Tanınmış teatr xadimi, Dərbənd Dövlət Azərbaycan Teatrının baş rejissoru Sərvər Əliyevin yazdığı və özünün quruluşunda ərsəyə gələn “Kəşfiyyatdan qayıdan qız” pyesinin premyerası maraqla qarşılanıb.
Bu əsər Mələk adlı gənc qızın taleyinin faciəli hekayətidir. Qardaşı müharibədə həlak olandan sonra könüllü cəbhəyə yollanan Mələk kəşfiyyat üzrə tapşırıqların öhdəsindən bacarıqla gəlir, son döyüşdə isə öz həyatını riskə ataraq, kənd sakinlərini xilas edir. Amma düşmənlər onu əsir götürürlər. Mələk işgəncələrə məruz qalsa da, hərbi sirri vermir...
Mələyin müharibədən sonrakı həyat dramı təsirli və ibrətamizdir. Əsirlikdən azad olunan qız cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Hətta bəzi yaxınları da onu anlamırlar. Şakirə aşiq olması yeni həyata ümid yaratsa da, əsirlikdə olması faktı Mələyin tam xoşbəxt yaşamasına maneə törədir.
Final faciəsi göstərir ki, insan hətta qəhrəmanlıq göstərmiş olsa da belə, bəzi amillər cəmiyyətin ona yanlış olaraq soyuq münasibət bəsləməsinə gətirib çıxarır. Nəticə etibarı ilə Mələyin hekayəti özündə müharibə, satqınlıq, dinc həyatda yerini çətin tapmaq barədə həqiqətləri ehtiva edir.
Tamaşada aktyor heyəti rolları bacarıqla ifa edir. Səidə Əliyeva (Mələk), Buludxan Buludov (Yasin), Yaqut Xandadaşova (Xanım), Rəhilə Ömərova (Rəhilə), Məhərrəm Ömərov (Rafiq), Tamilla Mehrabova (həkim), Əli Ağalarov (Vüqar), Hörmət Aslanov (Şakir) və Mirzə Cum-Cum (hərbçi) obrazları layiqincə canlandırırlar. Kütləvi səhnələr də öz inandırıcılığı ilə diqqət çəkir.
XQ