Goranboy şəhərinin gecə işıqlandırılması yenilənir

post-img

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birlikdə Goranboy şəhərində gecə işıqlandırılmasının yenilənməsi istiqamətində aparılan işlərlə yerində tanış olub. Səfər zamanı icra başçısına görülən işlərin gedişi, quraşdırılan yeni işıq dirəklərinin keyfiyyəti, enerji qənaətini təmin edən LED lampaların istifadəsi və layihənin ümumi mərhələləri barədə geniş məlumat verilib.

Şəhərdə gecə işıqlandırılmasının yenilənməsi təkcə vizual gözəlliyin artırılması deyil, həm də bir sıra mühüm funksiyaları yerinə yetirir. Keyfiyyətli işıqlandırma sakinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: küçələrin daha işıqlı olması gecə hərəkət edən piyadaların və sürücülərin yol şəraitini daha rahat görməsinə şərait yaradır, qəzaların və hüquq pozuntularının qarşısının alınmasına kömək edir. Bununla yanaşı, müasir işıqlandırma sistemi şəhərin ümumi infrastrukturunun inkişafı baxımından əhəmiyyətlidir. Yenilənmiş işıqlandırma Goranboyun daha müasir, rahat və cəlbedici şəhər obrazının formalaşmasına xidmət edir.

Gecə işıqlandırılması həm də turizm və sosial həyat üçün vacib amillərdəndir. Aydın işıqlandırılmış küçələr insanların axşam saatlarında şəhərdə daha sərbəst və təhlükəsiz şəkildə hərəkət etməsinə imkan verir, ictimai fəallığı artırır və şəhər mühitinə canlılıq gətirir. Yeni LED texnologiyalarının tətbiqi isə elektrik enerjisindən daha səmərəli istifadə olunmasını təmin edir, bu da uzunmüddətli perspektivdə büdcəyə qənaət və ekoloji yükün azalması deməkdir.

Goranboyda aparılan işlərin yaxın günlərdə tam yekunlaşdırılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi şəhərin infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımlardan biri kimi qiymətləndirilir.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri
 
 













Sosial həyat