əvvəli https://www.xalqqazeti.az/az/elm/222263-elmler-akademiyasi-esrde-tarixi-zeruretden
SSRİ Elmlər Akademiyası nümayəndə heyətinin rəhbəri akademik D.S.Korjanskinin oxuduğu ittifaq EA-nın təbrik məktubunda deyilirdi:
“Azərbaycan SSR Elmlər Akademiyasının mövcud olduğu bütün illər ərzində onun göstərdiyi fəaliyyətin xüsusiyyəti bundan ibarətdir ki, Azərbaycan alimləri respublikanın sənayesi və kənd təsərrüfatı ilə sıx və bilavasitə əlaqə saxlayır, elmi-tədqiqat işlərinin xalqın mənafeyinə tabe etdirməyə çalışır...
Əmin olduğumuzu bildiririk ki, Azərbaycan SSR Elmlər Akademiyasının alimləri öz yeni tədqiqatları və elmi kəşfləri ilə qabaqcıl sovet elminin daha da tərəqqi etməsinə yardım göstərəcəklər. Azərbaycan xalqına və Azərbaycan alimlərinə respublikanın xalq təsərrüfatını, elm və mədəniyyətini böyük Vətənimizin rifahı üçün inkişaf etdirmək sahəsində yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzu edirik”.
Ukrayna SSR Elmlər Akademiyasının həqiqi üzvü İ.Z.Ştokalo, Belarusiya SSR Elmlər Akademiyasının həqiqi üzvü N.F.Yermolenko, Özbəkistan SSR Elmlər Akademiyası Kimya İnstitutunun direktoru X.U.Usmanov, Gürcüstan SSR Elmlər Akademiyasının prezidenti, akademik N.İ.Musxelişvili, Ermənistan SSR Elmlər Akademiyası prezidentinin müavini
A.L.Mikoyan, Türkmənistan SSR Elmlər Akademiyası prezidentinin müavini O.N.Məmmədniyazov, Qırğızıstan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru M.M.Adışev, Tacikistan SSR Elmlər Akademiyası prezidentinin müavini A.P.Nedavetski, Estoniya SSR Elmlər Akademiyasının həqiqi üzvü A.Y.Koort, SSRİ Elmlər Akademiyası Dağıstan Filialı Rəyasət Heyətinin sədri X.P.Əmirxanov da sessiyada təbrik nitqi söyləmişlər.
Azərbaycan KP MK Elm və mədəniyyət şöbəsinin müdiri A.S.Bayramov sessiyanın iştirakçılarını Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti, Azərbaycan SSR Nazirlər Kabineti və Azərbaycan KP NK adından, Neft sənayesi nazirinin müavini İ.M.Əsədov respublikanın Neft Sənayesi Nazirliyi adından təbrik nitqi söyləmişlər.
Sessiya SSRİ Tibb Elmləri Akademiyasından, SSRİ Arxitektura Akademiyasından, Litva SSR Elmlər Akademiyasından, Moskva Dövlət Universitetindən, SSRİ Elmlər Akademiyasının Neft İnstitutundan, habelə başqa elmi idarələrdən və alimlərdən təbrik teleqramları almışdır. Akademik A.Y.Koort Estoniya Elmlər Akademiyasının Azərbaycan xalqının görkəmli nümayəndələrinin dünya mədəni xəzinəsinə verdikləri böyük töhfələrdən bəhs olunan səmimi təbrikini səsləndirmişdir.
Elmlər Akademiyasında akademiyanın və onun institutlarının elmi əsərlərindən ibarət sərgi açılmışdır. Sessiya 4 gün davam etmişdir. Ümumi iclaslarda və bölmə iclaslarında əsas elmi problemlərə və akademiya alimlərinin yaratdıqları əsərlərə dair 65 məruzə dinlənilmişdir. Elmi sessiya iştirakçıları və qonaqlar aprelin 24-də Azərbaycan paytaxtının görməli yerlərini səyahət etmiş, muzeyləri ilə tanış olmuşlar.
Aprelin 25-də, ikinci plenar iclasda Azərbaycan SSR Elmlər Akademiyası bölmələrinin elmi-katibləri sessiya iştirakçılarına müvafiq elm sahələrinin respublikanın inkişafı və qarşıda duran vəzifələrinə həsr olunmuş məruzələrini təqdim etmişlər.
Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğun Vəkilov “Respublikada ictimai elmlərin inkişafı və vəzifələri”, akademik M.A. Qaşqay “Respublikada geoloji-coğrafi və kimya elmlərinin vəziyyəti və perspektivləri”, akademik A.İ.Qarayev “Biologiya və kənd təsərrüfatı elmləri sahəsində aparılan tədqiqat işlərinin yekunları və respublika elmi idarələrinin vəzifələri haqqında” məruzələrlə çıxış etmişdir. Akademik M.F.Nağıyev fizika-texnika elmləri sahəsində aparılan işlərin nəticələrinə və onların inkişaf perspektivlərinə dair hesabat təqdim etmişdir. Texnika elmləri doktoru, professor Əfəndizadə fizika-texnika elmlərinin inkişaf etdirilməsi sahəsində görülən işlərin nəticələri haqqında məruzə etmişdir. Aprelin 25-də axşam və 26-da bölmələrin iclasları davam etdirilmişdır. Bununla Azərbaycan SSR Elmlər Akademiyasının sessiyası qurtarmışdır.
Azərbaycanda Sovet hakimiyyətinin yaradılmasının 35-ci ildönümü və Azərbaycan SSR Elmlər Akademiyasının 10-cu ildönümü ilə əlaqədar olaraq akademiyanın keçirdiyi elmi sessiya aprelin 27-də qurtarmışdır.
Sessiyanın işində Azərbaycan alimləri, onlarla birlikdə qardaş respublikalarının alimləri – SSRİ Elmlər Akademiyasının, Ukrayna, Belarusiya, Özbəkistan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Estoniya Elmlər Akademiyalarının və SSRİ Elmlər Akademiyası Dağıstan filialının nümayəndə heyətləri iştirak etmişlər.
Ümumi iclaslarda edilən məruzələrdən əlavə, geologiya-kimya elmləri bölməsinin, fizika-texnika elmləri bölməsinin, biologiya və kənd təsərrüfatı elmləri bölməsinin, ictimai elmlər bölməsinin iclaslarında alimlərin işlərinin əsas problemləri və ən mühüm nəticələri barəsində 61 məruzə dinlənilmiş və müzakirə edilmişdir.
Sessiyanın iştirakçıları son iclasda qətnamə qəbul etmişlər. Qətnamədə elmi işi daha da yaxşılaşdırmaq, onun təcrübə ilə əlaqəsini qüvvətləndirmək, Kommunist partiyasının və Sovet hökumətinin sovet elmi qarşısında qoyduqları vəzifələrlə əlaqədar olaraq xalq təsərrüfatının inkişafına yardım göstərmək yolları müəyyən edilmişdir. Qəbul olunan qətnamə sovet elmi siyasətinin əsas komponentlərini – elmin iqtisadi inkişafla uzlaşdırılması və tətbiqi nəticələrin önə çəkilməsini Azərbaycan kontekstində formalaşdırmışdır.
Akademiyanın prezidenti M.M.Əliyev sessiyanı bağlayarkən qısa son söz söyləmiş və qardaş respublikaların akademiyalarından gəlmiş alimlərə sessiyanın işində iştirak etdiklərinə görə səmimi təşəkkürünü bildirmişdir.
Sessiyanın gedişi barədə bu geniş məlumat “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”– red.) 1955-ci il aprel nömrələrindən götürülmüşdür. Azərbaycan SSR Elmlər Akademiyasının 10 illiyi münasibətilə 23–27 aprel 1955-ci il tarixində keçirilmiş Azərbaycan SSR Elmlər Akademiyasının elmi sessiyasının hesabatı “1945–1955. Azərbaycan SSR Elmlər Akademiyasının 10 illiyi. Elmi sessiya, 23–27 aprel 1955-ci il. Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1957” kitabında da öz əksini tapmışdır.
Hazırda Akademiyada aparılan islahatların fundamental prioritetlərindən biri də AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə ölkəmizin tarixinin o dövrünün əlamətləri ilə bərabər, şəxsiyyətlərinin də sovet dövrünün yanaşmasından fərqli öyrənilməsidir. Onlar bu tarixi yaradan şəxsiyyətlər kimi əks olunmalıdırlar.
AMEA-nın keçdiyi tarixi yola nəzər saldıqda onun üzvlərinin fəaliyyətinə, yeri gəldikcə müraciət etmək lazımdır. Belə bir şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyevin qardaşı, görkəmli alim, akademik Həsən Əliyevdir. Böyük qürur hissi ilə qeyd etməliyik ki, keçən əsrdə iqtisadi fəaliyyətin ekosistemin ekoloji tutumundan kənara çıxmasının gözlənilən fəsadlarına dair ilk çağırışları edən də akademik Həsən Əliyev olmuşdur. Bu, həm də onun sübutudur ki, Azərbaycanda “yaşıl təfəkkür”ün, ekoloji düşüncənin tarixi heç də son onilliklərdəki dünyanın yeni çağırışları ilə bağlı deyildir. Bizim elmi fikir tariximizdə belə mütərəqqi yanaşmalar xeyli əvvəlki dövrlərə təsadüf edir.
SSRİ EA və müttəfiq respublikaların elmlər akademiyaları arasında ilk dəfə olaraq 1955-ci ildə Azərbaycan EA Rəyasət Heyətinin nəzdində Təbiəti Mühafizə Komissiyası təşkil edilmiş və bu komissiyaya Həsən Əliyev başçılıq etmişdir. 1955-ci ildən başlayaraq, təbiətin qorunması ilə əlaqədar dövri mətbuatda çox sanballı məqalələr çap edilmişdir.
Azərbaycanın görkəmli Xalq şairi Məmməd Araz akademik Həsən Əliyev haqqında “Böyük alim, böyük insan” məqaləsində yazmışdır: “Vaxtilə Yer üzündə əhalinin indikindən xeyli az olduğu bir zamanda insanın təbiətə təsiri zəif idi. Dünya əhalisinin çoxaldığı, insanın fəal qüvvə olduğu bir dövrdə, H.Ə. Əliyevin yazdığı kimi, tənasüb pozulur, təbiət bir növ “məğlub kimi” geri çəkilir. Lakin insan “bu qələbəsinə görə” döşünə döyməməlidir. Çünki insanın bioloji dövrana təsiri təbiətin zənginləşməsinə xidmət etmirsə, deməli, göyə atılmış daşın altından qaçmaq çox da asan olmayacaq. Müəllif respublikamız daxilində ətraf mühiti vərəqləyir, onun təbii mənzərəsinin xəritəsini göz önünə gətirməklə, əlvan rənglərdən danışmaqla bərabər, bu əlvanlığın pozulmaq qorxusundan da həyəcanla söhbət açır”.
Akademik Əliyev Həsən Əlirza oğlu 1978-ci ildə təbiətin mühafizəsi və Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə üzrə kompleks işlərinə görə Respublika Dövlət Mükafatına layiq görülmüşdür.
Birinci dövrün təhlili
Akademiyanın ilk onilliyində əldə olunan elmi nailiyyətlər (ilk fundamental lüğətlərin tərtibi, ikicildlik “Azərbaycan tarixi”, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi” və s.) ölkədə elmin nüfuzunu artırdı, cəmiyyətdə milli intellektual özünüdərkin möhkəmlənməsinə xidmət etdi. Həmin dövrdə elm bir tərəfdən sovet ideologiyasının tələblərinə uyğunlaşmalı, digər tərəfdən milli-mədəni irsi qoruyub təbliğ etməli idi. AMEA bu çətin tarazlığı qorumaqla həm dövlətin ehtiyac duyduğu tətbiqi tədqiqatları həyata keçirir, həm də Azərbaycan xalqının tarixini, dilini, ədəbiyyatını sistemli şəkildə öyrənərək cəmiyyətin milli şüurunu zənginləşdirirdi.
Sosial baxımdan, elm kütlələrin nəzərində cəlbedici sahəyə çevrilmiş, gənc nəsildə elmə maraq artmışdı; ideoloji baxımdan isə akademiya apardığı tədqiqatlarla klassik irsimizi dövrün sosialist ideallarına uyğun şəkildə təhlil etsə də, mahiyyət etibarilə milli kimliyi yaşatmağa töhfə verirdi. Bu dövrün təcrübəsi göstərir ki, elmi inkişafın ilkin mərhələsində əldə edilən nəticələr sonrakı onilliklər üçün möhkəm təməl rolunu oynayır.
AMEA-nın ikinci onilliyi
Azərbaycanda 1945-ci ildə Elmlər Akademiyasının təsis edilməsi İkinci Dünya müharibəsinin bitməsi dövrü ilə əlaqələndirilsə də, bu qurumun təsisinin əsasında böyük dövlətlərin qaşısında çox dərin elmi tutumlu silahların, o cümlədən nüvə silahlarının yaradılması və onlardan istifadə, ilk növbədə, onların uzaq məsafədə yerləşən ərazilərə çatdırılması problemləri dayanırdı.
ABŞ-ın İkinci Dünya müharibəsinin sonunda Yaponiyaya 2 ədəd atom bombası atması artıq dünyada elmi tutumlu problemlərə baxışda yeni yanaşmaları ortaya qoydu. Çox təcrübəli alimlər bu işlərə cəlb olunurdu. Eyni zamanda, nəzərə alınırdı ki, müharibənin törətdiyi ən böyük fəlakətlərdən biri də istər təbiət, istərsə də humanitar elmlər sahəsində yüksəkixtisaslı kadr çatışmazlığıdır. Təbiidir ki, burada müharibədən əvvəlki repressiyada itirilən kadr potensialı haqqında açıq şəkildə danışılmasa da, bu, özünü bütün sahələrdə çox aydın şəkildə göstərirdi.
Ölkədə məsələnin həllini SSRİ-nin öz elmi potensialını qoruyub saxlaya bilmiş elmi-tədqiqat institutlarına və ali təhsil müəssisələrinə müharibədən yenicə qayıtmış, arxa cəbhədə fəaliyyət göstərmiş mütəxəssislərin, müəyyən qədər tədqiqat aparmaq təcrübəsi olan gənclərin qeyd olunan qurumlara məqsədli tədqiqatlar aparmaq (aspirantura və elmlər doktorluğu üzrə doktorantura) üçün cəlb edilməsində görürdülər.
Müharibədən əvvəl və 1945–1955-ci illərdə qeyd olunan elmi-tədqiqat institutlarına və ali təhsil müəssisələrinə sonralar Azərbaycan Elmlər Akademiyasının üzvləri olacaq onlarla mütəxəssis göndərilmişdir. Onlardan həqiqi üzv olacaq bir neçəsini – H.M.Abdullayev,
B.A.Ağayev,Z.M.Bünyadov, M.C.Cavadzadə, Ç.M.Cuvarlı, M.M.Dadaşzadə, R.S.Əfəndiyev, M.H.Əli-zadə, Z.Ə.Əliyeva, Ə.Ə.Əlizadə, İ.A.Hüseynov, M.Ə.İbrahimov, F.Q.Köçərli, M.Ə.Məmmədyarov, M.Ə.Musayev, C.B.Quliyev, Ə.M.Quliyev, Ə.C.Sultanov və başqalarını göstərmək olar. Göndərilənlərdən sonralar müxbir üzv seçilənlərin sayı da ümumi siyahıda heç də az deyildir.
Akademiyanın sonrakı onilliklərində də məqsədli tədqiqatlara göndərilənlərin sayının əvvəlkindən xeyli çox olması ilə yanaşı, müharibədən əvvəl və 1945–1955-ci illərdə ezam edilən mütəxəssislər – yeni nəsil alimlər də Azərbaycana qayıtdıqdan sonra öz elmi məktəblərini yaratdılar və gələcək tədqiqatlar üçun yüksəkixtisaslı kadr hazırlığını müvəffəqiyyətlə həyata keçirdilər. Beləliklə, demək olar ki, sonrakı onilliklərin kadr potensialı ilk onilliyin hesabına yaradılmışdır və bu faktı akademiyanın birinci onillikdə əldə etdiyi nailiyyətlər sırasına daxil etmək məqsədəuyğundur.
Yuxarıda şərh olunanları daha da əyani şəkildə göstərmək məqsədilə Azərbaycanda fizika elmi məktəbinin tarixi ilə bağlı olan bəzi əlamətdar hadisələri qeyd etmək yerinə düşərdi.
SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü H.İ.Əmirxanov “A.F.İoffe haqqında xatirələr” kitabında yazır: “Mən 1935-ci ilin sonunda Azərbaycan Neft İnstitutunun fizika kafedrasının assistenti kimi Leninqrada gəldim. 1936-cı ildə Abram Fedoroviçlə ilk görüşümdən sonra Leninqraddan Bakıya qayıdarkən mənimlə birgə gənc fizik R.Q.Həsənov da qayıdırdı (hazırda o, Azərbaycan Dövlət Universitetinin maddə strukturu kafedrasına rəhbərlik edir). O, tez-tez Bakıya qayıtmağımızı xatırlayır və deyir ki, Leninqraddan mənimlə birlikdə yarımkeçiriciləri də gətirib”.
Həqiqətən də, həmin dövrdən Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutu yarımkeçiricilər fizikası üzrə elmi tədqiqatlar aparır və hazırda ölkəyə bir çox kəşflər və ixtiralar bəxş etmiş böyük elmi müəssisədir. Bu institutun direktoru, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki H.B.Abdullayev də Leninqradda doktorantura təhsili almış, A.F.İoffenin köməyi və dəstəyindən yararlanmışdır. Bu fakt Azərbaycanın elmi kadrlara sistemli şəkildə investisiya etdiyini və SSRİ-nin aparıcı elmi mərkəzləri ilə sıx əməkdaşlıq etdiyini sübut edir.
Görkəmli sovet alimi, akademik A.F.İoffenin və onun rəhbərlik etdiyi Leninqrad Fizika-Texnika İnstitutunun AMEA Fizika İnstitutunun inkişafındakı və kadr hazırlığındakı xidmətləri nəzərə alınaraq 2008-ci ildə Fizika-Texnika İnstitutunun 90 illik yubileyinə və akademik H.M.Abdullayevin xatirəsinə ithaf olunmuş “Azərbaycan fiziklərinin Sankt-Peterburq Fiztexi haqqında” xatirələr toplusu hazırlanaraq nəşr edilmişdir. Məcmuədə Leninqrad (indiki Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspirantura, doktorantura və təcrübə keçən alimlərimizin, o cümlədən akademiklər H.M.Abdullayevin, H.İ.Əmirxanovun, M.İ.Əliyevin, B.M.Əsgərovun, A.Ş.Mehdiyevin, B.H.Tağıyevin, T.C.Cəfərovun və digərlərinin təəssüratları verilmişdir.
20 illik yubiley
Yubileylə bağlı qeyd olunan nailiyyətlər, elmi məhsuldarlığın artması və elmi fəaliyyətin ümumrespublika səviyyəsində sosial tanınmasının göstəricisidir.
– AMEA-nın müxbir üzvü V.F.Neqreyev və geologiya-minerologiya elmləri namizədi F.İ.Səmədov Azərbaycan SSR-də dəniz neft yataqlarının hərtərəfli işlənməsinə görə 1961-ci ildə Lenin mükafatına layiq görülmüşlər.
– Azərbaycan SSR EA-nın Botanika İnstitutunun şöbə müdiri, akademik V.İ.Ulyanişev 1964-cü ildə 3 cildlik “Azərbaycan mikroflorası” elmi əsərlər toplusuna görə elm üzrə Lenin mükafatına layiq görülmüşdür.
– “Sovet incəsənətinin inkişafı sahəsində böyük xidmətlərinə görə” bəstəkar Fikrət Məşədi Cəmil oğlu Əmirova SSRİ Xalq artisti adı verilmişdir.
– Azərbaycan Ali Soveti Rəyasət Heyətinin 17 aprel 1965-ci il tarixli Fərmanı ilə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan SSR Mədəniyyət Nazirliyi Arxitektura və İncəsənət İnstitutunun direktoru Mikayıl Ələskər oğlu Hüseynov “Azərbaycan arxitekturasının inkişafındakı xidmətlərinə, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq” Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir.
(ardı var)