Azərbaycan karateçiləri Kiprdə keçirilən çempionatda 6 medal qazanıblar

post-img

Azərbaycan karateçiləri Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyində 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Azərbaycan Karate Federasiyasının idman karatesi üzrə yeniyetmə və gənclərdən ibarət komandasının baş məşqçisi Anar Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib ki, fevralın 8-də finalda mübarizə aparan gənc idmançılarımızdan Elməddin Məlikov (68 kq) qələbə qazanaraq birinci yerə yüksəlib və Azərbaycan bayrağını başı üzərinə qaldırıb.

Digər idmançımız Vüsal Qənbərov (55 kq) isə gümüş medal qazanıb.

Qeyd edək ki, yarışda 50-yə yaxın ölkədən 1500 idmançı iştirak edib. Azərbaycan bu çempionatda 27 idmançı ilə təmsil olunub.

Azərbaycan yığmasının gənclərdən ibarət komandasının üzvü Salman Salmanov kata üzrə, digər idmançılarımızdan - 66 kq çəki dərəcəsində mübarizə aparan Cansu Əhmədzadə, 61 kq çəkidə Rəvan Abasov, 60 kq çəki dərəcəsində isə Aslan Dostuyev 3-cü yerə çıxaraq bürünc medal qazanıblar.

İdman