Yaponiyada aşağı palataya keçirilən seçkilər ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) 465 yerdən 316-nı qazanması təkcə seçki qələbəsi deyil, eyni zamanda, siyasi sistem daxilində güc balansının kəskin şəkildə dəyişməsi deməkdir. Bu nəticə LDP-nin 1955-ci ildə təsis olunmasından bəri əldə etdiyi ən yüksək göstəricidir və 1986-cı ildə Yasuhiro Nakasonenin dövründə qeydə alınmış rekordu geridə qoyur.
Seçkilərin əsas siyasi nəticələrindən biri Takaiçinin şəxsi liderlik faktorunun ön plana çıxmasıdır. Seçkilərdən əvvəl LDP-nin cəmi 198 yerə sahib olduğu nəzərə alınsa, partiyanın qısa müddətdə bu qədər ciddi sıçrayış etməsi ictimai rəyin məhz baş nazirin mühafizəkar və milli maraqlara fokuslanan siyasi xəttinə yönəldiyini göstərir. Kyodo agentliyinin də vurğuladığı kimi, bu qələbə Takaiçiyə siyasi platformasını daha sərt və ardıcıl şəkildə həyata keçirmək üçün geniş manevr imkanları yaradır.
Parlamentin aşağı palatasında üçdə iki baryerinin aşılması, daha dəqiq desək, 310 yerin qazanılması institusional baxımdan həlledici məqamdır. Bu üstünlük LDP-yə Konstitusiyaya dəyişikliklər təşəbbüsünü irəli sürmək və ya mühüm qanun layihələrini yuxarı palatanın mümkün müqavimətinə baxmayaraq qəbul etdirmək imkanı verir. Yəni, Yaponiya yaxın illərdə uzun müddətdir müzakirə mövzusu olan konstitusion islahatlar, xüsusilə də özünümüdafiə qüvvələrinin statusu ilə bağlı dəyişikliklər istiqamətində real addımlar ata bilər.
Müxalifət üçün isə bu seçkilər ciddi siyasi geriləmə ilə yadda qaldı. Komeito və Konstitusiya Demokrat Partiyasının daxil olduğu müxalifət alyansının 100-dən çox yer itirməsi, parlamentdəki təsir imkanlarını minimuma endirdi. Əgər seçkilərdən əvvəl müxalifət 172 yerlə müəyyən balans yarada bilirdisə, indi cəmi 49 yerlə faktiki olaraq siyasi proseslərə təsir gücünü itirdi. Bu vəziyyət Yaponiya siyasətində “dominant partiya modeli”nin yenidən güclənməsindən xəbər verir.
Takaiçinin seçkilərdən sonra kabinetdə struktur dəyişikliyinə getməməsi də siyasi sabitlik mesajı kimi oxunur. Baş nazirin “nazirlər etibar etdiyim insanlardır” açıqlaması, yaxın dövrdə siyasi kursun dəyişməyəcəyini və hökumətin islahatları mövcud komanda ilə sürətləndirməyi planlaşdırdığını göstərir.
Regional kontekstdə isə bu seçki nəticələri Yaponiya–Asiya təhlükəsizlik arxitekturasına birbaşa təsir edə bilər. Güclənmiş LDP hakimiyyəti Tokioya ABŞ-la hərbi-siyasi əməkdaşlığı dərinləşdirmək, eyni zamanda, Çin və Şimali Koreya fonunda daha sərt təhlükəsizlik siyasəti yürütmək imkanı verir. Bu, Şərqi Asiyada qüvvələr balansının Yaponiya xeyrinə dəyişməsi və regionda yeni strateji gərginliklərin yaranması ehtimalını artırır.
Bir sözlə, Yaponiya seçkiləri təkcə daxili siyasi qələbə deyil, həm də ölkənin gələcək ideoloji, təhlükəsizlik və regional rolunu yenidən formalaşdıran dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Takaiçinin güclənmiş mandatı Yaponiyanı daha aktiv, daha iddialı və regionda daha təsirli siyasi oyunçuya çevirmək potensialı daşıyır.
Səbuhi MƏMMƏDOV
XQ

