Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın “Jurnalistika”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisaslarında təhsil alan tələbələr ilə görüşü keçirilib. Görüş ali təhsil ocağının Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxış edərək, Jurnalistika ixtisasında təhsil alan tələbələrin kadr hazırlığı haqqında məlumat verib. Prorektor bildirib ki, NDU-nun jurnalist tələbələri bu gün ölkənin və muxtar respublikanın aparıcı mətbuat orqanlarında fəaliyyət göstərir. Vurğulanıb ki, muxtar respublikanın qocaman mətbu orqan olan “Şərq qapısı” qəzetində də NDU-nun məzunları çalışır və bu gün öz imzası ilə seçilən məzunların ali təhsil ocağında qonaq olaraq iştirakı uğurlu təşəbbüsdür. Həmçinin NDU ilə “Şərq qapısı” qəzeti arasında səmərəli əməkdaşlıq olduğunu qeyd edən Nicat Yaqubov bu görüşün tələbələrin çap mediasına olan marağının stimullaşdırılmasına da dəstək olacağını söyləyib.
Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə ali təhsil ocağında davamlı olaraq tələbələrin nəzəri və praktiki biliklərini artırmaq, onlara öz potensiallarını aşkarlayıb, inkişaf etdirmək məqsədilə belə görüşlərin, təlimlərin keçirildiyini qeyd edib, qonaq jurnalistlər haqqında görüş iştirakçılarına məlumat verib.
“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova, qəzetin baş redaktor müavini, Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müəllimi Məmməd Babayev görüşdən məmnunluq ifadə edib, “Şərq qapısı” qəzetinin tarixi, fəaliyyəti və iş prinsipi haqqında məlumatları diqqətə çatdırıblar. Qonaq jurnalistlər peşə etikası, çap mediasında yazıların üslubu, etibarlı mənbələrdən istifadə, dezinformasiyanın qarşısının alınması, eləcə də oxucu marağının formalaşdırılması kimi mövzularda əsaslı qaydalardan danışıb, öz peşə təcrübələrini tələbələrlə bölüşüb və gələcək həmkarlarına bu sahənin karyera imkanlarından bəhs ediblər.
Tələbə-jurnalist və “Şərq qapısı” qəzetinin əməkdaşı Rafiq Təhməzovun moderatorluğu ilə keçirilən görüşdə “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müəllimlərinin fikirləri dinlənilib, iştirakçı tələbələrin və sosial mediadan jurnalistika ilə bağlı ünvanlanan suallar cavablandırılıb.
Sonda xatirə fotosu çəkdirilib.
Fəxriyyə Səyyadova
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı




