Bu, sadəcə, bir vəd deyil, Zəfərli Qayıdışın müjdəsi idi
Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində, İran İslam Respublikası ilə qonşuluqda yerləşən Cəbrayıl rayonunu Ermənistan Silahlı Qüvvələri 1993-cü il avqustun 23-də işğal etmişdi.
Cəbrayıl əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olub. Rayonda quruculuq işləri isə ötən əsrin 70-ci illərindən genişlənib. O zaman rayon mərkəzində yeni yaşayış massivlərı salınıb, kəndlər abadlaşdırılıb. Cəbrayılın rəmzi yurdun qədimliyinin timsalı olaraq yaşı əsrlərə söykənən Xan çinar olub.
Həmin dövrdə Cəbrayılın hərtərəfli inkişafında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə regionda üzümçülüyün genişləndirilməsinin önəmli rolu olub. Rayonun o illərdəki yüksəlişini Ulu öndər 1996-cı il sentyabrın 7-də Füzuli, Cəbrayıl və Qubadlının işğalının üçüncü ildönümü ilə əlaqədar həmin rayonların ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə belə yada salmışdı: “Xatirimdədir, Cəbrayıl rayonu pambıq əkirdi, hər il də mən oranın rəhbərlərini tənqid edirdim ki, onlar 2 min tondan artıq pambıq yığa bilmirlər. Sonra biz araşdırma apardıq və müəyyən etdik ki, orada çox böyük üzüm bağları salmaq olar. Üzüm bağları saldıq və burada deyildiyi kımi, bir neçə ildən sonra rayonda 50 min ton üzüm istehsal olundu. İnsanlar nə qədər zənginləşdi”.
Bəli, Cəbrayıl işğala qədər sürətlə inkişaf etmişdi, insanların güzəranı durmadan yaxşılaşmışdı. Həmin illərdə rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, mal-qara kökəltmə birliyi, quşçuluq fabriki, 510 çarpayılıq birləşmiş xəstəxana, 72 ümumtəhsil və 3 musiqi məktəbi, 44 mədəniyyət evi və klub, 78 kitabxana və tarix muzeyi fəaliyyət göstərmişdi. Erməni vandalları yaraşıqlı Cəbrayıl şəhərini, 100-ə yaxın abad kəndi yer üzündən silməklə, rayonun mədəni irsini bütünlüklə məhv etmişlər.
Cəbrayıllılar ölkənin 58 rayonunun 2 minədək yaşayış məntəqəsində məskunlaşaraq 31 il məhrumiyyətli məcburi köçkünlük həyatı yaşamışlar. Qarabağ müharibəsində rayonun 362 sakini şəhid, 191 nəfər əlil olub. 6 cəbrayıllı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
2008-ci ilin aprel ayının 18-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli və Beyləqan rayonlarına səfəri çərçivəsində Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış qəsəbəyə də gəlmişdi. Burada dövlət başçısına məlumat verildi ki, buradakı 5 qəsəbədə 1858 ailə məskunlaşıb. Hər qəsəbədə məktəb, uşaq bağçası, inzibati bina, poçt şöbəsi, həkim ambulatoriyası, klub-idman mərkəzi, baytarlıq məntəqəsi, yardımçı elektrik stansiyası, yanğınsöndürmə deposu var.
Dövlət başçısı açıq havada bir qrup sakinlə görüşüb səmimi söhbət etdi. Prezidentə minnətdarlıqlarını bildirən sakinlər qeyd etdilər ki, ölkədə aparılan ardıcıl, səmərəli və uzaqgörən siyasət nəticəsində xalqımızın sosial rifahı durmadan yaxşılaşır. Məcburi köçkünlərin sosial müdafiəsi isə yüksək səviyyədə təmin edilir. Yurd həsrətli bu insanları diqqətlə dinləyən ölkə rəhbəri İlham Əliyev onların dərdlərini, ürəklərindəki arzu və istəyi çox dərindən duyduğu üçün, sadəcə, bu sözləri dedi: “Biz mütləq Cəbrayılda belə gözəl binalar tikəcəyik”.
Elə buradaca sakinlər dövlət başçısından bu söhbəti çay süfrəsi arxasında davam etdirməyi xahiş etdilər. Prezidentin bu səfərinin hazırlaması və kecirilməsinin iştirakçılarından biri kimi yada salmaq istəyirəm ki, dövlət başçısının qəsəbəyə səfər proqramında belə bir görüş nəzərdə tutulmamışdı. Amma Prezident İlham Əliyev sakinlərin bu söhbətə böyük mənəvi ehtiyacı olduğunu həssaslıqla qarşıladı və onların təklifini həvəslə qəbul etdi. Yaxınlıqdakı çinarın kölgəsində qoyulmuş masada çay süfrəsi açıldı.
Gözlənilmədən yaranmış bu səhnəni maraqla müşahidə edirdim. Dövlət başçısı yurd xiffəti çəkən vətəndaşlarına elə şövqlə qulaq asırdı, sanki, bütün ağrılarını duymaq, onların dərdlərinə inamlı, qətiyyətli vədləri ilə məlhəm olmaq istəyirdi. Aydın görünürdü ki, onun üçün qaçqın həyatı yaşayan xalqının əhval-ruhiyyəsini hiss etmək çox vacibdir. Dövlət başçısı insanların nə düşündüklərini, hansı əhval-ruhiyyədə olduqlarını, onları narahat edən məsələləri bilavasitə özü eşitmək, onların vəziyyətini daxilən yaşamaq istəyirdi.
Bu həssas və duyğusal görüşdən sonra Prezident qəsəbədəki İsgəndər Tahirov adına 7 nömrəli Mehdili kənd orta məktəbinin həyətində uşaqların nümunəvi idman çıxışlarına baxdı, milli oyunlara tamaşa etdi. Bütün bunlara baxdıqca ölkə rəhbərinin xəyalı uzaqları dolaşırdı. Nəhayət, Prezident İlham Əliyev toplantı iştirakçıları ilə hərarətlə sağollaşdı və sonda böyük bir müjdəyə açar verirmiş kimi inam və qətiyyətlə dedi: “Biz sizinlə Cəbrayılda görüşəcəyik”.
Həmin il Azərbaycanda növbəti prezident seçkiləri keçirilməli idi. Cəbrayıllılar ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı İlham Əliyevi bir nəfər kimi dəstəklədiklərini, onu yenidən ən ali postda - Prezident kürsüsündə görmək istədiklərini və gözlənilən seçkilərdə öz səslərini yalnız ona verəcəklərini bildirdilər.
Cəbrayıl sakinləri ilə sonrakı illərdə çoxsaylı söhbətlərim olub. Elə bir görüş xatırlamıram ki, onlar o unudulmaz gündən söz açmasınlar – bu səfərin cəbrayıllılara böyük ümid və inam verən qürur dolu bir tarix olduğunu söyləməsinlər. Onlar böyük inamla deyirdilər ki, Qarabağ Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tam azad olunacaq. Dövlət başçısının dediyi kimi, bütün qaçqınlarımız mütləq öz doğma torpaqlarına qayıdacaqlar.
* * *
12 il sonra 2020-ci ilin oktyabrında başlayan 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərimiz, onun ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində işğal olmuş ərazilərimizin tam azad olunması, suverenliyimizin tam bərpa edilməsi yüz minlərlə qaçqının həsrətinə son qoymaqla bərabər, Prezident İlham Əliyevə olan sönsuz ümid və etimadının gerçək olduğunu ortaya qoydu.
Azərbaycanın erməni işğalçıları üzərində qazandığı şanlı qələbədən 6 gün sonra, 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva əsarətdən azad olunan Cəbrayıl rayonuna gəldilər. Dövlət başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Prezidentin və Mehriban xanımın vandal erməni işğalçıları tərəfindən dağıdılıb viran qoyulmuş Cəbrayıl şəhərinin mərkəzinə ürək ağrısı ilə baxmaları yaddaşlara yazıldı.
Bir neçə gün sonra Prezidentin 2020-ci il 24 dekabr tarixli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu. Həmin medalla 12 min 523 hərbi qulluqçu təltif edildi. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olundu.
Dövlət başçısı ərazi bütövlüyümüzün təmin edilməsindən və dağıdılmış şəhər və kəndlərimizin bərpasına başlamasından sonra ardıcıl olaraq bu regiona səfərlərə çıxmaqdadır. Onlardan bəzilərini, xüsusilə Cəbrayıl rayonuna səfərlərini ardıcıllıqla göstərmək istərdim. Məqsədim 44 günlük Zəfərdən keçən 4 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin təkcə Cəbrayıl rayonunda həyata keçirdiyi bərpa-quruculuq işlərinin yığcam miqyasını göstərməkdir. Prezident 14 fevral 2021-ci ildə Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinçiliklə bağlı görülən işlərlə tanış oldu. Elə həmin il aprelin 4-də rayonun girişində bərpa edilmiş “Cəbrayıla xoş gəlmişiniz!” lövhəsinə baxış keçirdi.
Oktyabrın 10-dakı səfər zamanı isə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl şəhərində Mərkəzi Xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin və Memorial Kompleksin, şəhərin bərpasının təməlqoyma mərasimləri oldu. “Cəbrayıl” yarımstansiyasının, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılış mərasimlərindən sonra isə rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi.
2022-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Qarabağa səfər etdi və Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimləri oldu. Elə oradaca Azərbaycan və Türkiyə prezidentlərinin birgə mətbuat konfransı keçirildi.
2023-cü il mayın 5-də gerçəkləşən səfər zamanı uzunluğu 43 kilometr olacaq Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun, sentyabr ayının 28-də Cəbrayıl şəhərində inzibati binanın təməlqoyma mərasimləri keçirildi. Prezident Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış oldu və “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etdi. Dövlət başçısının 2024-cü il mayın 18–19-da olmuş səfəri isə rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin təməlqoyma, həmçinin “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız qalası” hidroqovşağının açılış mərasimləri ilə yadda qaldı.
Amma cəbrayıllıların heç vaxt unutmayacaqları bir gün də var. Dövlət başçısının təsdiqlədiyi Böyük Qayıdışa dair birinci Dövlət Proqramına əsasən, 2024-cü il sentyabrın 26-da respublikanın müxtəlif regionlarında yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 36 cəbrayıllı ailəsinin – 117 nəfərdən ibarət ilk köç karvanının Cəbrayıl şəhərinə, doğma yurda qayıdışı. Ayağı sayalı olan bu köç karvanının Cəbrayıla ayaq basmasından cəmi bir neçə gün sonra 2024-cü il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla yenidən səfər etdilər.
Bu səfərdə Azərbaycanın dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir çox tədbirlərlə bərabər, Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında da iştirak ediblər. Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına məlumat verərək bildirdi ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif və 5 inzibati otaq var. Sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hərbi hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana var. Məktəbdə internet və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Hazırda məktəbdə 232 şagird təhsil alır.
Ən maraqlı görüşlərdən biri isə şəhərdə inşası tamamlanan yaşayış kompleksinin açılışı oldu. Dövlət başçısı və birinci xanım uzun illər bu günlərin həsrətini çəkən şəhər sakinlərinə yeni mənzillərin açarlarını təqdim ediblər. Bu, həqiqətən unudulmaz və sevgi dolu bir tarix idi. Yeni düzənə başlayan Cəbrayıl şəhərində inşa olunan 33 yaşayış binasından ibarət bu kompleksin ümumi sahəsi 7,9 hektardır. Binalarda tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş 712 mənzil vətəndaşlara təhvil verildi. Mənzillərlə eyni vaxtda sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları sakinlərin ixtiyarına verildi.
Azərbaycan Prezidenti 2008-ci il görüşündən fərqli olaraq bu gün mənzillərin açarlarını təqdim etdiyi cəbrayıllıların üzündəki sevinc və fərəhdən özü də çox məmnun və razı görünürdü.
Bu məmnunluq və razılıq duyğuları ilə zəngin olan görüş zamanı dövlət başçısı cəbrayıllılara müraciətlə qeyd etmişdi ki, onlar uzun illər çadırlarda, qaçqın düşərgələrində yaşamışlar. İmkan daxilində onların həyatını bir az yüngülləşdirmək üçün bütün lazımi tədbirlər görülmüşdür. Hazırda burada artıq 100-dən çox insan məskunlaşıb, bu gün də, dünən də gələnlər var. Onlardan bir hissəsi Biləsuvardakı qaçqın şəhərciyində yaşamışdır.
Prezident o günlərin acısından bu günlərin Zəfər təəssüratına dönərək dedi:
“Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və təqribən 300 minə yaxın, bəlkə də çox, keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz. Əminəm ki, bu torpaqlarda yaşamış və oradan köçmüş, eyni zamanda, bu torpaqları heç vaxt görməmiş sizin uşaqlarınız, nəvələriniz burada rahat və xoşbəxt yaşayacaq, öz dövləti ilə, xalqı ilə həmişə fəxr edəcəkdir. Bir daha sizi təbrik edirəm”.
Artıq 4 ildir ki, təkcə cəbrayıllılar deyil, işğaldan azad edilmiş bütün rayonların sakinləri hər gün yeni bir tarix yaşayırlar. Sinəsi dağlanmış, erməni qəsbkarlarının işğal zamanı viran etdikləri rayon və kəndlərimizin yaraları sağalır, yeni, müasir evlər, yaşayış kompleksləri, sosial oyektlər yurd həsrətlilərini qoynuna alır. Bütün Qarabağ və qarabağlılar bu gün özlərinin ən xoşbəxt günlərini yaşayırlar. 16 il əvvəl dövlət başçısının hər sözünə varlıqları kimi inanan və yanılmadıqlarını görən cəbrayıllılar isə onların ön sıralarındadırlar.
Rövşən AĞAYEV,
Azərbaycan Yazıçılar Birliyinin üzvü