Özbəkistanın qədim Səmərqənd şəhərində UNESCO Baş konfransının 43-cü sessiyasının açılışı olub.
Tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Serbiya Prezidenti Aleksandr Vuçiç, Slovakiya Prezidenti Peter Pelleqrini, UNESCO-nun Baş direktoru Odri Azule, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, dünyanın müxtəlif ölkələrinin və beynəlxalq təşkilatların 200-dən artıq nümayəndəsi və digər tanınmış şəxslər iştirak edib.
UNESCO-nun Baş direktoru Odri Azule fəaliyyəti dövründə görülən işlərdən danışıb, bu tarixi sessiyanın son qırx ildə ilk dəfə olaraq Parisdə, UNESCO-nun iqamətgahında deyil, dünyanın ən qədim şəhərlərindən birində-Səmərqənddə keçirildiyini fəxrlə bildirib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev öz çıxışında deyib: “Prioritetlərimizdən biri informasiya texnologiyalarına dərindən bələd olan və yaradıcı düşünən yeni nəsil yetişdirməkdir. Süni intellektin təhsil sisteminə geniş tətbiqi məqsədilə UNESCO-nun iştirakı ilə ölkəmizdə Süni İntellekt Məktəbi üzrə pilot layihə həyata keçirməyə hazırıq”.
Dövlət başçısı bildirib ki, bəşəriyyətin qeyri-maddi mədəni irsinin — dünyanın misilsiz sərvətinin qorunması istiqamətində səyləri birləşdirmək zəruridir. Biz xalq yaradıcılığı, incəsənət əsərləri, əlyazmalar, arxivlər və qiymətli tarixi sənədlər kimi nadir irs nümunələrinin qorunması, habelə mədəni əhəmiyyət daşıyan informasiyaya açıq çıxışın təmin edilməsi məqsədilə yaradılmış UNESCO-nun “Dünyanın Yaddaşı” proqramının inkişafında maraqlıyıq. Bu proqramın yaradıldığı 19 noyabr tarixinin “Sənədli İrsin Beynəlxalq Günü” kimi qeyd olunmasını, eləcə də UNESCO-nun strukturunda Beynəlxalq Rəqəmsal İrs İnstitutunun yaradılmasını təklif edirik.
Prezident deyib ki, ulu əcdadlarımızın - Əbu Reyhan Biruni, Əhməd Fərqani, Əmir Teymur, Əli Quşçu, Kəmaləddin Behzodun yubileyləri, eləcə də Xarəzm Məmun Akademiyası kimi elmi müəssisələrin və "Alpamış" dastanı ədəbi abidələri ilə bağlı əlamətdar tarixlər beynəlxalq miqyasda geniş qeyd edilib.
Sessiyanın birinci iş günü UNESCO-nun yeni baş direktoru, təşkilatın İcraiyyə Şurasının 222-ci sessiyasında keçirilən seçkilərdə qalib gələn 54 yaşlı misirli Xalid Əl-Ənani rəsmi olaraq Səmərqənddə vəzifəsinin icrasına başlayıb. Bu münasibətlə nümayəndələr Xalid Əl-Ənanyə təbriklərini çatdırıblar.
Bu nüfuzlu beynəlxalq tədbirin Səmərqənddə təşkili xüsusilə simvolik əhəmiyyət daşıytır. Bu, beynəlxalq ictimaiyyətin Özbəkistana verdiyi yüksək etimad səviyyəsini, onun artan nüfuzunu və mədəniyyətlərarası dialoqun təşviqində, tarixi və mədəni irsin qorunmasında və humanitar əməkdaşlığın inkişafında fəal rolunu nümayiş etdirir.
Çıxışlarda deyilib ki, Səmərqənddə belə genişmiqyaslı beynəlxalq foruma ev sahibliyi etməsi Özbəkistanın təşkilatın dəyərlərinə sadiqliyini, eləcə də sülh, qarşılıqlı anlaşma və davamlı inkişaf naminə qlobal dialoqun inkişafına fəal şəkildə töhfə vermək əzminin ifadəsidir.
Bu mühüm sessiyada təhsil, elm, mədəniyyət, ekologiya, texnologiya və kommunikasiya sahələrində əsas məsələlərin müzakirəsinə həsr olunmuş müxtəlif formatda 150-dən çox tədbirin keçirilməsi nəzərdə tutulur.
Sessiyanın açılışında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Səmərqənd

