Aktau şəhərində Ulu Öndərin vəfatının ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

post-img

Azərbaycanın Aktaudakı Baş konsulluğunun və burada fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin təşkilatçılığı ilə Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Qazaxıstan: Liderlik, İrs və Müasir Əhəmiyyət” elmi-praktik konfrans keçirilib.

Konfransda universitetin rəhbərləri, müəllim və tələbələr, Türkiyənin, Özbəkistanın, İranın baş konsulları, Türkmənistanın konsulu, Baş konsulluğumuzun əməkdaşları və diasporumuzun üzvləri iştirak ediblər.

Konfrans iştirakçıları öncə ulu öndərin həyat və fəaliyyətinə dair kitablardan ibarət sərgi ilə tanış olublar.

“Azərbaycan Mərkəzi” İctimai Fondunun rəhbəri İlkin Orucov konfransı açaraq ulu öndərin həyat və fəaliyyəti haqqında məlumat verib.  

Sonra Azərbaycanın Akatudakı baş konsulu Ayxan Süleymanlınınun, universitetin rektoru Berik Axmetovun, universitetin professoru Akmaral Medixanovanın, “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynovun, diasporumuzun üzvü Yusif Quliyevin, o cümlədən konfransa ölkəmizdən onlayn qoşulan Azərbaycan Milli Akademiyasının və Beynəlxalq Astronavtika Akademiyasının müxbir üzvü, professor Vəli Hüseynovun,  Bakı Dövlət Universitetinin professoru Eldar Cəfərovun, Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənovun, Azərbaycan Universitetinin kafedra müdir Elvin Talışinskinin çıxışları dinlənilib.

Berik Axmetov çıxışında Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərdən söz açıb, Heydər Əliyevin ölkələrimizin qardaşlıq münasibətlərinin inkişafına töhfələr verdiyini, dövlətlərimiz arasında mövcud olan dostluq münasibətlərinin elm, təhsil sahəsində də hərtərfli əməkdaşlığa imkan yaratdığını qeyd edib.

Ayxan Süleymanlı öz çıxışında qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, xalqımızı zamanın sərt sınaqlarından çıxararan Heydər Əliyevin həyat və fəaliyyətindən, o cümlədən ulu öndərin mükəmməl siyasətini yeni müstəvidə, dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülmüş işlərdən, həyata keçirilən islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan söz açıb.

Digər çıxış edənlər Heydər Əliyevi ölkəmizin və türk dünyasının çoxəsrlik dövlətçilik tarixində nadir şəxsiyyət və müasir Azərbaycan dövlətinin qurucusu olduğunu vurğulayıblar.

Sonra ulu öndərin ruhuna ehsan süfrəsi açılıb. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau











Mədəniyyət