Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi, federal hakimiyyət orqanları nümayəndələrinin və RF Xəzəryanı regionlarının rəhbərlərinin iştirakı ilə Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın beşinci iclası keçirilib.
AZƏRTAC Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, iclasda 7-ci Xəzər sammitinə hazırlıq məsələləri və biznes əməkdaşlığının inkişafı müzakirə olunub. Komissiya yanında ictimai ekspert şurasının tərkibi təsdiqlənib.
S.Lavrov bildirib ki, Xəzər regionu ölkələri ilə hərtərəfli əməkdaşlığın inkişafı Rusiya xarici siyasətinin formalaşmaqda olan Avrasiya əməkdaşlığı və təhlükəsizlik arxitekturasının elementi kimi prioritet istiqamətlərindən biridir. O, Rusiya tərəfinin 2018-ci il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın prinsiplərinə, xüsusilə Xəzərlə bağlı məsələlərin həllində beş Xəzəryanı dövlətin müstəsna səlahiyyətinə sadiqliyini vurğulayıb.
X Xəzər Mediaforumunun, “Xəzər mövsümləri” festivalının, Xəzər Rəqəmsal Forumunun və “BeregA” Gənclər Təhsil Forumunun təşkil edilməsi ilə bağlı təcrübə müsbət qarşılanıb. Həmçinin, 18–19 noyabr tarixlərində İranın təşəbbüsü ilə keçirilmiş Xəzər dənizinin sahilyanı regionlarının qubernatorlarının birinci Beynəlxalq Forumunun nəticələri yüksək dəyərləndirilib.

