Türkiyənin qərbində yerləşən təpələrdə bronz dövrünə aid yüzlərlə arxeoloji abidə mövcuddur. Onlar uzun illər ərzində bir-biri ilə əlaqəsi olmayan kiçik yaşayış məntəqələri kimi qiymətləndirilib. Lakin yeni araşdırmalar həmin məskənlərin, əslində, min illər əvvəl Şərqi Aralıq dənizi bölgəsini gərginlikdə saxlayan güclü və vahid bir siyasi qurumun tərkib hissəsi ola biləcəyini göstərir.
Miladdan əvvəl 2000–1200-ci illəri əhatə edən orta və gec bürünc dövrü adətən iri dövlətlərin, geniş diplomatik əlaqələrin və eyni zamanda, dərin böhranların dövrü kimi təsvir edilir. Tarix dərsliklərində Misirin Yeni Krallığı, Yunanıstanın materik hissəsində Mikena mədəniyyəti, Anadoluda Hett dövləti, Mitanni və Assuriya kimi adlar üstünlük təşkil edir. Lakin Anadolunun qərb hissəsi - hettlərin şərqdə, mikena mədəniyyətinin isə qərbdə yerləşdiyi ərazi - bu təsvirlərdə daim kölgədə qalıb. Ənənəvi yanaşmaya görə, həmin coğrafiya, sadəcə, iki böyük gücün təsir zonası idi.
Bu təsəvvürləri dəyişən isə yeni arxeoloji məlumatlardır. Bəzi tədqiqatçılar uzun müddətdir regionda daha inkişaf etmiş siyasi qurumların mövcud olması ehtimalından danışırlar. Bu fikri xüsusilə Almaniya georxeoloqu, Luwian Studies qurumunun rəhbəri Eberhard Tsanger irəli sürür. Onun fikrincə, Qərbi Anadolu heç vaxt boş və əhəmiyyətsiz olmayıb, burada hettlərin “luvi” adlandırdığı geniş və ümumi mədəniyyətə bağlı güclü dövlətlər şəbəkəsi mövcud olub.
Tsanger hesab edir ki, bu kiçik dövlətlər müəyyən dövrlərdə müttəfiqlik blokları yaradaraq regionun nəhəng imperiyalarına meydan oxumaq gücünə sahib olublar. Onun təxmininə görə, məhz bu güc e.ə. XIII əsrdə bir sıra dövlətlərin çökməsi ilə nəticələnən “sivilizasiyaların dağılması” prosesinin pərdəarxası iştirakçısı ola bilər.
2010-cu illərdə o, bu fərziyyəni peyk şəkilləri ilə əsaslandırmağa çalışmışdı. Şəkillər bölgədə bürünc dövrünə uyğun ola biləcək çoxsaylı abidələrin olduğunu göstərsə də, onların dəqiq tarixi barədə məlumat vermirdi.
Son on il ərzində Tsanger və həmkarları yüzlərlə qazıntı hesabatını araşdırıb, Türkiyədəki onlarla arxeoloji ərazini şəxsən ziyarət ediblər. Tədqiqatçılar diametri 100 metrdən çox olan və bürünc dövrünə aid keramika nümunələri aşkarlanan məskənlərə diqqət yetiriblər. Nəticədə Scientific Data jurnalında təqdim olunan yeni məlumat bazası formalaşdırılıb. Bu baza Türkiyənin qərb zonası boyunca yerləşən və kriteriyalara uyğun gələn 483 abidə haqqında geniş məlumatı əhatə edir. Tsangerin fikrincə, bu məskənlər yüz illər boyu yüzlərlə insanın yaşadığı şəhərlər ola bilər və onların hamısı ölçü və mədəni xüsusiyyət baxımından bir-birinə bənzəyir.
Tədqiqatçı bildirir ki, bu qədər sıx yerləşən iri məskənlərin təsadüfən meydana gəlməsi inandırıcı deyil. Onun fikrincə, bunlar eyni mədəniyyətə bağlı bir neçə dövlətin yaratdığı vahid siyasi sistemin izləridir - Mikena şəhər-dövlətləri kimi.
“Arxeoloqlar illərlə yalnız ayrı-ayrı qazıntılarla məşğul olduqları üçün böyük mənzərəni görə bilmirdilər. Onlar ağacı görürdülər, amma meşəni yox,” - Tsanger bildirib.
Bununla yanaşı, alimlərin bir qismi onun fikirlərini ehtiyatla qarşılayır. Məsələn, Nyukasl Universitetindən arxeoloq Qay Middlton qeyd edir ki, Qərbi Anadoluda qədim Arsava krallığının mövcudluğu artıq məlumdur. Hətta Arsava hökmdarının Misir faraonu III Amenhotep ilə məktublaşdığı sübut edilib. Bu fakt regionun o dövrdə mühüm rol oynadığını təsdiqləyir. Lakin həmin və digər güman edilən luvi dövlətlərinin mövcudluğunu birbaşa sübut edən arxeoloji materiallar hələ çox azdır. Bunun səbəbi isə sadədir - bürünc dövrü şəhərlərinin çoxu daha sonrakı dövrlərdə də yaşayış məskəni olaraq davam edib və yeni tikililər qədim qatları torpağın dərinliklərinə itələyib.
Bundan başqa, “luvi” anlayışının özünün də qeyri-müəyyənliyi mövcuddur. Hett mənbələri bu adı bütün Qərbi Anadolu əhalisinə şamil etsə də, arxeoloqlar bunun vahid mədəniyyət olub-olmadığından əmin deyillər.
Tsangerin ən mübahisəli iddialarından biri isə belə dövlətlərin böyük hərbi ittifaq yaradaraq Hett imperiyasını və hətta Misirin Yeni Krallığını zəiflətmiş olmasıdır. O, “dəniz xalqları” kimi tanınan sirli qrupun, əslində, luvilərdən ibarət olduğunu güman edir. Amma tarixçilərin əksəriyyəti bürünc dövrünün çöküşünü tək bir qüvvə ilə deyil, iqlim dəyişiklikləri, iqtisadi böhranlar və miqrasiyalar kimi çoxsaylı səbəblərlə izah edir.
Alman tədqiqatçının Troya müharibəsi ilə bağlı arqumentləri də mübahisəlidir. Tsangerə görə, onillərlə davam edən Troya müharibəsinin təsviri, əslində, yunanların güclü luvi ittifaqına qarşı mübarizəsinin kollektiv yaddaşda qalmış izidir. Lakin alimlər bunu elmi fakt deyil, mifin subyektiv təfsiri kimi qiymətləndirirlər.
Tsangerin ideyaları elmi ictimaiyyətdə maraq doğursa da, bir çoxları onun fərziyyələrinin sübut üçün daha çox arxeoloji fakta ehtiyac duyduğunu düşünürlər. Hazırkı məlumatlar əsasında isə bunlar hələlik cəlbedici, lakin təsdiqlənməmiş bir versiya olaraq qalır.
Hazırladı:
S.ELAY
XQ

