I İslam Dünyası Mədəniyyət Forumu

post-img

Aprelin 17-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” adlı I İslam Dünyası Mədəniyyət Forumu keçirilib. Forumun açılışında Ağdam, Füzuli və Xocavənd rayonlarında, Şuşada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri Emin Hüseynov və Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və ICESCO-dan rəsmilər, beynəlxalq ekspertlər, eləcə də mədəni irsin qorunması sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Nazir müavini Səadət Yusifova tədbirin aktual mövzuya həsr olunduğunu deyib. O bildirib ki, forum “Şuşa – 2024 İslam Dünyasının Mədəniyyət Paytaxtı” üzrə fəaliyyət planının tərkib hissəsidir. “Təəssüf ki, biz silahlı münaqişənin mədəni sərvətlərimizə dağıdıcı təsirini yaşamış ölkəyik. Mədəni obyektlərin dağıdılması, talan edilməsi və təhqir olunması bizi təkcə keçmişimizdən məhrum etmir, həm də kollektiv yaddaşımızın təməlini sarsıdır", – deyə diqqətə çatdırıb.

Qeyd olunub ki, forumda ICESCO-ya üzv dövlətlərin siyasətçiləri, ekspertləri, mədəniyyət xadimləri, alimləri ilə birlikdə silahlı münaqişələr zamanı və ondan sonra İslam dünyasında mədəni irsin qorunması və canlandırılması problemlərinin həll edilməsi qarşıya məqsəd qoyulub.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimiz tərəfindən azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verərək vurğulayıb ki, işğal zamanı erməni vandalizminə məruz qalmış bir sıra mədəni irs obyektlərinin bərpası və dirçəldilməsi prosesi Ali Baş Komandanın rəhbərliyi ilə davam etdirilir.

ICESCO Bakı Regional Ofisinin direktoru Abdulhakeem Fahad Alsenan, ICESCO-nun İslam Dünyası İrsi Mərkəzinin direktoru Vebber Ndoro forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq edərək, beynəlxalq qurumun bərpa proqramlarından danışıblar.

Əsas məqsədi postmünaqişə dövründə bölgələrdə dağıdılmış və təhlükə altında olan mədəni irsin qorunması, yenidən bərpası və bu sahədə İslam dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsi olan forum çərçivəsində “Beynəlxalq qoruma mexanizmlərinin təcrübədə tətbiqi: Postmünaqişədən sonra İslam Dünyasında mədəni irsin nümunələri” mövzusunda müzakirələr aparılıb. İlk panel zamanı iştirakçılar müxtəlif ölkələrdən olan uğurlu bərpa layihələri, hüquqi və institusional yanaşmalar barədə təqdimatlar ediblər. Növbəti panel isə “Mədəni irsin canlandırılması: Texnologiya, innovasiya və rəqəmsallaşma” mövzusuna həsr olunub. Burada müasir texnologiyaların irsin sənədləşdirilməsi və qorunmasında oynadığı rol, o cümlədən süni intellekt və 3D modelləşdirmə texnologiyalarının tətbiqi imkanları sərf-nəzər edilib. Panellərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev moderatorluq ediblər.

Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktoru Tural Novruzov qala-şəhərin tarixi-mədəni zənginlikləri barədə məlumat verib. Qoruq ərazisindəki abidələrin, o cümlədən İslam irsinin bərpa və konservasiyası sahəsində görülən işlərdən söz açıb. ICESCO-nun İslam Dünyası İrsi Mərkəzinin eksperti Məhəmməd əl-Absi mərkəz tərəfindən abidələrin tədqiqi, qorunması və bərpası istiqamətində görülən işlər barədə məlumat verib. Texnoloji innovasiyalar üzrə mütəxəssis Tal Katran ICESCO-ya üzv ölkələri müvafiq sahə üzrə təcrübə mübadiləsinə, səyləri birləşdirməyə dəvət edib.

Panellər mütəxəssislərin fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

XQ



Mədəniyyət