakov Zavriyev 1915-ci ilin may ayında Rusiyanın Londondakı və Parisdəki səfirləri A.Benkendorfa və A.İzvolskiyə göndərdiyi yaddaş qeydində müharibənin ilk günlərindən Rusiya ermənilərinin Türkiyənin müharibəyə qoşulmasını istədiklərini vurğuladı. O, ermənilərin “erməni məsələsi”nin gündəliyə qoyulacağına və qəti həll ediləcəyinə inandıqlarını, öz hesablarına və hökümətin bəzi maliyyələşdirilməsi ilə 5 min nəfərə çatan “könüllü dəstə” təşkil etdiklərini yazdı. Silah çatışmadığından dəstələrin sayının artırılmadığını qeyd edən Y.Zavriyev bu sayda “könüllünün” təşkil edilməsi ilə kifayətlənmək barədə Qafqaz canişininin əmr verdiyini qeyd etdi. Vurğuladı ki, bütün Rusiyada 1 milyon 700 min nəfər erməni yaşayır. O, “erməni məsələsi”nin həllindən ötrü Qafqaz canişini ilə tamamilə məxfi şəkildə əlaqələrin qurulduğunu da etiraf etdirdi. Y.Zavriyev qeydlərində ermənilərin istəkləri barədə də yazırdı ki, Türkiyə ərazisində muxtariyyət əsaslarında idarə olunan Ermənistan qurulmalı, yalnız general-qubernatorun sultan tərəfindən təsdiq edilməsində əks olunan Türkiyənin süverenliyi saxlanılmalı, Ermənistanın daxili işlərinə qarışılmamalı, orada türk ordusu saxlanılmamalı, Ermənistan üzərində Rusiya, İngiltərə və Fransanın protektoratlığı qurulmalı, Ermənistanın ərazisi 6 erməni vilayətini (əhalisi müstəsna olaraq müsəlman olan qərb və cənubun ucqar əyalətləri istisna olmaqla) Kilikiyanı Aralıq dənizində Mersin limanı olmaqla Yumurtalıqla birlikdə bütün İskəndərun körfəzini birləşdirməli idi.

Rusiya Xarici İşlər Nazirliyi ermənilərin layihəsini bəyənərək London və Parisdə də bu işə kömək edəcəyinə söz vermiş, müvafiq təlimatını bu ölkələrdəki səfirlərinə göndərmişdi. Eyni zamanda deyilmişdi ki, Rusiya səfirlərinin erməniləri açıq şəkildə müdafiə etməsi İngiltərə və Fransanın bu nümayəndələrin roluna, xüsusən Kilikiya məsələsinə münasibətdə şübhələr yarada bilər. Erməni nümayəndələri mümkün qədər Rusiya səfirlərinin görünən müdaxiləsi olmadan hərəkət etməli idilər. Onlar yalnız çətin anlarda məsələlərə qarışa bilərdilər.

Anadoluda yeni təhlükəsizlik tədbirləri

1915-ci il mayın 27-də türk hökuməti dövlət əleyhinə çıxan bütün ünsürlərin təhciri haqqında qərar verdi. Burada milli və dini fərq qoyulmurdu. Qiyam qaldıran və dinc əhalini kütləvi surətdə öldürən erməni elementi Van, Bitlis və Ərzurum vilayətlərindən ölkə daxilində təhlükəsiz və xarici müdaxilədən kənar ərazilərə, əsasən əlverişli torpaqları olan Mesopotamiya və Suriyaya yerləşdirildilər. Yaşayış yerləri dəyişdirilən şəxslərin mal və can təhlükəsizliyini təmin etməkdən ötrü jandarma qüvvələri və həkimlər ayrıldı. Müşayiət edən qüvvələrə erməniləri köçərilərin hücumlarından, kürdlərin və digər müsəlmanların qisas almalarından qorumağa dair göstəriş verildi. Hökumətin qurduğu komissiya onların əmlakının siyahısını çıxarıb auksionda ədalətli qiymətə satmalı idi. Ermənilərin evlərinə köçən şəxslər kirayəniş olaraq banka pul vəsaiti ödəyəcək, sahibləri geri döndükdə isə evləri boşaldaraq təhvil verəcəkdilər. Dövlət əleyhinə fəaliyyətləri olmayan ermənilər isə daimi yaşayış yerlərində qaldılar. Onların təxminən 400 min nəfəri islam dinini qəbul etdi.

Köçürülməyə reaksiyalar

Dövlətin əleyhinə qiyam qaldıran ermənilərin yaşayış yerlərinin dəyişdirilməsi haqqında əmr verildikdən bir gün sonra erməni silahlı dəstələri Van şəhərində müsəlman əhaliyə qarşı yeni kütləvi qırğınlar törətdilər. Burada ermənilərin Ararat bandası döyüşürdü. Dəstədə 3 batalyon var idi. 2800 nəfərdən ibarət olan bu batalyonların komandirləri Amazasp, Keri və Dro idilər. Onlar Van gölü yaxınlığındakı kəndləri tamamilə dağıtdılar. 200 min türkü və kürdü amansızlıqla öldürdülər. Xüsusən kürdlərdən heç kimə - uşağa, qocaya və qadına rəhm etməmək barədə əmr verildi. Erməni silahlı dəstə başçıları deyirdilər ki, kürdlərin ermənilərə vurduğu yaralar təsvir edilməlidir, kiçik uşaqlara, kişilərə və qadınlara vurduğu yaraları tibb lüğəti ifadə etməkdə acizdir. Bu qətliamdan sonra Vanda yalnız 1500 türk qaldı.

Hökumətin qanuni tədbirləri erməni mətbuatında və Avropa dairələrində hay-küyə səbəb oldu. Müharibə aparan Osmanlı dövlətini arxadan vuran ermənilərə hökumətin aldığı qanuni təhlükəsizlik tədbirləri ermənilər tərəfindən “böyük fəlakət” və “qırılma” kimi təbliğ edilməyə başlandı.

İstanbulun cavab notası

Rusiya və digər xarici ölkələrin mətbuatında dərc edilən, ermənilərin təqib edilməsi və edamı üçün məsuliyyəti türk hökumətinin üzvlərinin üzərinə qoyan 24 may tarixli bəyanat Osmanlıya ağır təsir etdi. Cavab olaraq 1915-ci ilin iyun ayında türk hökuməti “erməni qırğınları” ilə bağlı xarici mətbuatda gedən yazılarla əlaqədar olaraq nota verdi və onu Osmanlı dövlətinin bitərəf ölkələrdəki nümayəndələrinə göndərdi. Notada Rusiya, Böyük Britaniya və Fransa hökumətlərinin ittihamları rədd edilir, bu vəziyyət geniş inqilabi hərəkatla əlaqələndirilirdi.

Belə hərəkətlərin ilhamvericisinin xristian əhali, xüsusən ermənilərin olduğunun vurğulandığı notada yazılırdı ki, Ərzurum, Dersim, Tercan, Egin, Sasun, Bitlis, Muş və Kilikiya ermənilərinin türk hökumətindən şikayət etməsi üçün heç bir əsası yoxdur, çünki onlar ictimai qaydaya qarşı çıxmağa qadir deyillər və bunu bitərəf dövlətlərin konsulları yaxşı bilirlər. Notada daha sonra qeyd edilirdi ki, müharibənin başlanğıcından Bolqarıstanda və Rumıniyada olan rus və ingilis konsulları və agentləri Varna, Sulin və Konstansadan Qafqaza çoxsaylı gənc erməni qruplarını göndərdilər, onların qarşısına “Türkiyə Ermənistanı”na keçmək, orada işlərə qarışmaq, Türkiyənin ermənilər yaşayan daxili vilayətlərində üsyan qaldırmaq vəzifəsi qoyuldu. Bu məqsədlə Türkiyəyə göndərilən ermənilər böyük sayda silahlarla, bombalarla, proklamasiya və inqilabi proqramlarla təmin edildilər.

Onların bilavasitə vəzifəsi göstərilən vilayətlərdə inqilabi təşkilatlar qurmaq, lazımi anda əsasən Van, Şatak, Anassulya, Nedı və Kəmər əhalisini qiyama qaldırmaq, türk əhalisini qırmaq idi. Notada konkret misallar göstərilərək yazılırdı ki, Rusiya ilə Türkiyə arasında müharibə başlayan kimi keçmiş deputat Karegin Bastarmacyan Troen və Njdeninin bandalarına qoşuldu. Onları Rusiya silahlandırmışdı. Bəyazid rus ordusu tərəfindən işğal edildikdə K.Bastarmacyanın dəstəsi bütün türk kəndlərini dağıtdı və çoxlu türkü edam etdi.

Türklər Bəyazidi geri aldıqda isə K.Bastarmacyan yaralandı. Onun yanında Ərzurum komitəsinin üzvü, ölmüş Suren də var idi. Onun şəkillərini Amerikadakı erməni komitələrinin orqanı olan “Azbareft” dərc etdi. Notada qeyd edilirdi ki, bütün bunlar Türkiyədəki separatçı hərəkatın əvvəlcə gizli olan, ingilislər İskəndərun sahillərinə erməni dəstələrini çıxardıqda isə açıq forma alan tərəfi idi. İngilis-fransız komandanlığının Adana, Yumurtalıq və İskəndərun erməniləri ilə əlaqə quraraq onları qiyamlara təşviq etmələri notada yazılırdı. Qeyd edilirdi ki, 1915-ci ilin fevral ayından başlayaraq Zeytunda ermənilərin qiyamları dayanmadı.

Belə bir şəraitdə hökumət ictimai qaydanı bərpa etmək üçün tədbirlər almağa məcbur oldu. İnqilabi komitənin üzvləri həbs edildi. Ermənilərin axtarışı zamanı inqilabçıların rəhbərlərinin separatçı niyyətlərini üzə çıxaran minlərlə tüfəng və rus bombası aşkar edildi. Notada yazılırdı ki, sənədlər sübut edir, erməni inqilabi komitələri Paris, London və Tiflisdə toplantılarını keçirir, rus, fransız və ingilis hökumətlərindən müntəzəm olaraq dəstək alırlar.

Notada həyata keçirilən tədbirlər nəticəsində inqilabın yatırıldığı, İstanbulda yaşayan 77 min 835 nəfər ermənidən 235 nəfərinin həbs edildiyi vurğulanırdı. Yazılırdı ki, əgər bəzi ermənilərin yaşayış yerləri dəyişdirilmişdirsə, bu yalnız onların hərbi əməliyyatlar aparılan rayonlarda yaşadıqları və oralarda olmalarının vətənin sərbəst müdafiəsinə inam vermədiyi üçün edilib. Notada Antanta ölkələrində müsəlmanlar əleyhinə qəddarlıqların həyata keçirildiyi də vurğulanırdı.

Nota dövlət əleyhinə baş verən qanlı hadisələrdə xarici ölkələrin əlinin olduğunu bir daha sübut edir, erməni elementinin Antanta dövlətlərinin aləti olduğunu göstərirdi.

(ardı var)





Siyasət