Argentina sahillərində avtobus ölçüsündə nəhəng meduza görüntülənib - VİDEO

post-img

Alimlər Argentina sahillərində nadir tapıntıya imza atıblar: Stygiomedusa gigantea növünə aid nəhəng meduza sualtı kamera ilə lentə alınıb. Görüntülər Buenos-Ayresdən Odlu Torpaq (Tierra del Fuego) arxipelaqına doğru hərəkət edən "Falkor" tədqiqat gəmisi vasitəsilə, təxminən 250 metr dərinlikdə qeydə alınıb.

Şmidt Okean İnstitutunun mütəxəssisləri bildirirlər ki, ölçülərinə görə kiçik bir avtobusu xatırladan bu meduzanın qollarının (çıxıntılarının) uzunluğu 10 metrə çatır. Bu ölçüdə meduzalara təbiətdə çox nadir hallarda rast gəlinir, çünki okean dərinliklərinin böyük hissəsi hələ də insan övladı üçün sirr olaraq qalır. Ekspedisiya təkcə bu heyranedici görüntülərlə kifayətlənməyib, tədqiqatçılar, həmçinin bir neçə mərcan rifi və qurdlar, ilbizlər, dəniz anemonları da daxil olmaqla 28 yeni növ aşkar ediblər.

Buenos-Ayres Universitetinin professoru və ekspedisiyanın rəhbəri Mariya Emiliya Bravo komandanın bu qədər yüksək biomüxtəlifliklə qarşılaşacağını gözləmədiyini və bu kəşfin elmi baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

S.ELAY

XQ


Maraqlı