Aİ Ermənistan uğrunda mübarizəyə başlayır

post-img

Ancaq “əmma”sı var

Avropa İttifaqı və Ermənistan ikitərəfli əməkdaşlıqla bağlı strateji gündəlik qəbul edib. Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla mətbuat konfransında deyib: “Ermənistan iqtisadiyyatının gücləndirilməsi və diversifikasiyası, qanunun aliliyinin təmin olunması, viza liberallaşdırılması və təhlükəsizliklə bağlı əməkdaşlığımızı gücləndirmək istəyirik”, - deyən xanım Kallas eyni zamanda bildirib ki, 2025-ci il Aİ-Ermənistan münasibətləri üçün çox mühüm rol oynayıb.

Qeyd edək ki, belə bir sənədin imzalanacağına dair məlumatı əvvəlcə Aİ-nin Genişlənmə Siyasəti üzrə Ali Komissarı Marta Kos vermişdi. O bildirmişdi ki, sənəd təmsil olunduğu qurumun Ermənistanla bağlı nə edə biləcəyini müəyyənləşdirən fəaliyyət planı, yol xəritəsi olacaq. Aİ rəsmisi habelə dəqiqləşdirmişdi ki, gündəlik Ermənistanın iqtisadi inkişafını və institutların möhkəmləndirilməsini dəstəkləyən yardım mexanizmlərini əhatə edir. Üstəlik, yeni tərəfdaşlıq gündəliyinə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxil olacaq.

Əlbəttə, regionda gedən mürəkkəb geosiyasi proseslərin fonunda Ermənistanın xarici siyasi xəttində yeni istiqamət axtarışları açıq şəkildə müşahidə olunur. Şübhəsiz, Strateji Tərəfdaşlıq Gündəliyi bunun nəticəsidir. Amma bu, heç də yenilik deyil. Eləcə də Aİ-nin Ermənistan üzərində siyasi və institusional təsir mexanizmlərinin daha sistemli şəkildə qurulmasına cəhd göstərməsi indinin söhbəti olmaqdan uzaqdır. Ancaq hazırda konkret hədəf var ki, həm ona, həm də onunla əlaqəli vacib məqama yazımızın sonunda toxunacağıq.

Beləliklə, xanım Kos Aİ-nin Ermənistanın enerji təhlükəsizliyini və diversifikasiyasını gücləndirmək üçün 500 milyon avro sərmayə qoyacağını açıqlayıb. Xatırladaq ki, bir neçə gün əvvəl Özbəkistanın paytaxtı Daşkənddə “Qafqaz Elektrik Ötürmə Şəbəkəsi” layihəsi çərçivəsində Ermənistanın enerji infrastrukturunun gücləndirilməsinə dair sənəd imzalanıb. Sənədin mahiyyəti ölkənin enerji təhlükəsizliyini artırmaq, xarici enerji oyunçularından asılılığı azaltmaq və şəbəkəni regional standartlara uyğunlaşdırmaqdan ibarətdir.

Marta Kos isə aydınlaşdırıb ki, sözügedən sərmayə paketinin məqsədi həmçinin Ermənistanı Gürcüstan üzərindən Avropa enerji sisteminə yaxınlaşdırmaqla, ölkənin əsasən Rusiya mənşəli enerji mənbələrindən asılılığını minimuma endirməkdir: “Bu, sizin enerji şəbəkənizi Gürcüstanla birləşdirmək üçün ayrılmış 500 milyon avrodur və biz artıq Ermənistan–Türkiyə enerji xəttinin texniki imkanları üzərində də işləyirik. Məqsəd aydındır: Ermənistanın Rusiya enerjisindən asılılığı tədricən azaldılmalıdır”.

Komissar, habelə, Aİ-nin Moldova və Ukrayna təcrübələrini misal çəkərək bildirib ki, İttifaq bu ölkələrin enerji təhlükəsizliyinin artırılması sahəsində genişhəcmli proqramlar həyata keçirib və hazırda oxşar istiqamətdə Ermənistana dəstək göstərməyi planlaşdırır. O qeyd edib ki, 2022-ci ildə müharibə başlayarkən, Aİ-nin qaz idxalının 60, kömür idxalının 50, neft idxalının isə 40 faizinin Rusiyanın payına düşməsi Avropanı yeni enerji siyasəti formalaşdırmağa məcbur edib.

M.Kos açıqlamasında onu da bildirib ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan artıq ölkənin regional enerji əlaqələrinin təmin edilməsi sahəsində prioritet proqramların siyahısını Aİ-yə təqdim etməlidir. Bu siyahı bölgədə enerji marşrutlarının yenidən qurulması baxımından xüsusi əhəmiyyət daşıyacaq.

Aİ rəsmisi təsmil olunduğu qurumun Ermənistanın nəqliyyat və rabitə infrastrukturunun modernləşdirilməsi istiqamətində də əməkdaşlığı genişləndirməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Aİ-nin dəstəyi yalnız maliyyə yardımı ilə məhdudlaşmır, həm də özündə idarəçilik, planlaşdırma və institusional imkanların artırılmasını ehtiva edir.

Xatırladaq ki, Aİ-Ermənistan əməkdaşlığı baxımından bəlli təcrübə var. Belə ki, 2024-cü il aprelin 5-də Brüsseldə yüksəksəviyyəli ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü keçirilmişdi. Görüşün məqsədi Ermənistanın suverenliyi, demokratiyası, ərazi bütövlüyü və sosial iqtisadi dayanıqlılığını dəstəkləmək idi. Detallara gəlincə, bu təmasda Aİ və ABŞ tərəfindən Ermənistanın iqtisadiyyatının diversifikasiyası, siyasi islahatlar, humanitar dəstək, qaçqın və məcburi köçkünlərin sosial–iqtisadi reinteqrasiyası kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi planları qurulmuşdu.

Bəli, görüşün nəticəsi olaraq, 2024–2027–ci illərdə Aİ tərəfindən Ermənistan üçün təxminən 270 milyon avro qrant ayırması nəzərdə tutulurdu. ABŞ isə ölkəyə əlavə humanitar və inkişaf yardımı göstərməli idi. Bildirilmişdi ki, Aİ və ABŞ İrəvana dəstəyi təkcə qısamüddətli humanitar yardım kimi deyil, həm də uzunmüddətli sosial iqtisadi inteqrasiyalar, əmək bazarı, energetika, kənd təsərrüfatı, ticarət və s. sektorları əhatə edəcək daha geniş əməkdaşlıq planı kimi təqdim edir.

Belə nəticəyə gəlmək olar ki, dünən imzalanmış strateji gündəlik başlanılmış işin davamıdır. Yəni Ermənistanın Aİ ilə yaxınlaşması təkcə texniki və institusional xarakter daşımır, həm də bölgədə formalaşan yeni qüvvələr balansında mühüm siyasi məna daşıyır. Ancaq hazırda Ermənistana dəstək xüsusunda ABŞ-Avropa İttifaqı tandemindən söhbət getmir. Çünki Birləşmiş Ştatların Prezident Donald Tramp administrasiyası, loru dildə desək, heç bir dövlətə görə əlini cibinə salmağı düşünmür. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi adlandırdığımız Tramp marşrutu ideyası var, deməli, rəsmi Vaşinqton Cənubi Qafqaza kompleks yanaşır. Yəni əgər haqqında söz açdığımız üçlü formatın mahiyyətində birbaşa anti-Azərbaycan təmayül var idisə, hazırda belə bir niyyət yox kimi görünür. Bəs konkret siyasi məqsəd nədir? Vəd etdiyimiz kimi, sonda bu məqamın üzərində dayanaq.

Əlbəttə, regional reallıqlar fonunda Avropa İttifaqı-Ermənistan strateji gündəliyinin hansı nəticələrə gətirib çıxaracağı zamanın sınağından keçəcək. Ortada olan isə qurumun Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri ilə fəallaşma ritorikasıdır. Təsadüfi deyil ki, xanım Kos da vurğulayıb ki, Aİ seçki ərəfəsində mümkün hibrid təhdidlərə qarşı mübarizədə, dezinformasiyanın yayılmasının qarşısının alınmasında və kiberhücumlardan müdafiə məsələlərində Ermənistana dəstək göstərəcək. Konkret 15 milyon avro ayrılacağını, bu vəsaitin Ermənistanın müqavimətinin gücləndirilməsinə yönəldiləcəyini deyən Kallas fikirlərinə pafoslu ton da verib: “Əlbəttə, Ermənistanın digər problemləri də var. Rusiya və onun nümayəndələri seçkilər öncəsi Ermənistanda informasiya kampaniyaları aparır. Biz görürük ki, Moldovada istifadə olunan eyni şəbəkələrdən istifadə edilir. Ssenari eynidir. Aİ-nin maliyyələşdirməsi xarici müdaxiləyə cavab verməyə kömək edəcək. Xarici müdaxiləyə qarşı müqavimət cəmiyyətin bütün üzvlərinin iştirakı ilə mümkündür. Biz məmnunuq ki, Ermənistanda məhz belə bir vəziyyət formalaşıb. Aktiv vətəndaş cəmiyyəti və müstəqil media son dərəcə önəmlidir. Siz bu çağırışlar qarşısında tək deyilsiniz. Biz sizə fəal dəstək göstərməyə hazırıq”.

Deməli, Aİ-nin timsalında Qərb Ermənistan uğrunda mübarizəyə indidən start verir. Çox yaxşı. Elə isə pis nədir, onun üzərində dayanaq və deyək ki, mübarizə tək, özü də fundamental prinsiplər nəzərə alınmadan aparıla bilməz. Sadə dildə desək, İrəvana hazır balıq yox, balıq tutmağı öyrətmək lazımdır. Balıq isə o zaman “tutulacaq” ki, Tramp marşrutu işə düşəcək, Ermənistan real və sabit gəlir götürəcək. Aİ-də mövcud reallıq dərk edilir. Amma bir qədər fərqli. Niyəsini izah edək.

Məsələ ondadır ki, M.Kos Aİ-nin ABŞ, Azərbaycan və Türkiyə ilə TRIPP layihəsində mümkün iştirakla bağlı danışıqlar apardığını vurğulayıb. “Aİ-nin öz təklifləri var və blok Türkiyə və Azərbaycanla məsləhətləşmələrini davam etdirir. ABŞ-ın iştirakı xüsusilə önəmlidir, çünki layihə yalnız bir dəmir yolu seqmentini əhatə edir”, - deyən Kosun, əslində, nə demək istədiyi mücərrəd qalır.

Sual yaranır: necə yəni, yalnız dəmir yolu? Axı avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ştatlar Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamədə Naxçıvan marşrutu ilə bağlı yalnız dəmir yolu seqmenti adlı bir məqamdan yox, bütövlükdə maneəsiz quru yolu məsələsindən söz açılır. Yoxsa Aİ bununla bağlı yeni qayda qoymaq qərarına gəlib? Əgər elədirsə, Avropa İttifaqı-Ermənistan strateji gündəliyi ikinciyə “balıq tutmağı” öyrədə bilməyəcək. Əksinə, İrəvan regional reallıqlara qarşı demarş edən ampluasına qayıdacaq. Bunun isə böyük zərərləri qaçılmazdır. Ən böyük zərər sülh prosesinə dəyəcək. Sülhsüzlüyün isə Qərbin Ermənistanı Rusiyaya uduzması perspektivini doğuracağı şübhəsizdir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət