İnsan proqresdən daha qiymətli olduğunda

post-img

Professor Nigar Carullaoğlunun yeni kitabı inersiya ilə yaşamağa izn vermir

Dünya elə bir sürətlə inkişaf edir ki, insan yalnız özünü deyil, oriyentasiyasını, hara gedəcəyini belə anlamaqda çətinlik şəkir. Siyasi ixtilaf, rəqəmsal reallıq, fasiləsiz qloballaşma, mənaların  sərt suallarını irəli sürür; bu gün insan kimdir - tarixin subyektimi, yoxsa sistemin xidməti funksiyasımı.

Fəlsəfə elmləri doktoru, professor Nigar Cərullaoğlunun 2025 ci ildə Türkiyə yazarı Həsən Hüseyin Yıldız tərəfindən redəktə olunmuş və İstanbulda işıq üzü görən “Doğuda və Batıda insan və şəxsiyyət” adlı yeni kitabı irəli sürülmüş sorulara sadələşdirilmiş və fikirlərə sürətlə cavab verən əsərlərdən deyil, bu kitab - günümüzə intellektual cəsarətlə meydan oxuyan, nadir bir jestlə  diqqəti məhz bu ağrılı nöqtəyə cəlb edən elmi əsərlərdəndir.

Əsərin faktoqrafik (faktolojı) yükümlüyü müəllifin fundamental elmi bioqrafiyasına söykənir.  Təhsilini Üz. Hacıbəyli adina Azərbaycan Dövlət Konservatoriyasının  musiqinin tarıxi və nəzəriyyəsi  fakultəsindən başlayan  Nigar xanım, yolunu M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə kafedrasında aspirant olmaqla davam edir və “Hofmanın musiqi estetikası” doktorluq dissertasiyasının müdafiəsı ilə bitirir.  Məhz bu elmi işi və Postdoktorantura dönəmində şəxsiyyət anlayışının  daha geniş, tarixin dönəmlərinə əsaslanaraq fəlsəfi- ədəbi yöndən araşdırdığı tədqiqatları onu beynəlxalq akademik mühitə daxil edir, fikirlərində humanitar dərinlik və interdissiplinar düşüncə tərzini  formalaşdırır. 

Bu gün elmi pedaqoji fəaliyyətini Türkiyənin Erciyəz Universitetində davam etdirən professor Nigar Cərullaoğlu üçün fəlsəfə reallıqdan qaçış deyil, onu anlamaq vasitəsidir.  

Səmimi etiraf edim ki, bir nəfəsə oxuduğum “Doğuda və Batıda insan və şəxsiyyət” kitabı eyni zamanda  həm həyacan verıcı, həm də tələbkardır. O nə sakitləşdirir, nə də hazır reseptlər təklif edir. Əksinə sürətli dünyamızda dayanmağı və gələcəyimizə yönəlik suallar verməyi tələb edir: insan şəxsiyyətin ləyaqətini qoruya biləcəkmi və bu ləyaqəti qorumaq üçün nəyi gurban verməyə hazırdır.

Bu elmi monoqrafiya dar disiplinlər çərçivəsinə tabe olmaqdan imtina edir və insan haqqında söhbəti onun layiq olduğu yerə - böyük mədəniyyətin, tarixin, ictimai özünüdərkin məkanına qaytarir. Kitab genişmiqyaslı fəlsəfi xəritə kimi qurulub: burada Şərq və Qərb qarşıdurmadan uzaqdır. Onların hər ikisi şəxsiyyətin təbiəti,  ləyaqətinin məğzi  və onun dünya qarşısında tələbkarlığı haqqında uzun, mürəkkəb və səmimi dialoqa girir.

Nigar xanım son dərəcə mürəkkəb və dərin bir materialın üzərində işləyib:  Şumer miflərindən, Misir mətinlərindən, Zərdüştlük təsvirlərinə qədər, Şərgin etik seçimlərindən keçərək sufiliyin və hürufiliyin antropologiyasına qədər, klassik Avropa fəlsəfəsi və Alman idealizmindən XX yüzilin şəxsiyyət konsepsiyasına qədər uzun bir yol fəth edib. Bu, hər bir dönəmin vahid süjetə daxil edildiyi nəhəng bir tarixi- mədəni irsdir:  insan kimdir və onu, funksiya və bioloji varlık deyil, şəxsiyyət edən nədir. Bəşəriyyət bu soruların cavabını addım addım necə dərk edib.

Əsərin kilid intriqası insan haqqında bütöv, vahid bir baxışa dönüşdür. Müəllif  ardicilliqla göstərir ki, şəxsiyyət nə vakuumda formalaşır, nə də psixoloji formula və ya sosial rola endirilə bilir. O etik dəyərlərin, mədəniyyət və incəsənətin, inancın, təhsil və quruluşun kəsişdiyi nöqtədə yaranır. Bu mənada kitab demək olar ki polemik səslənir: rəqəmsallaşma, həyatın sürətlənməsi və daxili təcrübənin dəyərdən düşməsi fonunda Nigar Carullaoğlu israrla bildirir ki, fəlsəfi əsas olmadan  insan haqqında söhbət səthi və təhlükəli dərəcədə sadələşmiş olur.

 Əsərdə Şərqə xüsusi diqqət yetirilir - ekzotik “başqası” kimi deyil, müstəqil fəlsəfi ümman kimi. Müəllif avrosentrik stereotipləri dağıdaraq göstərir ki, Şərq ənənəsində şəxsiyyət, onun mənəvi məsuliyyəti və ruhani inkişaf haqqında təsəvvürləri Gərb düşüncəsindən heç də daha az mürəkkəb və daha az yetkin olmamışdır. Gədim Türk etik normlarından və İslam fəlsəfəsindən tutmuş Azərbaycan intellektual ənənəsinə qədər bütün bu qatlar məntiqi sistemə salınmışdır. Burada şəxsiyyət daxili özünüdərkin və mənəvi seçimin nəticəsi olaraq çıxış edir.

 Tədqiqatın Qərb bölümü də yükümlüdür: Antik Fəlsəfə, Renessans, Alman klassikası, Maarifçilik dövrü, Romantizm, XX əsr fəlsəfəsi fərdı azadlıqla ictimai borc arasında tarazlıq axtarışının gərgin mərhələləri kimi təqdim olunur. Nigar xanım inandırıcı şəkildə göstərir ki, şəxsiyyət ideyası siyasi rejimlər, sosial transformasiyalar və mədəni böhranlarla bilrlikdə necə dəyişib və bu təcrübə nədən bu gün yenidən həyati əhəmiyyət kəsb edir. Fundamental və akademik dəqiqliyinə baxmayaraq mətn intellektual səyahət kimi oxunur. Müəllif oxucunu miflər, fəlsəfi konsepsiyalar tarixi nümunələr arasından keçirərək daim müasirliyə - bəşərə, tərbiyəyə, mədəni yaddaşa və sürətli dıyişikliklər dünyasında gələcəyin insanı fenomeninə qaytarır.

Bu monoqrafiya fəlsəfənin ictimai funksiyasını bərpa etmək cəhdidir; İnsana özünü, zəmanəsini və məsuliyyətini dərk etməyə kömək etmək çabasıdır. Kitab yalnız mütəxəssislərə deyil, texnoloji tərəqqi və sosial transformasiyaların arxasında daha dərin və narahat bir sualın dayandığını hiss edən geniş oxucu auditoriyasına ünvanlanıb: bız kimə çevrilirik və XXİ əsrdə şəxsiyyət olaraq qalmaq nə deməkdir?

Əsərin metodologıyası haqqında da ayrıca söz açmaq yerınə düşərdi. Müəllif fəlsəfi analizi ədəbiyyat, mifologiya, incəsənət və dövrlərin sosiomədəni reallığı ilə üzvü şəkildə birləşdirir. Şəxsiyyət burada qeyri mücərrəd, abstrakt kateqoriya deyil, tərbiyənin, mədəni mühitin, tarixi kontekstin və daxili mənəvi seçimin nəticəsi olan dinamik proses kimi təqdim olunur. Bu yanaşma kitabı filosoflar və kulturoloqlarla yanaşı pedaqoqlar, sosioloqlar, jurnalistlər və ictimai məkanda insan mövzusu ilə çalışan hər bir kəs üçün dəyərli edir.

Əsərdə Nigar Cərullaoğlunun önəmli xidmətlərindən biri də son dərəcə mürəkkəb mövzunu sadələşdirmədən populyarlaşdırmasıdır. Müəllif nadir tarazılığa nail olur. O, fəlsəfənin ən son hədd sayılan problemləri haqqında geniş əhatəli savadlı auditoriya ilə fikirlərinin dərinliyini və dəqiqliyini qoruyaraq anlaşılan dildə danışır.

Nəticə etibarilə, müəllif buna iddia etməsə də, kitab akademik tədqiqatdan daha böyük məna qazanır. Bu, şəxsiyyətin itirilmiş miqyasını qaytaran humanitar bir manifestdir. Sürətlənmə, texnoloji illyuziyalar və mənalar böhranı dünyasında professor Nigar Carullaoğlunun elmi işi sadə, lakin tez-tez unudulan bir həqiqəti xatırladır: cəmiyyətlərin gələcəyi alqoritmlə və bazarlarla deyil, insanın keyfiyyəti ilə - ilk növbədə onun daxili mədəniyyəti, mənəvi seçimi və başqaları qarşısında göstərdiyi məsuliyyəti  ilə müəyyən olunur. 

Professor Nigar Carulla oğlunun əsas xidməti məhz bundadır: şəxsiyyət anlayışının tarixini araşdıraraq, o bu anlayışı yenidən aktual intellektual dövriyyəyə qaytarır və insan haqqında söhbəti yenidən bütün varlığın mərkəzinə yerləşdirir.

 

Əbülfəz Babazadə

kulturoloq-yaponşünas,

Azərbaycan Jurnalistlər birliyinin üzvü

“Simurq” AMA-nın vitse-prezidenti

 

 

Mədəniyyət