“Erməni soyqırımı”: uydurmalar və gerçəklər

post-img

Musa QASIMLI,
AMEA-nın müxbir üzvü, professor

110 illik yalanın, böhtanın mahiyyəti və hədəfi

Böyük müharibə və ilk qırğınlar

Dünyanı yenidən bölmək, ucuz xammal mənbələri və əlverişli satış bazarları uğrunda aparılan ədalətsiz, işğalçı, imperialist müharibələr – o zaman deyildiyi kimi, Böyük müharibə və ya Birinci dünya müharibəsi 1914-cü il iyulun 28-də başladı. Avqustun 1-də Almaniya Rusiyaya müharibə elan etdi. Rusiya imperatoru II Nikolay Almaniya ilə müharibənin başlanması haqqında manifest verərək, slavyan xalqlarını müdafiə edəcəyini bildirdi. Az sonra Fransa və İngiltərə də müharibəyə qatıldılar. Rusiya və Almaniya arasında müharibə başlanan kimi, Moskvada almanlara qarşı qırğınlar törədildi. Daxili işlər naziri Nikolay Maklakovun əmrinə əsasən orduda xidmət edən alman və avstriya-macar mənşəli şəxslər hərbi əsirlər elan edildlər. Onlar dərhal həbs olunmalı, Rusiyanın Avropa hissəsindən və Qafqazdan Vyatkaya, Voloqdaya, Orenburq quberniyasına, Sibirdən Yakutiyaya sürgün edilməli, casusluqda şübhəli bilinən şəxslər isə məhkəməyə verilməli idilər.

Böyük Britaniya da müharibəyə qatılan kimi, Londonda və ölkənin digər yaşayış məntəqələrində almanlara qarşı qırğınlar törədildi. Bunlar ilk qırğınlar idi.

Ermənilər Osmanlı dövlətində

Bir-birinə qarşı döyüşən Antanta və Üçlər İttifaqı dövlətləri Osmanlını müharibəyə qoşmaq üçün diplomatik-siyasi səylər edirdilər. Dünyanın böyük dövlətlərindən biri olan Osmanlı hələ müharibəyə qatılmasa da, həm Osmanlı, həm də Rusiya ərazisində yaşayan ermənilərin türk düşmənçiliyinin həddi-hüdudu yox idi. Onlar müharibəyə hazırlaşır və əlverişli an gözləyirdilər. Bununla bağlı olaraq Qafqaz canişini İllarion Vorontsov-Daşkovun mülki işlər üzrə köməkçisi

N.Peterson 1914-cü il 9 avqust tarixli 1457 №li tamamilə məxfi və şəxsən məktubunda Bakı qubernatoru V.V.Alışevskiyə yazırdı:“Ermənilər türk-erməni məsələsini növbəyə qoymaq üçün imkan qazanmaq istəyirlər”.

Müharibə başladıqdan az sonra ermənilərin katolikosu V Gevorq Qafqaz canişini İ.Vorontsov-Daşkova 1914-cü il 18/5 avqust tarixində göndərdiyi 1131 №li məktubunda bütün erməni əhalisinin Türkiyə əleyhinə müharibəyə susadığını bildirərək, onların silahlandırılmasına və təşkilatlanmasına dair təkliflərini söylədi. Bunun müqabilində ermənilər üçün islahatların aparılmasını xahiş etdi.

V Gevorqun təkliflərinin yerinə yetirilməsini arzuolunan hesab edən İ.Vorontsov-Daşkov 1914-cü il 22/9 avqust tarixli 1955 №li məxfi məktubu ilə onları Nazirlər Şurasının sədri İvan Qoremıkinə göndərdi. İ. Qoremıkin isə məktubu xarici işlər naziri Sergey Sazonova yolladı. S. Sazonov 1914-cü il 30/17 avqust tarixli 587 №li məxfi məktubunda Nazirlər Şurasının sədri İ. Qoremıkinə Qafqaz canişininin məktubunda qaldırılan məsələ ilə əlaqədar yazırdı:

“Türkiyə əleyhinə Qafqazın erməni əhalisinin xəlvəti qaldırılmasının və cəlb edilməsinin tamamilə başa düşülən olmasını nəzərə alaraq hökumətin Türkiyəyə münasibətdə siyasəti və erməni xalqının gələcəyinə dair baxışları ilə bu xalqın nümayəndələrini daha ətraflı tanış etmək məqsədəuyğun olardı. Bununla belə, həm ermənilərlə, həm də kürdlərlə ən sıx münasibətlər saxlamaq lazımdır ki, Türkiyə ilə münasibətlər kəsilərsə, mövcud halda onlardan istifadə etmək mümkün olsun. Bu baxımdan sərhəddən silah-sursat keçirmək və münasibətlər kəsildikdə və ya kəsilməsi qaçılmaz olduqda onların xaricdəki əhaliyə paylanması üçün hər cür hazırlıq işləri görmək arzuediləndir.”

Müharibəyə qədər “Daşnaksütyun” partiyasını təqib edən çarizm hərbi əməliyyatlar başlanan kimi onun üzvlərini sürgünlərdən geri gətirdi və həbsxanalardan azad etdi. Buna müsbət münasibət bildirən İ.Vorontsov-Daşkov imperator II Nikolaya yazdığı məktubunda daşnaklar üzərində məhkəmə proseslərini pislədi, çarizmin erməniləri himayə etməklə həm Rusiya, həm də Türkiyədə özünə etibarlı təbəə qazanacağını bildirdi.

Tiflis quberniya jandarma idarəsinin rəisi 1914-cü il avqustun 25-də 4272 №li tamamilə məxfi məktubunda Rusiya Daxili İşlər Nazirliyinin Polis Departamentinə yazırdı:

“Türkiyə də Rusiyaya müharibə elan edəcəkdir. Türkiyə erməniləri Qafqaz erməniləri ilə əlaqə qururlar. Türkiyə erməniləri güclü silahlanırlar və Rusiyaya kömək edəcəklər. Qələbədən sonra Türkiyə Ermənistanının muxtariyyəti məsələsini qoyacaqlar.”

Qafqaz daşnaklarının sentyabr ayında Tiflisdə keçirilən toplantısında Türkiyə ilə mübarizə aparmaq üçün ermənilərdən ibarət milis dəstələrinin hazırlanması haqqında məsələ müzakirə edildi. Qafqaz rayon mühafizə bölməsi rəisinin 1914-cü ilin sentyabr ayı üçün məlumatında yazılırdı: “Artıq sentyabr ayında Türkiyə ilə sərhədə zinvorlar göndərildi.”

Bakı Erməni Mədəniyyət İttifaqının Mərkəzi Komitəsi orduya çağırılanların ailələrinə yardım məqsədilə sentyabrın 20-də müraciət etdi. İanələr Bakıdakı Torqovı küçəsinin (indiki Nizami küçəsi - M.Q.) tinində Million küçəsində yerləşən Mədəniyyət İttifaqının binasında komitənin katibi Aleksandr Bahaduryansa verilirdi. Erməni təşkilatları müharibənin yekununda “erməni məsələsi”nin həllinə ümid edirdilər. Ermənilərin “Mşak” (zəhmətkeş) qəzetinin 1914-cü il 1 oktyabr tarixli sayında dərc edilmiş “Biz nəyi xahiş etməliyik?” adlı məqalədə yazılırdı:

“Erməni məsələsini İsrael Ori (1658-1711-ci illərdə yaşamış erməni ictimai xadimi nəzərdə tutulur – M.Q.) başladı. Erməni məsələsinin müəllifi Rusiyadır. Müharibənin yekununda biz bu məsələnin həllinə nail olmalıyıq.”

Daşnakların Tiflisdə nəşr etdirdikləri “Orizon” (Şəfəq) qəzetinin 1914-cü il 7 oktyabr tarixli sayında dərc olunmuş “Ermənilər və cari vəziyyət” adlı məqaləsində yazılırdı: “Rus–türk fəlakətində bizim rus silahına böyük köməyimiz sadəcə vətəndaş vəzifəsi ilə bağlı deyildir, yüksək siyasi məqsədlərimizə xidmət edir.”

“Daşnaksütyun”un yaradıcılarından biri və daşnak Ermənistanın baş naziri olmuş Ov.Kaçaznuni sonralar etiraf edirdi ki, 1914-cü ilin payızında hələ Türkiyə müharibə aparan dövlətlər ailəsinə qatılmamış və buna hazırlaşmamış Cənubi Qafqazda erməni “könüllü dəstələri” böyük hay-küy və enerji ilə təşkil edilməyə başlandı. Erməni “könüllü dəstələri” yaradılaraq türklərə qarşı çıxış etdilər. Biz sözsüz, Rusiyaya istiqamətlənmişdik. Biz əsas olmadan qələbəyə aludə olmuşduq. Biz inanırdıq ki, çar hökuməti sədaqətimiz, əzablarımız və köməyimiz üçün bizə muxtariyyət verəcəkdir. Bu muxtariyyət Türkiyənin azad olan erməni vilayətlərindən və Cənubi Qafqaz Ermənistanından ibarət olacaqdır. Ov.Kaçaznuni yazırdı ki, biz arzularımızı başqaları ilə bağlayırdıq. Həmişə hansısa məktub (İ.Vorontsov-Daşkovun katolikosa cavab məktubu – M.Q.) göstərilirdi. Bunu biz gələcəkdə öz hüquqlarımızı tələb edən və haqlarımızı qoruyan əsas kimi qəbul edirdik. Bununla belə, bu məktub çox ustalıqla tərtib edilərək ümumi və başdan-başa qeyri-müəyyən mülahizələrdən başqa bir şey deyildi, onları istənilən kimi mənalandırmaq olardı.

Deməli, Osmanlı dövləti hələ müharibəyə qatılmamış həm Rusiya, həm də Osmanlıda yaşayan ermənilər avantüra yolunu tutdular.

Erməni silahlı dəstələrinin hazırlanması

Rusiya ilə Osmanlı arasında müharibənin başlanması yalnız an məsələsi idi. Belə bir an gəlib çatdı. Oktyabrın 17-də türk donanması Novorossiysk limanını bombardman etdikdən bir neçə gün sonra – oktyabrın 20-də imperator II Nikolay bütün Rusiya təbəələrinə müraciət etdi. Müraciətdə deyilirdi ki, rus əsgəri artıq Dunay sularını, Balkan zirvələrini, Plevne çöllərini, Ədirnə və Ərzurumu, Mərmərə dənizinin sahillərini və Çarqradın (İstanbul nəzərdə tutulurdu – M.Q.) ətrafını görmüşdür. Türkiyə ilə müharibə başlamışdır.

Bundan sonra “Daşnaksütyun” partiyasının imperator II Nikolaya müraciətində yazılırdı: “Bizim əziz vətənimizin payına rus silahının və Rusiyanın Şərqdə tarixi vəzifələrinin yerinə yetirilməsi sınağı düşür. Qoy rus bayrağı Bosfor və Dardaneldə azad dalğalansın. Əlahəzrət hökmdar, qoy sizin iradənizlə Türkiyə zülmü altında olan xalqlar azadlıq alsınlar.”

Beləliklə, çar Rusiyası, erməni kilsəsi, erməni terror-siyasi təşkilatları Osmanlı dövləti əleyhinə birləşdilər.

Müharibə başlanan kimi, Qafqaz canişini İ.Vorontsov-Daşkov Tiflis şəhər başçısı erməni Aleksandr Xatisovu, Gürcüstan və İmeretiya erməni kilsəsinin rəhbəri yepiskop Mesrop Ter-Movsesyanı yanına çağıraraq “könüllü erməni dəstələri”nin təşkil edilməsi arzusunu bildirdi. Bu silahlı dəstələr çarizmin maliyyə, təşkilatı və maddi yardımları ilə hazırlanacaq, hərbi əməliyyatlar meydanında dövlət vəsaiti hesabına təmin olunacaqdılar. İmperator hökuməti erməni dəstələrinin təşkili məqsədilə ilkin olaraq 242 min 900 rubl vəsait ayırdı.

Bolqarıstandan Tiflisə gələn Andranik Ozanyan Qafqaz canişini ilə görüşərək başında durduğu dəstə üçün onun sərəncamına uyğun olaraq bir neçə min tüfəng aldı. Andranik daha sonra Qafqaz Hərbi Dairəsinin Qərargahına getdi. Ona hərbi orden verildi.

“Türkiyədə yaşayan qardaşlarının azad edilməsi” kimi demoqoji şüarlar altında Rusiyanın müxtəlif yerlərindən və bəzi xarici ölkələrdən Cənubi Qafqaza gələn ermənilərdən yaradılan silahlı dəstələrlə çar ordusunun cərgələri doldurulurdu. Onların əksəriyyəti terrorçu idi.

Çarizm sənədlərində yazıldığı kimi, silahlı dəstələrin başına Andranik məşhur terrorçuları təyin etdi. Birinci erməni drujinasına Andranikin özü, ikincisinə Drastamat (Dro) Kanayan, üçüncüsünə Keri, dördüncüsünə Amazasp Srvançtyan başçılıq edirdilər. Beşinci dəstə də quruldu. Hamısı birlikdə Ararat dəstəsi adlanırdı. Ümumi rəhbəri Vardan idi. Daha sonra İşxanın komandirliyi altında yeni dəstə yaradıldı. Ona Tapon dəstəsi adı verildi. Dəstələri çarizm təchiz edirdi.

Noyabrın 1-də rus ordusu Türkiyə sərhədini keçdi. Rusiya noyabrın 2-də Türkiyəyə müharibə elan etdi. Müharibənin başlanması ermənilərin ümidlərini artırdı. Silahlı dəstələrin təşkili üçün ermənilərin Mərkəzi Komitəsi və Erməni drujinalarının bölüşdürülməsi komitəsi quruldu. Mərkəzi komitənin tərkibinə tanınmış ermənilər daxil edildilər. Drujinaların bölüşdürlməsi komitəsi erməniləri toplayır, təlim keçir və cəbhəyə göndərirdi. İki üzvündən biri daşnak olan bu komitənin Tiflis, İrəvan, İqdır və Vanda bölmələri var idi. Qısa müddət ərzində Qafqazda 18 yaşından 40 yaşadək olan ermənilərin səfərbərliyi keçirildi. Bakı Erməni Mədəniyyət İttifaqının Mərkəzi Komitəsi müharibədə “vətənpərvərlik işinə” yardım” məqsədilə kampaniyaya başladı. Bütövlükdə, ermənilər Bakıda yalnız bir ay ərzində 18 min 804 rubl 81 qəpik pul topladılar. Cənubi Qafqazda yeni cəmiyyətlər quruldu.

Aparılan təbliğat nəticəsində Osmanlı ordusunda xidmət edən erməni əsgərlər silahları ilə birlikdə kütləvi şəkildə Rusiya tərəfinə keçməyə başladılar. Ermənilər bir neçə cəbhədə müharibə aparan Osmanlı dövlətinə xəyanət edərək onu arxadan vurdular. Vanda silah və sursat anbarı yaradıldı. Van işğal edildikdən sonra “Daşnaksütyun” kürdləri və türkləri soyub-talamaq və məhv etmək əmrini verdi. Erməni dəstələri dinc türk, müsəlman əhalinin yaşadıqları kəndlərə girərək kütləvi surətdə onları qırır, ərzaqlarını qarət edir, evlərini yandırırdılar. Bundan sonra həmin kəndlərə rus ordusu daxil olurdu.

Erməni vəhşiliyinə çarizmin münasibəti

Mülki əhalini qarət edən erməni dəstələrinin topladığı qəniməti tutub aldığı üçün daşnaklar rus komandanlığına nifrət edirdilər. Onlar 5 min nəfərlik jandarma dəstələri qurub Türkiyənin Şərq vilayətlərində yerli hakimiyyəti əllərinə keçirməyə, silahlıların sayını 40 min nəfərə çatdırmağa çalışırdılar.

Rusiya ordu komandanlığının mövqeyi daşnakları şübhələndirdiyi üçün daşnak Rostomu Fransa və İngiltərə dairələrinin “erməni məsələsi”nə münasibətini öyrənmək üçün göndərdilər. Ermənilər müharibənin sonunda sülh müqaviləsi bağlanarkən muxtariyyət alacaqlarına ümid edirdilər. Rostom Londonda İngiltərənin xarici işlər naziri Edvard Qrey ilə görüşdü. O, müharibənin yekununda ermənilərə muxtariyyət verilməsi üçün çalışacağını dedi. Rusiyanın isə işğal etdiyi “Türkiyə Ermənistanı”nı ermənilərə vermək istəmədiyi məlum olduqda ruh düşkünlüyü yarandı. Erməni dəstələri arasında əhval-ruhiyyəni yüksəltmək üçün Tiflisdən yepiskop Mesrop və İrəvandan yepiskop Xoren drujinaların yanına getdilər. Onlar drujinaçılara dedilər ki, ələ keçirdikləri silahları rus ordusuna verməsinlər, əgər Rusiya muxtariyyət verməsə, ermənilər əldə silah onun uğrunda döyüşəcəklər. Erməni kilsə xadimləri bildirdilər: “Böyük Ermənistan ideyasının həyata keçirilməsinə mane olmamaq üçün ermənilər silahı tatarlara (azərbaycanlılara-M.Q.) qarşı işlədə bilərlər.”

1914-cü ilin noyabrın əvvəllərində yepiskop Mesrop, ermənilərin ziyalı hesab etdikləri şair Ovanes Tumanyan, dramaturq Aleksandr Şirvanzadə, Xununyans seminariyasının direktoru Nersesyan da hərbi əməliyyatlar bölgəsinə getdilər. Bununla erməni ziyalıları da düşmənçiliyin qızışdırılmasındakı əvvəlki rollarını davam etdirdilər. Türkiyədə ermənilərlə türklər arasında münasibətlərin kəskinləşməsi ilə əlaqədar olaraq “Mşak” qəzeti yazırdı: “Sən demə, biz – Rusiya erməniləri öz taktikamızla və yersiz bəyanatlarımızla Türkiyədəki qardaşlarımızın vəziyyətini ağırlaşdırırıq. Biz gərək bütün səylərimizlə elə edək ki, xarici mətbuatda yazıldığı kimi, onsuz da ağır olan Türkiyə ermənilərinin vəziyyətini ağırlaşdırmayaq.”

Buna baxmayaraq, ermənilərin cəbhəyə göndərilməsi artdı. Noyabrın 5-də Bakıdan 80, noyabrın 6-da 120, Mərvdən isə 25 nəfər erməni türklərlə döyüşmək üçün cəbhəyə yola düşdü. “Mşak” qəzeti yazırdı ki, 1914-cü ilin noyabrında 700 nəfər silahlı “qnçakçı” dağlara keçərək Türkiyəyə qarşı hərbi əməliyyatlara başladı. Zeytun erməniləri də türklərə qarşı qırğınlar törətdilər. Noyabrın əvvəllərində “Dro”, “Suren əfəndi” deyilən Drastamat Kanayanın rəhbərlik etdiyi 500 nəfərlik dəstə İqdırdan Bəyazidə getdi. Dro 1907-ci ildə Aleksandropolda general-leytenant Maqsud Əlixanov-Avarskini və Sürməli qəzasının rəisi, podpolkovnik Boquslavskini öldürməklə məşhurlaşmışdı.

Noyabr ayında Suxumidən 300 nəfər erməni Arşak, Artun, Bazar və Sarkisin rəhbərliyi altında erməni silahlı dəstələrinə qoşulmaq üçün Cənubi Azərbaycana yola düşdü. “Mşak” qəzeti “könüllülərin” daha 100 nəfərinin oraya gedəcəyini yazırdı. Qəzetin məlumatına görə, həmin ilin noyabrında Andranikin dəstələri Cənubi Azərbaycan tərəfdən türklərə qarşı əməliyyatlara başladı. Onları Urmiyədəki rus ordusunun komandanı, general Ç. salamlayaraq uğurlar arzuladı. Fəaliyyəti rus qərargahı tərəfindən yüksək qiymətləndirilən Andranik yüksək mükafata və qızıl silaha, dəstəsinin 121 üzvü isə “Georgi xaçı”na layiq görüldü. Yeni silahlı dəstələrin hazırlanması işi daha da genişləndirildi.

Katolikos V Gevorqun tapşırığı ilə Qafqaz diyarı hüdudlarında noyabrın sonunda ermənilər üçün yardım toplandı. Tiflisdə qurulan “Erməni qızları komitəsi” yaralılara xidmət göstərir, təbliğat aparır və əsgər ailələrinə yardım edirdi.

Erməni silahlı dəstələri Rusiya əleyhinə planlar qurdular

Rusiya erməni silahlı dəstələrini hazırlasa da erməni terror-siyasi təşkilatlarını və kilsəsini yalnız öz maraqları düşündürürdü. Döyüşlərə erməni silahlı dəstələrini hazırlayıb göndərən erməni mərkəzləri çarizm hakimiyyət orqanları ilə birlikdə gələcək Ermənistana dair layihələr hazırlamağa başladılar. 1914-cü ilin noyabr ayında ermənilərin Tiflisdəki mərkəzi bürosu Ermənistanda özünüidarəetmənin layihəsini aşağıdakı kimi formalaşdırdı:

“Türkiyənin erməni vilayətləri bir yerdə Rusiyanın ali prorektoratlığında birləşdirilir. Mərkəzi inzibati şəxs xristian dininə itaət edən yüksək rütbəli general-qubernator olur. Geniş yerli islahatlar keçirilir. Sərhədləri dəyişdirilən erməni vilayətləri belə təşkil edilir: şimalda rus hüdudları; cənubda Aralıq dənizi. Beləliklə, onların tərkibinə Kilikiya (Çuxuroba – M.Q.) daxil olur.”

“Kaspi” qəzetinin 1914-cü il 18 noyabr tarixli 259 №li sayında yazılırdı ki, 6 vilayətdə – Ərzurum, Van, Bitlis, Harbert, Diyarbəkir və Sivasda ermənilər yığcam halda yaşayırlar. Digər iki vilayətdə – Adananın cənubunda və Trapezundun şimalında (Trabzon-M.Q.) ermənilər 40-50 faizə qədərdir. Bütün 6 vilayətdə 1 milyon 18 min erməni yaşayır. Digər 1 milyon 82 min erməni isə pərakəndə halda bütün Türkiyə ərazisində yaşayır. Heç yerdə Adanada və Trapezunda olduğu kimi çoxluq təşkil etmirlər. Beləliklə, Türkiyədəki bütün ermənilərin sayı 2 milyon 100 min nəfərə çatır. Hələ 1882-ci ildə İstanbuldakı erməni patrixanasının dərc etdiyi statistik məlumata görə, Türkiyədəki ermənilərin sayı 2 milyon 600 min nəfərə qədər idi. Bunun da 1 milyon 680 min nəfəri həmin altı vilayətdə yaşayırdı.

Əlbəttə, rəqəmlər xeyli şişirdilmişdi və gerçəkliyi əks etdirmirdi.

Bu zaman erməniləri ümidləndirən bir hadisə baş verdi. 1914-cü il noyabrın 26-da imperator II Nikolay Tiflisə gəldi. Dəvət olunan katolikos V Gevorq Eçmiadzindən çıxaraq onun qəbuluna getdi. Söhbət zamanı Osmanlının məğlub edilməsinin, erməni istəklərinin həllinin vacibliyi və silahlı dəstələrin vahid mərkəzdə təşkili barədə razılıq əldə edildi. Katolikosun Tiflisə gəlişi ilə eyni vaxtda erməni silahlı dəstələrinin döyüş meydanlarına göndərilməsi daha da artdı. Dekabrın 5-də Aramın rəhbərliyi altında “erməni könüllülərinin” bir hissəsi Xoya, oradan da Dilmana keçdi.

İmperatorla görüşdən sonra V Gevorq dekabrın 7-də Tiflisdə ermənilər qarşısında etdiyi çıxışında dedi: “İmperator II Nikolay onunla görüşəndə bildirmişdir ki, Böyük Pyotrun zamanından başlayaraq, Rusiya erməni xalqının müdafiəçisidir və indi Türkiyədə erməni xalqının azad edilməsi üçün çalışır. Erməni xalqı həmişə Rusiyaya sadiq qalmışdır və indiki tarixi şəraitdə qüdrətli rus ordusunun düşmən üzərində qələbəsi üçün bütün qüvvəsini verməlidir.”

İ.Vorontsov-Daşkov dekabrın 17-də İ.Qoremıkinə göndərdiyi teleqramında yazırdı ki, Türkiyənin Cənubi Qafqazda böyük siyasi maraqlarından başqa, Bakıda nəhəng neft mədənləri vardır. Onların türklər tərəfindən tutulması dövlətə böyük ziyan vurar. Canişin dövlət orqanlarının Tiflisdən köçürülməsini təklif edirdi. İ.Vorontsov-Daşkov dekabrın 21-də İ.Qoremıkinə göndərdiyi teleqramda yazırdı ki, türk ordusunun hücumları qarşısında bizim azsaylı Qafqaz ordumuz tab gətirə bilməz, türk ordusuna müsəlmanların rəğbəti artır. Ona görə də erməni silahlı dəstələrinin qurulmasına diqqət daha da artırıldı. Dekabr ayında “Priaz. Kr” qəzetində V Gevorqun və Qriqor X. Çalxuşyanın erməni komitələrinə belə müraciəti dərc olundu:

“Bununla, bütün erməni komitələrinin diqqətinə çatdırırıq ki, bundan sonra erməni könüllülərinin təlimi, ekipajlaşdırılması və zəruri olan bütün hər şeylə təchiz edilməsi yalnız Tiflisdə həyata keçiriləcəkdir. Burada hökumət bizim könüllülərin ehtiyaclarına geniş kömək edir. Ona görə də Tiflis bürosunun sərəncamına uyğun olaraq bütün erməni komitələrindən yerli xərclərdən imtina olunmasını xahiş edirik. Çünki vəsaitə kəskin ehtiyac vardır və ianələri təcili olaraq Tiflis bürosunun sədri Samson Stepanoviç Arutunovun adına göndərməyi xahiş edirik” (Qriboyedov küçəsi, Tiflis).

Tehran erməniləri də silahlı dəstələrə yardımda xüsusi fəallıq göstərdilər. Bolqarıstan, Rumıniya və digər ölkələrdən gələn ermənilər 1000 nəfərlik dəstə ilə dekabrın 19-da rus–türk cəbhəsinə yollandılar. Sonralar erməni tarixçisi A.Lalayan yazırdı ki, 1914-cü ilin əvvəlindən 1915-ci ilin sonunadək “Daşnaksütyun” 10 min nəfərlik “könüllü dəstə” yaradaraq Türkiyəyə qarşı döyüşə göndərdi. Bütövlükdə, Birinci dünya müharibəsi illərində 40 min erməni silahlısı dinc müsəlman, türk əhalisini kütləvi şəkildə qətlə yetirib.

(ardı var)





Siyasət