İsrayıl Namiq oğlu Cəfərzadə 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanıb. Xidməti müddətində nümunəvi əsgər olan İsrayıl xüsusi təyinatlı kəşfiyyat qrupunda Vətənə borcunu layiqincə yerinə yetirib. Bir müddət sonra baş kəşfiyyatçı təyin edilib. Bölüyün şəxsi heyəti arasında keçirilən yarışda silahın sökülüb yığılması üzrə 1-ci yerə layiq görülüb, təşəkkürnamə ilə təltif olunub. 26 iyun 2020-ci ildə Azərbaycan Ordusunun 102-ci ildönümü ilə əlaqədar, döyüş hazırlığının nəticələrinə görə fəxri fərman alıb. Xidməti müddətində Aprel döyüşləri ilə bağlı çəkilən filmdə də iştirak edib.
İkinci Qarabağ savaşının ilk günündən döyüşə atılan baş kəşfiyyatçı İsrayıl Talış kəndi istiqamətində yüksəkliklərin və Suqovuşan qəsəbəsinin alınmasında əvəzolunmaz xidmətlər göstərir. Döyüşün ilk günlərində bir neçə dostu şəhid olur. O, şəhid Əkbər Hüseynovun köynəyini geyinərək, qisasını alacağına söz verir. Oktyabrın 14-də boynundan yaralanır. Yara ölümcül olmadığı və döyüşdə iştirak etmək istədiyi üçün bunu gizlədir və xidmətinə davam edir.
Son döyüşü oktyabrın 16-dan 17-nə keçən gecə olur. Yaralansa da, döyüşə davam edir. Növbəti yüksəkliyin alınmasında da qəhrəmanlıq göstərir. Bu zaman döyüş yoldaşları mühasirəyə düşürlər. İsrayıl onları mühasirədən çıxarmaq məqsədilə pulemyotdan dəstək vermək qərarına gəlir və nəticədə yoldaşları mövqeylərini dəyişərək mühasirədən çıxa bilirlər. Amma bu qəhrəmanımızın son döyüşü olur. Mənfur düşmənin snayper gülləsinə tuş gəlir. Şəhidlik zirvəsinə yüksələn İsrayıl Cəfərzadə “Vətən uğrunda”, İgidliyə görə” medalları ilə təltif olunub.
Anası Kəmalə Cəfərova deyir ki, oğlu idmançı olub, həmişə öndə olmaq, qalib gəlmək istəyib və bunun üçün var gücü ilə çalışıb:
– Güləşlə məşğul olurdu, futbola gedirdi. Yarışlarda mükafata layiq yerlər tuturdu. Deyirdi ki, bir gün mən torpaqlarımızı geri qaytarmaq üçün düşmənlə canlı vuruşacağam. Bayraq, vətən sevgisi çox güclü idi. Dedi və istədiyini etdi, torpaqlarımızın geri qaytarılmasında onun da payı oldu.
İsrayıl 20 yaşını döyüşdə qeyd edib. Atası Namiq kişi həmin günü belə xatırlayır:
– Sentyabrın 27-si müharibə başlayanda, onun da döyüşə getdiyini bildik. Ayın 30-u ad günü idi. Həmin günə qədər heç bir əlaqəmiz olmadı. Doğum günü günorta saatlarında zəng vurdu, təmkinlə dedi: “Hər şey yaxşıdır, hər şey yaxşı olacaq. Torpaqları azad edək, bir yerdə gedib Qarabağı ziyarət edərik. Hər şeyi gözümün qabağına almışam. Mənə görə narahat olmayın. Şəhid olsam, mənə görə ağlamayın. Bu gün onun həmin sözləri ilə təsəlli tapırıq.
M.MÜŞFİQ
XQ