Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı

post-img

(əvvəli https://xalqqazeti.az/az/elm/222099-elmler-akademiyasi-esrde-tarixi-zeruretden)

Azərbaycan alimləri müharibə dövründə neft, qaz və başqa mineral ehtiyatların axtarışı və çıxarılması sahəsində yeni metodların işlənib hazırlanması, yüksəkoktanlı benzin, yüksəkkeyfiyyətli sürtkü yağları, partlayıcı maddələr, yarımkeçiricilər, maqnitli ərintilər, partlayan boyalar, rabitə vasitələrinin əldə olunması proseslərininin yaradılması sahəsində ümumi işə böyük xidmət göstərmişlər.

Müharibənin sonunda elm xadimlərinin qələbədəki rolunu yüksək dəyərləndirən sovet dövləti bir sıra ittifaq respublikalarında milli elmlər akademiyalarının yaradılmasına qərar verdi. Azərbaycan Milli Elmlər Akademiyası da 1945-ci ildə məhz həmin tarixi zərurətdən – ölkənin dağıdılmış iqtisadiyyatını və kadr potensialını bərpa etmək, eləcə də elmi nailiyyətləri dinc quruculuq məqsədlərinə yönəltmək ehtiyacından yaranmışdır.

Bunlara baxmayaraq, SSRİ Elmlər Akademiyasının keçən əsrin 30-cu illərindəki fəaliyyəti, SSRİ-nin müttəfiq respublikalarının qurumlarındakı – filiallarındakı fəaliyyətləri də dövrün siyasi tələblərinə cavab verməklə qarşılarına qoyulan məsələlərin həllinə yönəldilirdi.

Qeyd olunanları biologiya elmləri namizədi A.L.Rijanaşvili “SSRİ Elmlər Akademiyası Zoologiya İnstitutu və 1930-cu illərdə hidrobioloji tədqiqatların institusional yenidən təşkili” (Зоологический институт АН СССР и институциональная реорганизация гидробиологических исследований в 1930-е годы. Вестник Российской Академии Наук, 2020, том 90, № 10, с. 967–979) adlı məqaləsində belə ifadə etmişdir: “SSRİ-də siyasi ab-havanın kəskin dəyişməsi biologiyanın bütün sahələri üzrə dünyada nəzəri fikrin sürətli inkişafı ilə üst-üstə düşdü. Ölkəmizdə dünya elminin bu çiçəklənməsi totalitarizmin son formalaşması ilə sarsıldı. 1929-cu ildə İ.V. Stalin “təmiz” elmin zərərini və fundamental tədqiqatların müstəsna olaraq sosializm quruculuğunun tələbləri əsasında təşkilinin zəruriliyini bəyan etdi. 1930-cu illərin əvvəllərində hakimiyyət orqanlarının təbiətə münasibəti tam formalaşdı ki, bu da ekologiya sahəsində elmi tədqiqatların mahiyyətinin və məqsədlərinin dəyişməsinə səbəb oldu”.

Akademik C.B.Quliyev “Keçmişin öyrənilməsi. Problemlər, vəzifələr” adlı məqaləsində. (C.B.Quliyev. Tarix: düşüncələr, mülahizələr, qeydlər... (1953-2003), Bakı, “Elm”, 2004, 764 səh+48 səh.şəkil.,s.483) göstərirdi: “Bütün elm sahələri kimi, tarix elminin də potensialı illər və onilliklər ərzində toplanır. Açığını deməliyik ki, bizim elmimiz şəxsiyyətə pərəstişdən, durğunluqdan daha çox ziyan çəkmiş, daha çox şey itirmişdir”.

Qeyd olunanlar elmin qarşısında duran vəzifələri həmişə düzgün qiymətləndirə bilən, tədqiqatlarının istiqamətlərini fundamental elmi-tədqiqatların nəticələrinə əsaslanaraq müəyyənləşdirən alimlərin fəaliyyətinə maneələr yarada bilmədi. Belə alimlərdən biri SSRİ EA-nın müxbir üzvü, Azərbaycan EA-nın təsisçilərindən biri olan akademik Yusuf Məmmədəliyev idi. Məmmədəliyevin hidrogen energetikasına dair erkən dövrdəki tədqiqatları bu gün qlobal enerji strategiyalarında ön sıradadır. Bu, Azərbaycan elminin yalnız yerli yox, qlobal miqyaslı mövzulara da töhfə verə bildiyinin sübutudur. Alimin vizyonu onun elmi uzaqgörənliyini nümayiş etdirir.

Azərbaycan Milli Elmlər Akademiyasının sadiq prezidenti akademik Yusuf Məmmədəliyevin 1934-cü ildə bu gün qalıq yanacaqlarının tədricən azaldılmasında və enerjinin saxlanılmasında cox əhəmyyətli hesab edilən hidirogen haqqında "Azərbaycanda hidrogen problemi" məqaləsi çap olunmuşdur (Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş “Akademik Yusif Məmmədəliyev” (baş məsləhətçi və elmi redaktor akademik Akif Əlizadə) kitabı. Bakı, Elm, 2015, 192 səh). Hidrogenin alınması sahəsində yüksək nailiyyətlər əldə edən alim ilk dəfə olaraq onun yanacaq kimi istifadəsi haqqında fenomenal nəticəyə gəlmişdir. Alim tərəfindən o vaxtlar irəli sürülən bu nadir ideyalar indi də çox aktual və müasirdir. Hazırda hidrogen energetikası sahəsində geniş tədqiqatlar aparılır və hətta hidrogen ilə işləyən maşınlar istehsal edilir.

Arkadi Sosnov “Poisk” qəzetinin 11 sentyabr 2023–cü il tarixli buraxılışında çap olunan “Quşlar deyəcək. Yeni reallıqlarda Rusiya və Azərbaycan zooloqlarının əməkdaşlığını necə canlandırmaq"(Подскажут птицы. Как возродить сотрудничество российских и азербайджанских зоологов в новых реалиях) məqaləsində yazır ki, SSRİ Elmlər Akademiyası Zoologiya İnstitutunun yorulmaz ornitoloqu Yelizaveta Vladimirovna Kozlovanın izi ilə Azərbaycanın Qızılağac Milli Parkına yollandım. 1930-cu illərdə o, institutun digər əməkdaşları ilə birlikdə mütəmadi olaraq Xəzər dənizinin cənub-qərb sahilinə gəlirdi, burada saysız-hesabsız köçəri quşlar, o cümlədən Rusiyanın şimal-qərbindən gələn quşlar qışlayırdı. İndi Rusiya Elmlər Akademiyasının Zoologiya İnstitutunun fondlarında saxlanılan unikal kolleksiyalar belə formalaşdı. Eyni zamanda, bu cür akademik desantlar, o cümlədən, ilk növbədə Moskva və Leninqrad universitetlərində gənc milli kadrların hazırlanması ittifaq respublikalarında elmi mərkəzlərin yaradılmasına öz töhfəsini verdi. Azərbaycan da istisna deyil; 1935-ci ildə burada SSRİ Elmlər Akademiyasının filialı yaradılmış, 10 ildən sonra Azərbaycan Elmlər Akademiyasına çevrilmişdir. Mənə dedilər ki, Qızılağacda hətta SSRİ Elmlər Akademiyası Zoologiya İnstitutunun kitabxanasından möhürlənmiş kitablar da qorunub saxlanılıb. Bəs siz bilirsinizmi Azərbaycanda Xəzərin qışlaqlarında su quşlarının siyahıya alınması ilə bağlı ən geniş məlumat kimdə var? Moskva Dövlət Universitetinin məzunu Elçin Sultanov aspiranturanı başa vurub, MDU-da namizədlik dissertasiyası müdafiə edib və bu məktəb dərhal gözə dəyir. O zaman respublikanın qüdrətli rəhbəri Heydər Əliyeviç Əliyev Azərbaycan məktəblərindən müsabiqə yolu ilə seçilən 800 istedadlı məzununa hər il ən yaxşı sovet ali məktəblərinə daxil olmaq imkanı yaratdı. Bakının ziyalı ailəsindən olan bir gənc Moskva Dövlət Universitetinin biologiya fakültəsini belə bitirdi”.

Nəhayət, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci il dekabrın 31-də Prezident sarayında Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovu qəbul edərkən Azərbaycanda akademik elmi mərkəzin yaradılmasını belə şərh etmişdir: “Ancaq tarixin müəyyən bir mərhələsində – 1945-ci ildə, İkinci Dünya müharibəsi qurtaran zaman, ən çətin dövrdə yaranmış akademiyanı təəssüflər olsun ki, 1980-ci illərin sonunda, 1990-cı illərin əvvəllərində dağıtmaq istədilər və əslində, o səviyyəyə gətirib çıxardılar. Biz bunun qarşısını aldıq, buna imkan vermədik və seçkilərlə, aparılan başqa tədbirlərlə, maaşların artırılması ilə akademiyaya yeni bir nəfəs verdik. Milli Elmlər Akademiyası indi əvvəlki kimi işləyə bilməz. Vaxtilə SSRİ-də müttəfiq respublikalarda milli kadrların hazırlanmasını təmin etmək üçün və hər respublikanın elmi potensialından yerlərdə istifadə etmək üçün belə akademiyalar yaradılmışdır. Ancaq bu, o vaxtın tələbi idi. O vaxt belə idi ki, istər kiçik olsun, istərsə də böyük olsun, müttəfiq respublikalardakı akademiyaların fəaliyyətində SSRİ Elmlər Akademiyasında olan istiqamətlərin hamısı əksini tapırdı və bütün sahələrdə elmi axtarışlar aparılırdı. İndi müstəqil olan bu ölkələrin hər birinin öz milli akademiyası var. Hər bir ölkə özü müəyyən edir ki, ona akademiya lazımdır, yoxsa lazım deyildir. Əgər lazımdırsa, bu, hansı strukturda lazımdır. Bu struktur da bu ölkənin tələbatına uyğun olmalıdır. Təbiidir ki, ölkənin tələbatları çox dar çərçivədə ödənilmir. Birincisi, ölkənin özünün elmi potensialı, ikinicisi, elmi bazası, maddi-texniki bazası olmalıdır. Üçüncüsü, Azərbaycanda elə elmlər var ki, daim inkişaf etməlidir. Məsələn, neft sahəsi. Bu, daim yaşayacaqdır, çünki neft, qaz bizim zəngin sərvətlərimizdir. Bu sahədə elmi-tədqiqat işləri getməlidir. Yaxud təbiətə, torpağa, başqa şeylərə aid olan sahələrdə elmi işlər getməlidir”.

Bu çıxışda AMEA-nın müstəqil dövlət şəraitində funksiyalarının dəyişməsi və yenilənməsi tələb olunur. Artıq yalnız sovet modelinə əsaslanmayan, öz milli prioritetlərini və ehtiyaclarını müəyyənləşdirən yeni bir akademik vizyon ortaya qoyulmuşdu. Elmi-siyasi sintez burada özünü ən bariz şəkildə göstərir.

Məqalədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Akademiyanın ilk iki 10 illiyinin elmi-təşkilati strukturunun qurulması və elmin əsaslarının yaradılması dövrü kimi verildiyinə əsaslanaraq ilkin olaraq bu dövrü qısa şəkildə şəhr etməklə onun gələcəyə ünvanlanan fəaliyyətinə o dövrün tarixi reallıqları şəraitində əldə edilən nəticələi qiymətləndirməklə baxışlarımızı müəyyən etməyi məqsədəuyğun hesab etdik. İsa Həbibbəylinin dövr bölgüsü yalnız struktur deyil, həm də dəyərləndirmə funksiyası daşıyır. Akademiyanın ilk onillikləri onun öz tarixi və elmi kimliyini formalaşdırdığı mərhələ kimi qiymətləndirilir ki, bu da gələcək dövrlər üçün möhkəm təməl kimi çıxış edir.

Birinci onillik

Azərbaycanın ali elmi qurumu olan Akademiya yarandığı gündən elmimizdə və mədəniyyətimizdə əhəmiyyətli yer tutur. Nizaminin yubileyinə həsr ounmuş təntənəli tədbirin Akademiyada keçirilən ilk mötəbər tədbir olması bunun bariz nümunəsidir. Akademiyanın təsis olunması elmi biliklərin institusional idarə olunması prosesinin başlanğıcı olmaqla, Azərbaycanda fundamental və tətbiqi elmlərin sistemli inkişafına şərait yaratdı. Bu, həm də milli intellektual kapitalın mərkəzləşdirilməsinin ilk forması idi.

Azərbaycanda və ittifaq miqyasında Nizaminin yubiley tədbirlərinə hazırlıq 1946-cı ildən başlanır. Sentyabrın 22-də Azərbaycan SSR Elmlər Akademiyasının binasında Nizaminin 800 illik yubileyi ilə bağlı SSRİ Yazıçıları İttifaqı Rəyasət Heyəti ilə Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin birgə plenumu baş tutur. Giriş nitqini SSRİ Yazıçılar İttifaqının baş katibi A.Fadeyev söyləyir. Nizaminin yaradıcılığı ilə bağlı məruzələr, çıxışlar səslənir. Xalq şairi Səməd Vurğunun “Nizami irsi və müasir dövrümüz” məruzəsi maraqla dinlənilir. Plenum iki gün davam edir. Sentyabrın 24-də Nizami Muzeyinin açılışı baş tutur. Bu barədə məlumat Fəridə Səfiyevanın “Bir ömrün iziylə” (.“Elm”, Bakı, 2018, 296 səh.) adlı kitabında verilmişdir. Bu məruzə vasitəsilə Vurğun, klassik ədəbi irsin çağdaş sosialist cəmiyyətinin idealları ilə uzlaşdırılmasına nail olmağa çalışmış, ədəbiyyatın tərbiyəedici funksiyasını vurğulamışdır.

Akademik H.Hüseynov 1948-ci ildə 4 cildlik "Tam rus-Azərbaycan lüğəti"nə görə Stalin mükafatına layiq görülmüşdür. Bu mükafat, yalnız elmi dəyərin deyil, həm də ideoloji uyğunluğun tanınmasının ifadəsi idi. O dövrün kontekstində elmi nailiyyətlər ideoloji konformizm ilə sıx bağlı idi.

Fəridə Səfiyeva həmçinin qeyd edir ki, “Bakinskiy raboçiy” qəzetinin 1 iyun nömrəsində çıxan “Qabaqcıl sovet elminin yeni qələbələri” («Новые победы передовой советской науки») məqalədə deyilir: “Filologiya üzrə ən yaxşı işlərdən biri kimi Azərbaycan EA-nın həqiqi üzvü Heydər Hüseynov, Azərbaycan EA-nın Dilçilik İnstitutunun direktoru Y.A.Mirbabayev və həmin institutun Lüğət və terminologiya şöbəsinin müdiri A.A.Orucov tərəfindən hazırlanmış lüğət hesab olunur. Lüğət söz ehtiyatı baxımından bu günə qədər mövcud olan lüğətlərin ən genişidir". Qəzetin həmin nömrəsində SSRİ EA-nın prezidenti akademik Vavilovun H.Hüseynova ünvanladığı təbrik teleqramı çap olunur: “Bakı, Azərbaycan SSR Elmlər Akademiyası, H.Hüseynova. Sizi, elmi işlərinizə yüksək qiymət verilməsinə sübut kimi, Stalin mükafatı almanız münasibətilə təbrik edirəm. Yeni uğurlar arzu edirəm. SSRİ EA-nın prezidenti akademik Vavilov”.

Azərbaycan Elmlər Akademiyasının 1950-ci il üzrə icmalı və yubiley sessiyası haqqında məlumatlar “Kommunist” qəzetinin 1 yanvar 1950-ci il tarixli nömrəsində nəşr olunan “Azərbaycan Elmlər Akademiyası 1950-ci ildə” və “Azərbaycan SSR Elmlər Akademiyasının ilk yubiley sessiyası” adlı məqalələr əsasında verilir:

Azərbaycan Elmlər Akademiyası 1950-ci ildə. Azərbaycan SSR Elmlər Akademiyasının 1950-ci ildə görəcəyi iş müharibə sonrası Stalin beşilliyinin sonuncu qəti ili vəzifələrinə tabe etdirilmiş və akademiyanın beşillik planını müvəffəqiyyətlə başa çatdırmaqdan ibarət olmuşdur. Bu işlər əsas etibarilə akademiyanın 4 şöbəsində mərkəzləşdirilmişdir.

Geoloji-kimya elmləri şöbəsi öz planını yeni Stalin beşilliyinin qarşıya qoyduğu vəzifələr və Azərbaycan bolşeviklərinin XVII qurultayında M.C.Bağırov yoldaşın məruzəsi əsasında tərtib etmişdir. Şöbə neft sənayesinin geoloji və neft kimyasının əsas məsələlərini həll etməli idi. Şöbənin institutları öz işlərini neft sənayesinin inkişafı ilə əlaqədar olan mövzular əsasında qurmuşdur.

1950-ci ildə həll ediləcək əsas məsələlərdən biri də respublikanın faydalı qazıntılarını axtarıb tapmaq idi. Bundan əlavə Xəzər dənizinin səthinin dəyişməsi, nəhəng Mingəçevir su-elektrik stansiyası tikintisilə əlaqədar olan respublikada iqtisadi-coğrafi rayonlaşdırma və başqa bir sıra bu kimi mühüm məsələlər də həll olunacaqdır. Bu prioritet, iqtisadiyyatın xammal bazasına söykənən inkişaf modelinin elmi təminatını yaratmağa xidmət edirdi və tədqiqatların strateji yönünü müəyyənləşdirirdi.

Bioloji və kənd təsərrüfatı elmləri şöbəsi 1950-ci ildə respublika kənd təsərrüfatının məhsuldarlığını daha da artırmaqla məşğul olmuşdur. Aqrokimya və Torpaqşünaslıq İnstitutu neft sənayesinin müxtəlif tullantılarından, mədən və orqanik kübrələrdən istifadə edilməsi, hərarət, su və havanın ağır torpaqlara təsiri məsələlərini öyrənmişdir. Şöbənin görəcəyi işlər içərisində respublikada çay əkini sahəsini 20 min hektara çatdırmaq vəzifəsi də dururdu.

İctimai elmlər şöbəsi 1950-ci ildə Azərbaycanın tarixi, maddi mədəniyyəti, etnoqrafiyası, ədəbiyyat və incəsənət tarixi, fəlsəfə, dil və iqtisadiyyat məsələləri ilə əlaqədar olan bir sıra mühüm işlər görmüşdür.

A.A.Bakıxanov adına Tarix İnstitutu 1950-ci ildə iki cildlik “Azərbaycan tarixi”ni buraxmışdır. Bu mühüm əsərin birinci cildi qədim zamandan başlayaraq XVIII əsrədək olan dövrü, ikinci cildi isə XIX əsrdən Böyük Vətən Müharibəsinədək olan dövrü əhatə edir. Cildlərin hər biri 30-35 çap vərəqi həcmindədir. Bu cildlərdə təqdim olunan tarix sovet baxış bucağına uyğun redaktə olunmuş, sinfi yanaşma tarixin əsas prinsipi kimi tətbiq edilmişdir. Lakin eyni zamanda bu nəşrlər milli tarixçilik ənənəsinin qorunmasına da xidmət edirdi.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 6 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin qədim dövrə aid olan birinci cildinin yazılışını başa çatdıraraq, sovet ədəbiyyatı dövrünü əhatə edən 6-cı cildi çapa vermişdir. İnstitut bu mükəmməl əsərdə birlikdə respublikanın görkəmli şəxsiyyətləri haqqında monoqrafiya da buraxacaqlar. Birinci növbədə böyük demokrat yazıçı Mirzə Cəlil Məmmədquluzadə, inqilabçı şair Mirzə Ələkbər Sabir və şair – istedadlı tərcüməçi Abbas Səhhət haqqında monoqrafiyalar nəşr edilmişdir. Böyük alim və dramaturq Mirzə Fətəli Axundov haqqında yeni elmi əsər buraxılmış, “Rus yazıçıları Azərbaycan haqqında”, “Azərbaycan sovet ədəbiyyatında bolşevik surəti”, “Azərbaycan sovet ədəbiyyatında xalqların Stalin dostluğu” və “Sovet dövründə Azərbaycanda aşıq poeziyası” kimi qiymətli əsərlər çap edilmişdir. Bunlardan əlavə fəlsəfə, tarix, ədəbiyyat, incəsənət, dil və lüğət sahələrinə aid olan bir sıra elmi əsər çapa verilmişdir.

Akademiyanın Fəlsəfə İnstitutu tərəfindən ilk dəfə olaraq SSRİ xalqları mütəfəkkirlərinin həyat və fəaliyyətinə aid elmi məlumatları əks etdirən Azərbaycanca fəlsəfə lüğəti hazırlanıb nəşr etdirilmişdir. Bundan başqa Azərbaycanda fəlsəfi və ictimai fikrin inkişafına dair bir sıra elmi-tədqiqat əsərləri nəşr edilmişdir.

Elmlər Akademiyası 1950-ci ildə böyük Leninin anadan olmasının 80 illiyi, Azərbaycanca ilk “Əkinçi” qəzetinin 75 illiyi, böyük alim və mütəfəkkir Mirzə Məmmədəli Kazım bəyin vəfatının 80 illiyi və digər tarixi hadisələrə həsr edilmiş elmi sessiyalar keçirmiş, Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyovun “Seçilmiş əsərləri”nin birinci cildini buraxmış, Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ətrafında başlanmış elmi qazıntı işlərini davam etdirmiş və buraya ekspedisiyalar göndərmişdir. Məlumat “Kommunist” qəzetinin, 1 yanvar 1950-ci il nömrəsində verilmidir.

İlk yubiley sessiyası

Azərbaycanda Sovet Hakimiyyəti qurulmasının 35-ci ildönümü və Azərbaycan SSR Elmlər Akademiyasının 10 illiyi münasibətilə 23 aprel 1955-ci ildə axşam saat 7-də Azərbaycan SSR Elmlər Akademiyasının elmi sessiyası başlamışdır. Akademiyanın böyük salonuna elmi işçilər, SSRİ Elmlər Akademiyasının və müttəfiq respublikaların Elmlər Akademiyalarının nümayəndə heyətləri, ictimaiyyət nümayəndələri, partiya, sovet işçiləri və başqaları toplaşmışdılar. Bu sessiya, sovet elmi ictimaiyyətində Azərbaycan elminin yerini və perspektivlərini nümayiş etdirməklə yanaşı, həm də milli elmi kadrların yetişdirilməsi prosesinin legitimləşdirilməsi baxımından əlamətdar idi.

Sessiyanı qısa giriş nitqi ilə qocaman alim, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü M.Mirqasımov açmışdır. Elmlər Akademiyasının prezidenti, akademik M.M.Əliyev “Azərbaycan SSR Elmlər Akademiyasının 10 illiyi” adlı məruzə ilə çıxış edərək, Azərbaycan xalqının xalq təsərrüfatının, elmin və mədəniyyətin inkişafındakı mühüm nailiyyətlərindən bəhz etmişdir.

(ardı var)





Elm