“Erməni soyqırımı”: uydurmalar və gerçəklər

post-img

Musa QASIMLI,
AMEA-nın müxbir üzvü, professor

110 illik yalanın, böhtanın mahiyyəti və hədəfi

(əvvəli https://www.xalqqazeti.az/az/siyaset/222418-ermeni-soyqirimi-uydurmalar-ve-gercekler)

Erməni silahlı dəstələri Rusiya deyil, muxtariyyət uğrunda döyüşür, bundan ötrü kütləvi qırğınlar törədərək əraziləri yerli türk, müsəlman əhalidən təmizləyirdilər. Həmin məsələdə ermənilərə yardım edənlər də var idi. Məsələn, Alman-Erməni Cəmiyyəti Almaniyanın Türkiyənin ermənilər yaşayan vilayətlərinə muxtariyyət verilməsindən ötrü Osmanlıya təsir etməyə çalışır, təbliğat aparırdı.

Erməni millətçilərinin iddialarına münasibət fərqli idi. Gürcülər onların istəklərindən hiddətlənirdilər. Perm quberniya jandarma idarəsinin rəisi Polis Departamentinə 1914-cü il dekabrın 4-də göndərdiyi 9313 №li tamamilə məxfi məktubunda yazırdı ki, erməni millətçilərinin irəli sürdüyü “Böyük Ermənistan” şüarı gürcülər arasında muxtariyyət hərəkatının artmasına təsir göstərir və müsəlmanları da Rusiya əleyhinə düşmənçiliyə sövq edir.

Erməni iddiaları çarizmin maraqlarına zidd olduğundan Rusiya ictimai xadimləri də ermənilərin istəklərinə qarşı çıxdılar. Rus tarixçisi, professor, sonralar Müvəqqəti hökumətin xarici işlər naziri olmuş P. N. Milyukov “Kavkazski teleqraf” qəzetinin 1914-cü il dekabrın 7-də 61-ci sayında dərc olunmuş "Türkiyə Ermənistanının taleyi" adlı məqaləsində yazırdı ki, etnoqrafik Ermənistan hüdudlarında yaşayan bütün əhali içərisində xristianlar 1 milyon 183 min nəfər və ya 45,2 faiz olub. Onlardan ermənilər 1 milyon 18 min nəfər və ya 45,1 faiz, digər dinlərin nümayəndələri 254 min nəfər və ya 0,1 faiz təşkil edib. Deməli, burada yaşayan əhalinin 54,8 faizi müsəlman olub. Cəmi 2 milyon 615 min nəfər əhali yaşayıb. P.Milyukov yazırdı ki, mən ermənilərin milli məsələlərini onlardan yaxşı başa düşməyə iddia edə bilmərəm, ancaq burada məsələnin başqa bir tərəfi vardır, məsələ dövlət və millətlərin ümumi münasibətləri baxımından qiymətləndirilməlidir. “Türkiyə Ermənistanı”nında muxtariyyətin qurulması və Qafqazda mövcud şəraitin saxlanılması ilə müxtəlif rejimlərdə yaşayan bir xalqdan ibarət olan iki vilayət yaranacaqdır. Bunun fərqliliyi bütün erməni milləti üçün Qafqazda unudulmayacaq münasibətlərin qəmli sonluğu olar, erməni xalqının birləşməməsini ermənilik üçün arzuedilməz hala gətirər. Bununla P.M.Milyukov bir tərəfdən, həmin ərazilərdə türk və müsəlmanların çoxluq təşkil etdiyini təsdiqləyir, digər tərəfdən isə Qafqazda və Şərqi Anadoluda iki erməni vilayətinin olmasının xoşagəlməz nəticələrə gətirəcəyini və bu ərazilərin çar Rusiyasının hakimiyyəti altında olmasını uyğun görürdü.

“Qolos Kavkaza” qəzetinin 1914-cü il 30 dekabr tarixli 2404 №li sayında dərc edilən məqaləsində V.Arsov soyadlı müəllif sual edirdi:

“Rus Qafqazının yanında Türkiyə Ermənistanının muxtariyyəti necə ola bilər? Yazırdı ki, cavab birdir: Rusiya Ermənistanı özünə tərəf Türkiyə Ermənistanını çəkməyəcəkdir, əksinə, özü ona tərəf meyil edəcəkdir. Türkiyə Ermənistanında muxtariyyətin qurulması Rusiyanı öz ucqarlarında mərkəzdənqaçma cəhdlərini yaratmaq deməkdir. Bundan Rusiyanın çoxsaylı düşmənləri istifadə edə bilər, Rusiyaya loyal olan erməni xalqı içərisində çoxlu gözlənilməz və fəlakətli çətinliklər yarada bilərik.”

Fəlakətli çətinliklər nə ola bilərdi? Müəllif digər bir şəxsin məqaləsinə istinadən yazırdı ki, bu, orduda ermənilərin təbliğat aparmaları, fərarilik etmələri olar.

Müəllif türk hakimiyyəti altında ermənilərə muxtariyyət verilməsini düzgün hesab etmir, Qafqazdakı ermənilərin Şərqi Anadoluya meyil edəcəklərini açıq-aşkar yazır, azərbaycanlıların və gürcülərin də belə niyyətə düşə biləcəklərinə işarə edirdi. Bu isə Rusiya üçün arzuolunmaz nəticələrə gətirərdi.

Türk hökumətinin bütün dinlərə, o cümlədən xristianlığa loyal münasibətindən sui-istifadə edərək kilsəni silah-sursat anbarına çevirən erməni din adamlarının xristianlığa ləkə vurduqlarını müəllif belə izah edirdi: “Türk hökuməti ruhanilərə az şübhə ilə yanaşır və onu təqib etmirdi. Beləliklə, biz kilsənin himayəsi altında hərbi baza qurmağa qərar verdik.”

Erməni ziyalıları Şərqi Anadoluda ermənilər yaşayan əraziləri Rusiyaya birləşdirmək istəyirdilər. Rusiya Daxili İşlər Nazirliyinin sənədlərində yazılırdı ki, erməni ziyalıları Qafqazda və Rusiya daxilində özlərini rus dövlətinin himayəsi altında güclü və müstəqil hiss edirlər və “Türkiyə Ermənistanı”nın Rusiyaya tam birləşdirilməsini arzulayırlar. “Qolos Kavkaza” qəzeti isə yazırdı ki, ermənilər “Türkiyə Ermənistanı”na muxtariyyət istəyirlər. Onların fikrincə, Rusiya Ermənistanı „Türkiyə Ermənistanı”nı özünə tərəf çəkməyəcək, əksinə, özü ona tərəf meyil edəcəkdi.

Məsələ ilə bağlı olaraq “Daşnaksütyun” 1915-ci ilin yanvarında müraciət edərək bütün üzvlərini Tiflisdə qurultaya çağırdı. Qurultaya hazırlıqlara başlandı.

Rusiyadan yardımlar alan, lakin ona xəyanət edən ermənilərin bu hərəkətləri imperiya orqanlarını hiddətləndirdi. Rusiya daxili işlər nazirinin müavini Vladimir Cunkovski Ali Baş Komandanlığın Qərargah rəisi, general Nikolay Yanuşkeviçə yazırdı ki, “erməniçiliyin sol elementləri yalnız Rusiyaya münasibətdə zahiri loyallıqları ilə maskalanmışlar, ilk münasib anda bu maskanı atmağa və böyük dünya müharibəsinin başa çatmasını gözləmədən bu silahı elə özlərinin yeganə dayaqları və müdafiəşçisi olan həmin Rusiyaya yönəltməyə hazırdırlar. Yaxın zamanlardakı hadisələr bunu tamamilə təsdiq etdi.”

V.Cunkovskinin yazdığı yaxın zamanlardakı hadisələr erməni silahlı dəstələrinin silah–sursatı, təminatı Rusiyadan alıb ona qarşı çıxmaları, öz maraqları uğrunda çalışmaları və döyüş meydanlarındakı vəhşilik hərəkətləri idi.

Türk–müsəlmanların soyqırımının etirafı

Rusiya komandanlığı işğal edilən ərazilərdə qayda-qanunun qurulmasında maraqlı olsa da, erməni silahlı dəstələri dinc əhaliyə qarşı qırğınları amansızlıqla davam etdirirdilər. 1915-ci ilin yanvarında türklərin və digər müsəlmanların kütləvi şəkildə öldürülmələrini erməni ictimai xadimləri də etiraf edirdilər. Ermənilərin nəşr etdikləri “Baku” qəzetinin 1915-ci il 30 yanvar tarixli sayında yazılırdı ki, Kars vilayətində Şildir dairəsində 24, Düz Ərdəhan dairəsində 18, Şadivanda 2, Qolda 34 müsəlman kəndi büsbütün yandırılıb.

Qafqaz Erməni Xeyriyyə Cəmiyyəti və Müharibədən zərər çəkənlərə yardım üzrə Mərkəzi Komitənin sədri S.Arutyunovun 1915-cı il yanvarın 27-də Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti İdarə Heyətinə yazdığı məktub bunu sübut edir:

“Mən Karsı gəzərkən əmin oldum ki, müharibədən əziyyət çəkən, evlərini itirən, din qardaşlarına pənah gətirən müsəlman qaçqınları da vardir. Onlar öz kəndlərini buraxaraq hərbi əməliyyatlardan uzaq yerlərə öz din qardaşlarına pənah aparmışlar.”

S.Arutyunov müsəlman qaçqınlar üçün yardım toplamağa dair əvvəllər Bakı Şəhər Polis İdarəsi rəisinin köməkçisi işləmiş, 1908-ci ildən Kars vilayətinin hərbi qubernatoru olmuş polkovnik Aleksey Podqurskiyə müraciət etməyi məsləhət gördü.

Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti bu məlumata görə, S.Arutyunova təşəkkür etdi. Bakıda Müsəlman Xeyriyyə Cəmiyyətinin qurulmasına icazə alındı.

A.Podqurski 1915-ci ilin yanvar ayında Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin sədrinə göndərdiyi teleqramında yazırdı: “Kars vilayətinin müsəlman əhalisi müharibədən güclü ziyan görmüşdür. Ehtiyac böyükdür və təhlükə vardır. Heç yerdən yardım yoxdur. Cəmiyyətə müraciət edərək yardım istəyirəm.”

O, yardım göstərilməsi üçün hökumətdən xahiş edəcəyini də yazırdı. Az sonra A.Podqurski Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə müraciət edərək geyim, qida və pul vəsaiti toplamaq üçün icazə aldığını bildirdi.

Erməni silahlı dəstələrinin dinc türk və müsəlman əhalini kütləvi şəkildə öldürməsini Rusiya imperatorluğunun digər rəsmi şəxsləri də etiraf edirdilər. Məsələn, Kars vilayətinin müvəqqəti general-qubernatoru, general-leytenant Zubov vilayətin əhalisinə 1915-ci ilin yanvarında etdiyi müraciətində deyirdi ki, Türkiyə ilə müharibə başladıqdan sonra az mədəniyyətli xristian əhalinin bir hissəsinin (ermənilər nəzərdə tutulur – M.Q.) vilayətin yerli müsəlmanlarına münasibətdə müşahidə edilən düşmənçiliyi son vaxtlar açıq hücumlara çevrilib, bunun nəticəsində dinc müsəlmanlar öldürülüb. Belə xeyli qəmli olan təzahür rus təbəələrinə xas deyildir, bizim vətənimizdə belə hallara yol verilməməlidir. Rusiya türk hökuməti və orduları ilə döyüşür, yerli dinc əhali ilə döyüşmür. Hətta, türk təbəqəsi olan dinc müsəlmanlar rus qanunları ilə qorunmaq və himayə olunmaq haqlarına sahibdirlər, hələ rus təbəəsi olan müsəlmanları demirik, onlar da xristianlar kimi bərabər hüquqlara malikdirlər. Mövcud qanunlardan kənarda Rusiya hüdudlarında hətta Rusiyaya və onun hərəkətlərinə düşmən münasibətdə olan ayrı-ayrı şəxslər və qruplar üzərində hər hansı zorakılığa və özbaşına mühakiməyə yol verilmir. Bunun üçün hakimiyyət və məhkəmə vardır. Günahkarlar mövcud qanunlar əsasında cəzalandırılmaq üçün məhkəmələrə verilməlidirlər. Əhali yalnız təqsirkar şəxslərin hakimiyyətə verilməsinə yardım etməli, istədikləri kimi onların üzərində mühakimə qurmamalıdır. Belə zorakılıq və mühakimə edən şəxslər cinayətkarlardır və qanun qarşısında məsuliyyət daşıyırlar. Yaxın vaxtlarda dinc müsəlman əhalisinin öldürülməsi idarəçilik qaydalarına qarşı cinayətdir və günahkarlar müharibə dövrünün qanunlarına uyğun olaraq hərbi məhkəmələr tərəfindən mühakimə ediləcəklər.

General-qubernator sağlam düşüncəli xristian əhaliyə müraciətində hərbi əməliyyatların yaratdığı mövcud şərait üçün tamamilə təqsirkar olmayan yerli müsəlman əhaliyə münasibətdə hər hansı düşmənçilik hərəkətlərinə yol verməməyə çağırır, istər xristian, istərsə də müsəlman olsun, cinayət törədənlərin hərbi məhkəmələrə veriləcəyini elan edirdi. Belə cinayətləri törədənlər edam ediləcəkdilər.

Ermənilər Qərbi Azərbaycana yerləşdirilir

Osmanlı dövlətini arxadan vuran erməni elementinin döyüş əməliyyatları bölgələrini tərk edərək Qafqaza gəlməsi artdı. "Reç" qəzeti 1915-ci ilin yanvarında yazırdı ki, türk hərbi əməliyyatlar meydanından erməni əhali bizə pənah gətirir. Gələnlər əsasən Naxçıvan bölgəsində, Yelizavetpol, İrəvan və Bakı quberniyalarında yerləşdirilirdi. Bütövlükdə, 1915-ci ilin yanvarınadək Qafqaza gələn qaçqınların sayı millətindən asılı olmayaraq 100 min nəfərdən çox idi. Qaçqınlar üzrə komitənin 1915-ci il 15 yanvar tarixli hesabatında deyilirdi: “İrandan və Türkiyədən 120 min nəfərədək, rus təbəəsi olan 30 min nəfər, bütövlükdə 150 min nəfər qaçqın vardır.”

Erməni silahlı dəstələrinin dinc türk və müsəlman əhaliyə tutduqları divan çar Rusiyası ordu komandanlığını hiddətləndirdi. Rus komandanlığı onların cəbhədən geriyə çəkilməsi haqqında göstəriş verdi. Belə olduqda katolikos V Gevorq 1915-ci ilin yanvarında erməni qaçqınlara kürd və türk əhalinin yaşadığı bütün kəndləri vermək təklifini irəli sürdü.

Daşnakların Rusiyaya arxadan zərbəsi

Ermənilərin ələ keçirdikləri silahları rus ordusunun onların əllərindən alması və işğal edilmiş ərazilərə ermənilərin yerləşmələrinə icazə verməməsi daşnakları hiddətləndirdi. Çarizm sənədlərində yazılır ki, ermənilərin ümidləri özünü doğrultmadı. Daşnaklar bildirdilər ki, Rusiyadan “Türkiyə Ermənistanı” üçün muxtariyyət gözləməyə dəyməz, ona görə də silahı rus ordusuna vermək olmaz, gələcəkdə Rusiyaya qarşı yönəldilə bilər. 1915-ci il fevralın 15-19-da Tiflisdə “Daşnaksütyun”un yerli komitələrinin qurultayı keçirildi. Qurultayda 120 nəfər iştirak edirdi. Onlardan 8-i keşiş, 8-i qadın idi.

Qurultayın ikinci günü, fevralın 16-da yepiskop Mesrop Qafqaz canişini ilə görüşərək iki məsələ üçün icazə istədi: erməni drujinalarına kömək; erməni qaçqınlarına yardım. Canişin erməni drujinalarına kömək məsələsinin hay-küylə açıq-aşkar edilməsinin doğru olmadığını bildirdi. Qeyd etdi ki, qanun vətəndaşlara toplantı azadlığı verir və siz istədiyiniz yerdə toplaşa bilərsiniz. Hakimiyyət belə drujinaların yaradılmasına mane olmayacaqdır. Lakin, o, bu məqsədlə qəzetlərdə elan verilməsinin və hay-küylü iclasların keçirilməsinin məqsəduyğun olmadığını dedi.

Canişin bu məsələdə Rusiyanın türk, müsəlman əhalisinin hiddətlənəcəyindən çəkinirdi. O, ermənilərin bu fəaliyyətinə nəzarət etməyi Tiflis quberniya jandarma idarəsinin rəisinə tapşırdı.

Qurultay daha sonra məhdud çərçivədə yepiskop Mesropun evində davam etdirildi.

Fevralın 17-dən etibarən Rusiyanın və Qafqazın müxtəlif yerlərindən ermənilər Tiflisə axışdı. Qurultayda erməni drujinalarının ehtiyacı üçün vəsaitlər toplanmasına dair qərar qəbul edildi. Qərarda, həmçinin yazılırdı ki, ermənilərin bir qismınin silahlandırılması xüsusi rol oynamayacaqdır, hərbi xidmətləri olacaq böyük drujinalar qurmaq lazımdır. Qurultayda çıxış edən Andranik bildirdi ki, erməni drujinaların sayı az deyildir, lakin onlar daha da artırılmalıdır, əgər “erməni məsələsi” mənfi həll edilərsə, onda vahid erməni drujinası fayda verəcəkdir. O, Rusiyadan ermənilərə verdiyi vədi yerinə yetirməyi tələb etmək təklifini irəli sürdü.

Andranikdən sonra çıxış edən Rusiya Dövlət Dumasının üzvü M. Papacanov bildirdi ki, rus hökuməti erməni drujinalarının sayını artırmaq barədə razılıq verib. O, ermənilərin Türkiyədən böyük düşməninin olmadığını bildirdi. Qurultay ermənilərin bir yerə cəmlənməsi və vahid cəbhədə birləşməsi haqqında qərar qəbul etdi.

“Daşnaksütyun” bütün üzvlərinə müraciət edərək bildirdi ki, hazırda ermənilərin çar hökuməti ilə birliyi müvəqqətidir, gələcəkdə ermənilərin çıxışları rus ordusuna kömək demək deyil, siyasi çıxışlar olacaqdır. Ona görə də “Daşnaksütyun” hökumətdən silahlar almağa və döyüş bölgələrində ələ keçirilən silahları təhvil verməməyə çağırdı. Müraciətdə deyilirdi: “Hələ məlum deyildir ki, bu silahlar kimə qarşı tuşlanacaqdır.”

İmperiya hakimiyyəti erməniləri silahlandırıb məqsədləri naminə istifadə etmək istəsə də erməni dəstə başçıları, “Daşnaksütyun” və kilsəsi həmin silahları gələcəkdə öz maraqları üçün istifadə etməyi düşünürdülər.

Erməni quldurlar silahlandırılır

Erməni dəstələri təşkil olunsa da, çox vaxt silah – sursat çatışmırdı. İ.Vorontsov-Daşkov Rusiya Xarici İşlər Nazirliyinə göndərdiyi 1915-ci il 20/7 fevral tarixli 1185 nömrəli teleqramında erməni dəstə başçılarının məlumatlarına əsaslanaraq yazırdı ki, 15 min erməni türk yollarına hücum etməyə hazırdır, lakin silahları, patronları yoxdur. O, ermənilərə silahın Aleksandretə (İsgəndərun – M.Q.) göndərilməsinin və bilavasitə Rusiya tərəfindən verilməsinin mümkün olmadığını nəzərə alaraq Fransa və İngiltərə gəmilərində fransız və ingilis silahlarını göndərməyi tövsiyə etdi. İ.Vorontsov-Daşkovun teleqramı 1915-ci il 22/9 fevral tarixində Paris və Londondakı səfirlərə 708 №li mətnlə göndərildi. Səfirlər məsələni müvafiq dövlət qurumları ilə müzakirə etsələr də, müsbət nəticəsi olmadı. Cavabında Parisdəki səfir Aleksandr İzvolski 1915-ci il 2 mart/17 fevral tarixində bildirdi ki, fransız hökumətinin Zeytun ermənilərinə silah göndərmək imkanı yoxdur, çünki Fransanın özü buna ehtiyac duyur.

Eçmiadzində kilsə qurultayı

Erməni kilsəsi də xeyli fəallaşdı. 1915-ci il martın 2-də Eçmiadzində kilsə qurultayı keçirildi. Qurultayda 12 məruzə dinlənildi. Qurultayın sənədlərində erməni qaçqınlarının sayının 8900 ailə və ya 60 min nəfər olduğu yazılırdı. Onlara yardım haqqında qərar qəbul edildi. Katolikos qaçqınlara yardımdan ötrü imperatora müraciət etdi. Eçmiadzin qurultayı Türkiyə və İrandan gələn ermənilərin ümumi sayını belə müəyyənləşdirdi: 60 min nəfər.

Öldürülən türk və müsəlmanların sayı çox idi. 1915-ci il martın 6-da verilən məlumata görə, ermənilərin təkcə Kars və Ərdəhanda öldürdükləri müsəlmanların sayı 30 min nəfərə çatırdı. Qaçıb canını qurtarmağa çalışan minlərlə müsəlmanı dağlarda şaxta vurdu. İşğal edilən ərazilərdən bütövlükdə 850 min nəfərdən çox müsəlman qaçqına çevrildi. Rusiyanın maliyyə və təşkilati yardımları ilə qurulan erməni terrorçu siyasi təşkilatları və silahlı dəstələri türk və müsəlmanları kütləvi şəkildə qıraraq işğal edilmiş əraziləri tutmağa, Türkiyə ilə məsələni tez həll etməyə və Ermənistanı qurmağa çalışırdılar. Erməni məktəblərini də öz məqsədlərinə tabe edən erməni təşkilatları, daşnaklar və müəllimlər 1915-ci ilin martın əvvəllərində Yekaterinadorda birgə iclas keçirərək, komitələrin pulunun artırılmasının vacibliyini bildirdilər. Açıq şəkildə dedilər ki, müharibədən sonra bizim tələblərimiz olacaqdır, əgər verilməsə, zorla alacağıq.

A.Çobanyan adlı erməni ictimai xadimi 1915-ci ilin martında “Reç” qəzetində P.N.Milyukova yazdığı geniş məktubunda qeyd edirdi ki, “erməni məsələsi”ni küll halında Rusiyanın himayəsi altında altı vilayətdən və Kilikiyadan ibarət Ermənistan muxtariyyəti qurmaqla həll etməkdən ötrü ingilis-rus-fransız sazişi bağlamaq lazımdır. Onun yazdığına görə, bu, həm erməni xalqı, həm də Rusiya üçün əlverişli olardı. “Erməni məsələsi”ni təkcə siyasi, eyni zamanda, heysiyyat məsələsi hesab edən A.Çobanyan Rusiyanın bunun həllinə yardım göstərəcəyinə ümid edirdi.

(ardı var)





Siyasət