Yerdənkənar sivilizasiya axtarışı gələcəyin Yer kürəsinin nümunəsinə əsaslanacaq

post-img

Alimlər teleskop vasitəsilə texnoloji cəhətdən inkişaf etmiş xarici sivilizasiyaya məxsus hipotetik bir planetin necə görünə biləcəyini təsəvvür etməyə çalışıblar və bu məqsədlə Yer planetini nümunə götürüblər. Onlar bəşəriyyətin gələcək inkişafına dair müxtəlif mümkün ssenarilərin siyahısını hazırlayaraq belə bir sual veriblər: həmin ssenarilərin hər birində yaşanılan planet necə aşkar edilə bilər? Maraqlıdır ki, bəzi ssenarilərdə belə planet demək olar ki, nəzərə çarpmır.

Kosmosa göndərilən radiosiqnallardan əlavə, Yerin ağıllı sivilizasiya planeti olduğunu onun atmosferinin kimyəvi tərkibi də göstərir. Onun “xüsusi əlamətləri” arasında freonlar - soyuducu və kondisionerlərimizdəki maddələr də var: onlar təbiətdə yaranmır, yalnız sənaye fəaliyyəti nəticəsində əmələ gəlir. Deməli, başqa bir ekzoplanetin atmosferində eyni maddələrin aşkarlanması tarixi kəşf ola bilər. Yer həmçinin digər kimyəvi texnosiqnaturalar - ağıllı varlıqların fəaliyyət izlərini də göstərir. Amma müasir teleskoplarla bu əlamətləri başqa ulduz sistemindən aşkar etmək son dərəcə çətindir. Buna görə də ABŞ-ın Robert Qoddard Kosmik Uçuşlar Mərkəzi və Blue Marble Kosmik Elmlər İnstitutunun mütəxəssisləri daha inkişaf etmiş və buna görə də daha aydın “texnoloji izlər” buraxan sivilizasiyaların axtarışına diqqət yönəltməyi təklif edirlər.

Qərb KİV-i yazır ki, alimlər Yer sivilizasiyasının mümkün gələcəyi ilə bağlı 10 ssenari təqdim ediblər. Bu ssenarilər bəşəriyyətin min ildən sonra həyatının hansı əsas suallar üzərində qurulacağına dair müxtəlif cavabların müqayisəsi əsasında hazırlanıb: əsas enerji mənbəyi nə olacaq, kosmosun fəthi başlıca prioritetə çevriləcəkmi? Ssenarilərdən birində bəşəriyyət maksimum dərəcədə industrial və texnoloji olur və ağıllı həyatla aktiv şəkildə əlaqə axtarır. Başqa bir ssenaridə planet qüsursuz atmosferə malik qlobal bir “bağ”a çevrilir, bir digərində isə insanlar nəhəng şəhər-dövlətlərdə yaşayırlar. Tədqiqatçılar bu gələcək Yer modellərinin hər birini ayrıca hipotetik ekzoplanet kimi təsvir edərək teleskop vasitəsilə nə görə biləcəyimizi araşdırıblar. Doğrudur, söhbət əsasən hələ yaradılmaqda olan müşahidə stansiyalarından gedir.

Məlum olub ki, ssenarilərin əksəriyyətində atmosferdə eyni anda həm karbon qazının, həm də azot dioksidinin bolluğu müşahidə olunardı və bu da sənaye yanmasının mümkün göstəricisidir. Hesablamalara görə, bunu kosmosda 2040-cı illərdə buraxılması planlaşdırılan “Yaşanılan Dünyalar Rəsədxanası” (Habitable Worlds Observatory) aşkarlaya biləcək. Bəzi hallarda həmin rəsədxana hətta ekzoplanetdə süni şəhər işıqlarını görmək şansına malik ola bilər.

Alimlər, həmçinin hazırda hazırlanma mərhələsində olan LIFE (Large Interferometer For Exoplanets - “Ekzoplanetlər üçün Böyük İnterferometr”) missiyasına böyük ümidlər bəsləyirlər: bu sistem sənaye mənşəli qazları, eləcə də aktiv kənd təsərrüfatının əlamətlərini - azot oksidi, metan və ammonyak kombinasiyasını müəyyən edə biləcək.

Bununla belə, inkişaf etmiş ağıllı cəmiyyətin bəzi variantlarında planet o qədər “təmiz” enerji istifadə edir və atmosfer o qədər qüsursuz saxlanılır ki, hətta yuxarıda qeyd olunan rəsədxanalar belə orada şübhəli heç nə aşkar edə bilməz. Belə hallarda yalnız qonşu planetlərin mənimsənilməsi ilə bağlı izləri - onların səthindəki böyük konstruksiyaları və ya kosmosdakı strukturları axtarmaq qalır. Tədqiqatçıların yazdığına görə, bu məsələdə yalnız daha da iddialı və hələ çox uzaq gələcəyin layihəsi kömək edə bilər: “Günəş qravitasiya linzası” (Solar Gravitational Lens, SGL).

Layihənin ideyası ondan ibarətdir ki, teleskop Günəşdən 540 dəfədən artıq məsafədə yerləşdirilsin: bu qədər uzaqdan müşahidə aparılarkən Günəşin qravitasiyası nəhəng bir linza kimi işləyərək onun arxasında yerləşən ulduz sistemlərinin görüntülərini böyüdəcək. Belə bir cihaz bəşəriyyətin ixtiyarında ən azı növbəti əsrə qədər olmayacaq: hətta yaxın illərdə buraxılsa belə, müasir mühərriklərlə təyin olunan nöqtəyə çatması 50–100 il çəkəcək.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı