Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşkilatçılığı ilə “Süni intellektin psixologiya aspektindən təhlili və psixoterapevtik müdaxilələrdə innovativ tətbiqlər” adlı elmi-metodik seminar keçirilib.
Eklektik psixoterapiyanın supervayzeri, Psixologiya kafedrasının müəllimi David Poladovun keçirdiyi seminarda süni intellektin psixologiya elminin inkişaf dinamikasına təsiri, psixoterapiyada tətbiq imkanları elmi aspektdə müzakirə olunub.
XQ xəbər verir ki, iştirakçılar süni intellektin koqnitiv psixologiyanın əsas anlayışları - qavrayış, diqqət, qərarvermə və idrak strukturları ilə müqayisəli təhlilini aparıblar. Eyni zamanda Endel Tulving və Herbert Simonun nəzəri prinsiplərinə əsaslanaraq insan və maşın intellekti arasında idrak paralelliyi məsələsinə diqqət yönəldilib.
Müzakirələrdə süni intellekt texnologiyalarının psixoterapiyada istifadəsi, empatiya və refleksiya proseslərinin avtomatlaşdırılması, etik məsuliyyət və məlumat təhlükəsizliyi kimi aktual problemlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, klassik psixoloji nəzəriyyələrin müasir texnoloji mühitdə yeni interpretasiyaları təqdim olunub, terapevtik modellərdə insan-maşın qarşılıqlı əlaqəsinin rolu elmi baxımdan izah edilib.



