Şuşa mədəni mühiti və Sadıqbəyovlar – Mamayevlər
Bu yazını çapa hazırlayarkən uzun illərdən bəri tanıdığım, Sadıqbəyovlar – Mamayevlər şəcərəsinin ziyalı davamçısı Tükəzban xanım Sadıqbəyova ilə yenidən söhbət etdik. Faktları, hadisələri, ötüb keçənlərin izlərini bir daha dəqiqləşdirdik.
Əvvəla, bildirək ki, Tükəzban xanıma bu ad ona təsadüfən verilməyib. Rəfiqəm babasının böyük qardaşı, XX əsr Azərbaycan ədəbi-mədəni və ictimai-siyasi tarixində yazıçı, dramaturq, pedaqoq, tərcüməçi, diplomat, dövlət xadimi kimi tanınmış Əbdürrəhim bəy Haqverdiyevin ömür-gün yoldaşı Tükəzban xanımın adını daşıyır. O, böyük şəcərənin dördüncü nəslini təmsil edir. Xanım-xatınlığı, təmkinli davranışı onun kübar bir ailədən gəldiyini xəbər verir.
Kökünə-soyuna bağlılığı, Şuşa sevgisi, dövrünün tanınmış ziyalısı olmuş ulu babası Həsənalı bəy Sadıqbəyovun maarifçi dünyagörüşlü olması Tükəzban xanımgilin ailəsini, nəcib bir nəsilə mənsub olduqlarını xalqa tanıtmaq haqqı verir. Qeyd edək ki, bu şəcərə, az da olsa, araşdırılıb. Ən dəqiq mənbələr isə rəhmətlik tədqiqatçı-etnoqraf alim Ənvər Çingizoğlunun vaxtilə “Soy” dərgisində nəşr etdiyi yazılardır.
Beləliklə, Tükəzban xanım və qardaşı Nəsimi bəyin, Sadıqbəyovlar və Mamayevlər ailəsinin həyatı, yaşadıqları dövr və Şuşanın mədəni həyatı barədə topladığım materialları “Xalq qəzeti”nin oxucularına təqdim edirəm.
Şuşanın tanınmış zadəgan soylu nəsillərindən olan Salah bəy Sadıqbəyovun ulu babası Hacı bəy olub. Onun oğlu Məhəmmədsadıq bəy 1788-ci ildə Şuşada dünyaya gəlib. O, mədrəsə təhsili almaqla bərabər, özünü yetişdirir, bir çox elmdən xəbərdar olub, dil öyrənib və İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət edib. Onun zadəganlığını Fətəli şah və Abbas Mirzə də təsdiqləyib.
Xan onun bilik və bacarığını, sədaqətini dəyərləndirərək oğlu Əhməd xana mühafizəçi göndərir. Əhməd xan isə Məhəmmədsadıq bəyi Nəmər kəndinə darğa təyin edir. Fatma xanımla ailə quran Məhəmmədsadıq bəyin Həsənalı bəy, Abbas bəy, Rza bəy adlı oğlanları, Səkinə və Balaxanım adlı qızları olur. Haqqında bəhs edəcəyimiz Sadıqbəyovlar soyadı Məhəmmədsadıq bəyin törəmələridir.
Məhəmmədsadıq bəyin oğlu Həsənalı bəy 1828-ci ildə Şuşada dünyaya gəlir. Molla yanında və mədrəsə təhsili aldıqdan sonra Şuşa qəza məktəbində rus dilini öyrənir. Əvvəlcə Qəza idarəsində kargüzar, kənd mirzəsi, sonra pristav olmuşdur. Daha sonra kollej qeydiyyatçısı çinini daşıyır. O, Hacı Əhməd bəyin qızı Hüsnücahan xanım Mamayeva ilə ailə qurur. Abbas bəy, Həmid bəy, Salah bəy və Zenalabdin bəy adlı oğlanları dünyaya gəlir.
Həsənalı bəyin nəvəsi Nəsimi bəy Sadıqbəyov mənimlə söhbətində bildirdi ki, babası Həmid bəyin babaları – Şuşanın Köçərli məhəlləsini, anası Hüsnücahan xanım Mamayevanın babaları isə Mamay məhəlləsini bina etmişlər. Belə ki, Mamayevlərin ulu babası Mamay bəy tarixən Gürcüstanın Dəmirçihəsənli nahiyəsində yaşayıb, orada heyvandarlıqla, əkinçiliklə məşğul olublar.
Qarabağ xanı Pənahəli xan Cavanşir Mamay bəyin oğlu Abdulla bəy Mamayı Qarabağa dəvət edir. O da xanın dəvətini qəbul edərək ailəsini götürüb Qarabağa köçür və Şuşanın mərkəzinə yaxın yerdə Mamayı məhəlləsini bina edir. Məhəllədə erməni vandalizmindən xilas olub qalan az sayda tarixi miraslar Mamayilərin adını daşıyır.
Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağ da təhsil tariximizin ən mühüm mərhələlərindən biridir. Hətta təhsilin inkişafı elə səviyyəyə gəlmişdi ki, qarabağlı maarifçilər Azərbaycanın əksər bölgələrində məktəb açmaqla məşğul olurdular. Gözünü açandan, ağlı kəsəndən məktəbə, mədrəsəyə, oradan da dünyəvi təhsil almaq üçün Rusiyaya, Peterburqa, İrana, İstanbula, Orta Asiyaya gedən şuşalı nəsillərdən biri də Sadıqbəyovlar və Mamayevlər idi.
Mamayı şəcərəsi hər nəsildə bir az da böyüyürdü. Özünü yetişdirib sosial həyatda irəliləyən Əhməd bəy, İbrahimxəlil qızı Fatı xanımla evlənir. Onların Məhəmməd bəy, Yusif bəy adlı oğlanları, Hüsnücahan, Tükəzban, Səltənət və Əzizə xanım adlı qızları dünyaya gəlir. Babasının adını daşıyan Məhəmmədi ailədə Məmo deyə çağırırlar. Şair təbli bu gənc yaşa dolduqca işıqlı dünyagörüşə sahib olur, yaradıcılıqla məşğul olur, Məmo təxəllüsü ilə şeirlər yazır, Xurşidbanu Natəvanın yaratdığı “Məclisi-üns” şairlər birliyinin üzvü olur. O, Rusiya, Orta Asiya, Türkiyə və İranı gəzmiş, eşidib gördüklərini qələmə alıb, “Səyahətnamə” əsərini yazmışdır.
Məmo bəy 1918-ci ildə Qarabağda baş vermiş erməni-müsəlman qırğınlarından öz şeirlərində belə bəhs etmişdi:
Rumdan Qafqaza üz qoydu axır daşnaqiyun,
Düşdü ortalığa aşübü bəla, fitnə cünun.
Bu qədər qanlara bais onlar oldu əknun,
O axan qan, o gedən canlara əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Tədqiqatlarda Mamo bəy Mamaynin həm də gözəl xəttat olduğu bildirilir. Onun 1847-ci ildə Şuşada tərtib etdiyi cüng – məcmuə indi də Əlyazmalar İnstitutunda saxlanılır. Cüngə Qarabağ şairlərindən Fatma xanım Kəminə, Əbdüssəməd bəy Aşiq, Məhəmmədəli bəy Məxfi, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab və başqalarının şeirləri daxildir.
Mamo bəy Əsəd bəy Haqverdiyevin qızı Xeyrənsə xanımla evlənir, yəni Haqverdiyevlərlə qohum olur. Onların Əhməd bəy, Fərman bəy, Hüseyn bəy, Xosrov bəy adlı oğlanları, Tükəzban (tədqiqatlara görə Tükəzban xanım Mamo bəyin birinci yoldaşından olan qızıdır) və Fatma adlı qızları olur.
1894-cü ildə Şuşada dünyaya gələn Mamo bəyin oğlu Hüseyn bəy əvvəlcə Şuşa Realnı Məktəbdə təhsil alır, sonra İrəvan gimnaziyasını bitirir və Moskvada ali təhsil alır. Ömrünün sonunadək Azərbaycanda çalışmış, kənd təsərrüfatı elmləri namizədi olmuşdur.
Böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyev övladı olmadığına görə dayısı oğlu Hüseyn bəyi övladı kimi saxlayıb böyüdür, ona təhsil verir. Hüseyn bəy uşaqlıqdan həvəskar aktyor idi, Əbdürrəhim bəyin əsərlərinin ilk tamaşalarında oynamışdır. Maarifçi və xeyirxah insan olan Hüseyn bəy Qarabağdan gəlib Bakıda və başqa yerlərdə oxuyan tələbələrə əl tutmuş, maddi yardım etmişdir.
Hacı Əhməd bəyin qızı Hüsnücahan xanım Şuşanın Mamayı məhəlləsində anadan olmuşdu. O, əvvəlcə Əsəd bəy Haqverdiyevlə ailə həyatı qurur. Bu nikahdan 1870-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev dünyaya gəlir. O, 3 yaşındaykən atası Əsəd bəy vəfat edir və bir neçə ildən sonra anası Hüsnücahan xanım ikinci dəfə Şuşanın görkəmli bəylərindən olan Həsənalı bəy Sadıqbəyovla ailə qurur.
Bu nikahdan isə Abbas bəy, Həmid bəy, Salah bəy, Zeynalabdin bəy adlı oğlanları və qızı Nabat xanım dünyaya gəlir. Onlar Əbdürrəhim bəyin anabir, ata ayrı qardaşları və bacısı idilər. Həsənalı bəy Əbdürrəhim bəyi öz övladlarından ayırmır, əksinə, onun dünyəvi təhsil alması, inkişaf etməsi üçün əlindən gələni edir.
Əbdürrəhim bəy – əsilzadəlik zirvəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi dövlət səviyyəsində qeyd olundu. Bu humanist addımı Azərbaycan ədəbiyyatına, həmçinin şəcərələrinə verilmiş yüksək dəyər kimi qiymətləndirən Sadıqbəyovlar – Mamayevlər ailəsinin üzvləri dövlət başçısına minnətdarlıq ediblər.
Əbdürrəhim bəy Haqverdiyevin qardaşı Zeynalabdin bəyin oğlanları – sonradan ana babalarının övladlığa götürdüyü və soyadını verdiyi Teymur və Saleh Novruz oğlu Hacıyevlər yüksək ədəbərkanı, xalqına, dilinə, mədəniyyətinə böyük təəssübkeşliyi və xidmətləri ilə əmisi Əbdürrəhim bəy Haqverdiyevə çox bənzəyiblər.
Bolşevizmin zülmündən qorunmaq məqsədilə Şuşadan Ağdama köçən ailəni qorumaq üçün yuxarıda qeyd etdiyimiz kimi, Novruz bəy Teymuru və Salehi övladlığa götürmüş, soyadını vermişdir. Çox əzab-əziyyətlə böyüyüb-başa çatan Teymur bəy Azərbaycan Sənaye Universitetinə (indiki ADNA) daxil olmuş, oranı fərqlənmə diplomu ilə bitirmiş, energetik ixtisasına yiyələnmişdir. 50 il Azərbaycan Dövlət Neft Akademiyasında üç nəslə dərs demiş, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki kimi aktiv fəaliyyət göstərib. Onun bir neçə layihəsi akademiyada tətbiq olunub. Teymur bəy 2012-ci ildə 86 yaşında Bakıda dünyasını dəyişmişdir.
Teymur bəyin qardaşı Saleh bəy 1921-ci ildə Şuşada zadəgan ailəsində anadan olub. Orta təhsilini Ağdamda bitirib. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin (indi BDU) kimya fakültəsinə daxil olub. 1942-ci ildə Ali məktəbin üçüncü kursunda oxuyarkən müharibəyə aparılıb. 3 il 2 aylıq əsgərlik müddətində Qafqazdan Şərqi Prussiyaya qədər döyüş yolu keçib. Müharibədən sonra universiteti qırmızı diplomla bitirib, sonra Xarici Dillər İnstitutuna daxil olaraq alman dili üzrə ali təhsil alıb. Aspirantura təhsilini isə yenidən kimya sahəsində alıb. Namizədlik elmi işində müdafiə etdiyi mövzu bir müddət sonra Elmlər Akademiayası tərəfindən ləğv edilib. Bundan sonra Saleh bəy elmdən uzaqlaşaraq, Neft daşlarında çalışıb. 3 il sonra yenidən fizika elmi sahəsinə qayıdıb. Fizika üzrə həm namizədlik, həm də doktorluq işini Moskva Dövlət Universitetində müdafiə edib.
Saleh bəy 20 il Sibirdə yaşayıb və işləyib. 1988-ci ildə Qarabağ hadisələri başlayanda təqaüdə çıxaraq, özünü bütünlüklə elmə və yaradıcılığa həsr edib. O, Kemerovo Universitetinin professoru və kafedra müdiri işləmiş, Almaniyanın Heydelberq Universitetində mühazirələr oxumuş, elmi əsərləri ABŞ-ın tanınmış jurnallarında çap olunmuşdur. “Ermənilik” və “Dünyanın taleyi” (8 cildlik) kitablarının müəllifidir.
Saleh bəy Qarabağlı Azərbaycanda yeganə şəxs idi ki, “Dünyanın taleyi” kitabına Roma papası rəy vermiş, ön söz yazmışdır. “Ermənilik” kitabı hazırda Vatikan kitabxanasının fondundadır. Bəzi mənbələrə görə, Saleh bəyin kitabları Oksford Universitetində dərslik kimi istifadə olunur.
Həsənalı bəy Sadıqbəyovun Hüsnücahan xanımla evliliyindən olan oğullarından biri Salah bəy Sadıqbəyov elmli, təhsilli, geniş dünyagörüşlü olmuş, Rusiyada və başqa ölkələrdə ali təhsil almışdır. 1881-ci ildə dünyaya gələn Salah bəy ibtidai təhsilini mollaxanada alsa da, sonra Şuşa Realnı Məktəbində davam etdirir. Salah bəy teatr, incəsənət pərəstişkarı idi. Anabir qardaşı Əbdürrəhim bəy Haqverdiyevlə bir çox tamaşaları səhnələşdirib, özləri də tamaşalarda çıxış etmişlər.
Əbdürrəhim bəy 1910-ci ildə Bakıya gələndə artıq onun teatr təcrübəsi var idi. Ona görə özünün təşəbbüsü ilə Bakıda “Müsəlman dram artistləri dəstəsi” yaradır. Bu dəstəyə Cahangir Zeynalov, Murad Muradov, Salah bəy Sadıqbəyov, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Səməd Mənsur, Mehdi bəy Hacınski kimi ziyalılar daxil olur. Görkəmli dramaturq Nəcəf bəy Vəzirov bu teatr dəstəsi ilə tanış olur, yaradıcılıq əlaqələri saxlayır, əsərlərini tamaşaya qoyurdu.
Səidə xanım, Tükəzban xanım, Xəqani bəy, mərhum Rizvanə xanım, Vaqif bəy, Əbdürrəhim bəy, Almaniyada yaşayan Nəsimi bəy Sadıqbəyovlar Əbdürrəhim bəy Haqverdiyevin anası Hüsnücahan xanımın Həsənalı bəy Sadıqbəyovdan olan övladlarından Həmid bəyin nəvələridir. Əbdürrəhim bəyin oğlu, ulu babasının adını daşıyan Həmid Sadıqbəyov hazırda Almaniyada ali təhsil alır. Ümumiyyətlə, Həsənalı bəyin nəticə və kötükcələri Amerika və Avropanın müxtəlif ölkələrində yaşayır və təhsil alırlar.
Vaxtilə Bakı şəhər 99 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rizvanə Sadıqbəyova sağlığında ailə şəcərəsinin araşdırılması və təbliğ olunması üçün xeyli axtarışlar etmiş, mətbuatla əlaqə saxlamış, etnoqraflarla görüşmüş, ara-sıra öz yazılarını da dərc etdirmişdir.
Rizvanə xanımın 22 dekabr 2015-ci ildə mətbuatda dərc olunan məqaləsindən: “...Salah Sadıqbəyov Şuşada bəylərdən biri ilə dalaşır və onu öldürür. Buna görə Sibirə sürgün olunur. Qardaşı Abbas Salahı tək buraxmır və onunla Sibirə gedir. Əbdürrəhim bəyin məsləhətilə Abbas bəy çarın anasına ərizə ilə müraciət edir. Bundan sonra qardaşların sürgün cəzası müharibədə iştirakla əvəzlənir (böyük ehtimal ki, Birinci Dünya müharibəsi qeyd olunur).
Abbas bəy müharibədə göstərdiyi igidliyə görə çarın mükafatına layiq görülür, Peterburqa, saraya dəvət olunur. Saraydakı ziyafətdə çarın əmisi qızı Donya Abbas bəyə vurulur və onlar evlənir, bir neçə ildən sonra Şuşaya gəlirlər. Bəzi qaynaqlarda deyilir ki, Donyanın cehizini Yevlaxdan Şuşaya 50-yə qədər fayton daşıyır. Hüsnücahan xanım rus gəlini qəbul etsə də, adını dəyişdirib Dünya qoyur və ona islamı qəbul etdirir.
Təəssüf ki, bu evlilikdən onların övladı olmur və ailə həyatları faciəli şəkildə sonlanır. 1921-ci ildə ermənilər qəflətən Muğanlı kəndinə soxulub camaata divan tutanda, Dünya xanım da öldürülür. Azərbaycan Xalq Cümhuriyyətinin təəssübkeşi kimi və hərb sənətinə bələd olduğu üçün Məhəmməd Əmin Rəsulzadə, Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski ilə dostluq və əməkdaşlıq edən Abbas bəy 1921-ci ildə Gəncə iğtişaşlarında öldürülüb və qəbri Gəncədədir.
Rizvanə xanım Əbdürrəhim bəy Haqverdiyevin də ailə qurmasından belə bəhs etmişdir: “Həsənalı bəy qızını qaynı oğlu Mamo bəy Mamoyevə ərə verir. Qadın dünyasını dəyişmiş, ondan Tükəzban adında bir qızı – Əbdürrəhim bəyin dayısı qızı qalmışdı. Hüsnücahan xanım qardaşının birinci yoldaşından olan qızı Tükəzbanı oğlu Əbdürrəhim bəylə evləndirir. Bu izdivacdan onların övladı olmur, ikinci dəfə ailə qursa da, yenə də övladı olmur. Atam Zülfüqar bəy Əbdürrəhim bəy əmisinə hörmət əlaməti olaraq, oğluna – qardaşıma Əbdürrəhim bəyin, qızına – bacıma isə yoldaşı Tükəzban xanımın adını vermişdir”.
XIX əsrin 70-ci illərində – Əbdürrəhim bəy lap körpə ikən atası Əsəd bəy yaxın qohumu Həsənalı bəylə Şuşa qəzasının Muğanlı kəndində (Ağdam rayonunun Muğanlı kəndi) su dəyirmanı tikdirirlər. Qarqarçayın bir qolu Muğanlı kəndinin ortasından keçir, kəndi iki yerə ayırırdı. Kənd camaatı onu Xatın arxı adlandırırdı. Həsənalı bəy və Əsəd bəy Xatınarxın qolları üstündə, kəndin yuxarı başında və insanların rahat gəlib-gedə biləcəyi daha iki yerdə 3 su dəyirmanı tikdirirlər.
Əsəd bəy dəyirmanın birini yeni doğulmuş oğlu Əbdürrəhim bəyin adına tikdirir. O vaxtdan ta XX əsrin ortalarına qədər həmin yer Əsəd bəyin dəyirmanı adlanırmış, həm də bir coğrafi göstərici olmuşdur. Muğanlı, Şıxbabalı, Qaradağlı, Qasımlı və digər kəndlərin əhalisi artıq uzaq yollar qət etmədən arpasını, buğdasını burada üyüdür, bəylərin xeyirxahlıqlarına görə onlara dua edir, adlarını hörmətlə çəkirdilər. Dəyirmanlar ötən əsrin 70-ci illərinə qədər fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin devrildiyi, Şura hökumətinin yarandığı, yəni bolşevizmin işğalından sonra bütün varidatı əlindən alınmış Sadıqbəyovlar –Mamayevlər Şuşanı tərk edib Muğanlıda məskunlaşır. Həmid bəyin 2 oğlu – Həsənalı bəy və Zülfüqar bəy, qızı Rəna xanım Muğanlıda böyüyürlər.
Qeyd edildiyi kimi, var-yoxu işğal edilmiş Sadıqbəyovların Muğanlıdakı dəyirmanlarına da əl qoyulur. Vəziyyəti görən Əbdürrəhim bəy Haqverdiyev Ağdama gedir, rayon rəhbərindən, dəyirmanın işlədilməsini onlara verməyi xahiş edir və sözü yerə salınmır. Bundan sonra dəyirmanların idarəçiliyi varislərə qaytarılır. Yoxsullaşmalarına baxmayaraq, kəndlilər bu nəcib ailənin üzvlərinə rəğbətlə yanaşırdı.
Həmid bəyin yoldaşı müasir dünyagörüşlü olmuş Nənəş xanımın kəndlilərə, xüsusilə qadınlara qarşı mərhəməti, onlara yardım etməsi hələ də el ağzında danışılır, hörmətlə yad olunur. Dəfələrlə kənd camaatı çox hörmət etdiyi bəy ailəsini öz evində gizlədərək bolşevizmin hücumlarından qorumuşlar.
Ağdamın işğalına qədər Xatınarx gur suları ilə axır, dəyirmanlar fəaliyyət göstərməsə də bir şəcərənin mirası, xalqın maddi-mədəniyyət abidəsi kimi qorunurdu. Lakin 30 illik işğal zamanında bu irs ermənilər tərəfindən dağıdılıb, arxın dərin yatağı torpaqla doldurulub. İşğaldan sonra ata-babalarının yadigarı olan yerləri görməyə gedən Nəsimi bəy, Xəqani bəy, Tükəzban xanım və şəcərənin digər üzvləri mətbuata və televiziyaya dağıdılmış yurdlarından, dəyirmanlarından, bulaqlarından ürək ağrısı ilə bəhs etmişlər.
Ömrünün ixtiyar çağını Gəncədə yaşayan Həsənalı bəyin qızı Səidə xanım Sadıqbəyova babalarından qürurla danışsa da, erməni vandallarının ata yurdunda törətdikləri vəhşiliklərindən ürək ağrısı ilə danışdı: “Şuşanın Köçərli və Mamayi məhəllələrindəki mülkləri XX əsrin 20-ci illərində Şura hökuməti tərəfindən ata-babalarımın əlindən alındıqdan sonra uzun illər kombinat, pedaqoji texnikum və digər ictimai bina kimi istifadə olunub. Lakin işğal dövründə ermənilər tərəfindən çoxu dağıdılıb”.
Əbdürrəhim bəyin qardaşı nəvəsi, 20 ildən çoxdur Almaniyada yaşayan və 2022-ci ilin avqustunda Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə Şuşada ata-baba yurdu Köçərli və Mamayı məhəlləsində sönmüş, lakin qığılcam saçan yurdunu ziyarət etmiş Nəsimi Sadıqbəyov “Vətən uzaqda deyil” verilişinə müsahibəsində bu mövzulardan bəhs etmişdir.
Birinci Qarabağ müharibəsi veteranı, uzun illər polis orqanlarında xidmət etmiş, ehtiyatda olan polis zabiti Xaqani Sadıqbəyov yaşlı nəslin nümayəndələrinin ata-babaları haqqında hörmətlə danışdıqlarından qürurla bəhs etdi. Dedi ki, bütün həyatım və əmək fəaliyyətim boyu mənsub olduğum zati-ailəyə layiq yaşamağa və işləməyə çalışmışam.
Söhbətimizin sonunda ailə üzvləri bir arzularını da dilə gətirdilər: “Şuşanın Köçərli, yaxud Mamayı məhəlləsində çox da böyük olmayan bir ərazidə zamanında hər iki məhəlləni bina etmiş babalarımızın əziz xatirəsinə muzey yaradılsın və orada şəcərəmizə mənsub irs toplansın”.
Bu arzunun gerçəkləşməsi Azərbaycan xalqına Əbdürrəhim bəy Haqverdiyev kimi çox dəyərli bir oğul bəxş etmiş, Şuşanın mədəni həyatında və ölkəmizin sivil inkişafında önəmli rol oynamış bu nəslin timsalında tarixi keçmişimizin daha bir öyünclü səhifəsinin örnək olaraq qorunub yaşadılması olardı.
Əminə YUSİFQIZI,
Əməkdar jurnalist



