Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. İclası giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” 5 noyabr 2025-ci il tarixli Sərəncamı ilə təltif edilən AMEA əməkdaşlarına müvafiq təltiflərin təqdim edilməsi haqqında olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli dövlət başçısının sözügedən Sərəncamının Akademiyanın 80 illik şərəfli tarixinin əlamətdar hadisələrindən biri olduğunu söyləyib. Qeyd edib ki, bundan öncə dövlət başçısının müvafiq Sərəncamı ilə Akademiya əməkdaşları ölkə üzrə ən çox “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilənlər sırasında idi. Akademik İsa Həbibbəyli bildirib ki, bu, Prezident İlham Əliyevin Azərbaycan elminə, aliminə, ziyalısına, Azərbaycan Milli Elmlər Akademiyasına verdiyi böyük dəyərin və qiymətin bariz ifadəsidir. Həmçinin ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının Akademiya tarixinin çox əhəmiyyətli səhifələrindən biri olduğunu deyən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Sərəncamda AMEA-nın keçdiyi şanlı tarixi yola nəzər salınır, bu tarix dövlət başçısı tərəfindən yüksək qiymətləndirilir və gələcək fəaliyyətə dəstək verilir, qarşıya vəzifələr qoyulur.
“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştirakı və proqram xarakterli, dərin məzmunlu nitqi Akademiyanın, alimlərimizin gələcək fəaliyyətinin yol xəritəsidir. Prezident İlham Əliyevin IV Sənaye inqilabının əsas çağırışlarından olan kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalara dair yubiley nitqindəki fikirləri bundan sonrakı fəaliyyətimizin əsasını təşkil edəcək. Akademiya və Azərbaycan alimləri olaraq cənab Prezidentin nitqindən irəli gələn vəzifələrin yüksək səviyyədə icrası əsas vəzifəmizdir”, – deyə akademik İsa Həbibbəyli bildirib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan dilinin saflığının qorunması və Azərbaycan tarixinin, Azərbaycanın dövlətçilik tarixinin yenidən yazılması ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrdən irəli gələrək dərhal AMEA-nın Rəyasət Heyətində dilçi və tarixçi alimlərlə görüşlər keçirilib, təkliflər irəli sürülüb, Akademiyanın elmi müəssisə və təşkilatlarına tapşırıqlar verilib, alimlərimiz mətbuatda məqalələrlə çıxışlar edib və yaxın günlərdə AMEA-nın vahid Tədbirlər planı qəbul olunacaq.
Akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, Azərbaycan alimləri, ziyalıları dövlətimizin başçısının uğurlu daxili və xarici siyasətini bəyənir, daim dəstəkləyir və bundan sonra da müstəqil Azərbaycanın inkişafı yollarında Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun apardığı siyasətə öz dəstəklərini verəcəklər.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” 5 noyabr 2025-ci il tarixli Sərəncamı ilə əlaqədar təltif olunanlara mükafatları təqdim olunub. Təltif olunanlar çıxış edərək dövlət başçısına Azərbaycan elminə, aliminə verdiyi yüksək diqqət və dəyərə görə minnətdarlıqlarına bildirib, alimlərimizin qarşısına qoyduğu vəzifələrin icrası istiqamətində bundan sonra da yorulmadan çalışacaqlarını söyləyiblər.
İclasda, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiq edilib.
Həmçinin dünya şöhrətli görkəmli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş “Minilliklərin riyazi ahəngi. Qlobal dialoq” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi qərara alınıb.
Bundan əlavə, biologiya elmləri doktoru Süleyman Allahverdiyevin 75 illik yubileyi haqqında qərar qəbul edilib.
Sonda yekun söz ilə çıxış edən akademik İsa Həbibbəyli son 3 il ərzində Akademiyada tarixi elmi ənənələri qorumaqla yeniləşmə və islahatlar naminə mühüm addımların atıldığını deyib. Diqqətə çatdırıb ki, müasir dövrün çağırışlarından irəli gələrək bir çox struktur islahatları aparılıb, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən və dövlətimizin maraqlarından irəli gələrək yeni şöbələr yaradılıb, süni intellekt istiqamətində mühüm işlər görülüb və bu mərhələ Akademiyanın tarixində Yeniləşmə və islahatlar dövrü kimi qiymətləndirilir. Akademik İsa Həbibbəyli bildirib ki, artıq bu mərhələ başa çatır və AMEA-nın tarixində yeni mərhələ başlanır. Akademik İsa Həbibbəyli qeyd edib ki, artıq qarşımızda yeni vəzifələr, tapşırıqlar, dövlətimizin çağırışları dayanır və bu vəzifələrin yüksək səviyyədə icrası, Azərbaycanın dünya elmində layiqli təmsil olunması alimlərimizin, elmimizin borcudur və bütün bunlar gələcək fəaliyyət istiqamətimizin əsasını təşkil edəcəkdir.
Qabil YUSİFOĞLU
XQ

