“Taxıl marşrutu” “sülh dəhlizi”nə çevrilir

post-img

Martın 19-da Rusiyadan Ermənistana növbəti taxıl yüklü qatar yola salınıb. 7 vaqondan ibarət növbəti yükün ümumi çəkisi 488 tondur. Martın 11-də reallaşan 1023 tonluq daşınmanı da nəzərə alsaq, son dövrlərin dinamikası göstərir ki, Azərbaycan ərazisindən keçən arteriya artıq sabit logistik kanala çevrilib. İndiyədək bu xətt vasitəsilə Ermənistana 23 min tondan çox taxıl və kənd təsərrüfatı sektoru üçün kritik əhəmiyyət kəsb edən 700 tondan çox mineral gübrə çatdırılıb. Bu göstəricilər rəsmi İrəvanın idxal balansında Bakının tranzit rolunun sürətlə artdığını təsdiqləyir. Bəs nə üçün məhz taxıl Rəsmi Bakı son 7 aydır sülh şəraitində yaşadığı və münasibətləri normallaşdırmağa çalışdığı Ermənistana bu daşımalar üçün niyə şərait yaradır?

Bu, ilk növbədə, Bakının Cənubi Qafqazda qazandığı strateji üstünlüyü ön plana çıxarır. Azərbaycan bu addımı ilə beynəlxalq səviyyədə uzun illər tirajlanan blokadaçı dövlət stereotipini, faktiki olaraq, darmadağın edir. Xüsusilə 2023-cü ilin antiterror əməliyyatına qədərki dövrdə bu siyasətdən geniş istifadə olunmuşdu. Həmçinin, Ermənistanın ərzaq təminatının, xüsusilə də illik buğda idxalının 80 faizinə yaxınını təşkil edən Rusiya taxılının Azərbaycanın logistik imkanları ilə çatdırılması Bakının İrəvan üzərində dolayısı, lakin təsirli rıçaqlarını artırır. Bu gün dünyada ərzaq təhlükəsizliyi, təəssüf ki, artıq siyasi təzyiq alətinə çevrilib. Enerji resurslarının müəyyən alternativləri tapılsa da, taxılın əvəzedicisi yoxdur. Onun tədarük zəncirində yaranan kiçik bir axsama belə, istənilən ölkədə daxili xaosa və sosial böhrana səbəb ola bilər.

Ermənistana taxıl tədarükü məsələsi, həm də rəsmi İrəvanda hazırkı hökumətlə mövcud əməkdaşlığın davamlılığında maraqlı olmağımızdan xəbər verir. Baş nazir Nikol Paşinyan və komandası, xüsusilə son dövrlərdə rəsmi Bakının diktə etdiyi sülh gündəliyinə və iki ölkə arasındakı əməkdaşlıq xəttinə uyğun addımlar atır. Məlumdur ki, bu yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Belə bir məqamda rəsmi Bakı, əslində, regionda sülh tərəfdarı olan qüvvələrə dəstəyini və bu istiqamətdə üstünlük verdiyi siyasi iradəni dolayısı ilə nümayiş etdirir.

Bu marşrut Ermənistan üçün Yuxarı Lars keçid məntəqəsinə ən e ektiv alternativ qismində çıxış edərək logistik diversifikasiyanı təmin edir. Rusiya ilə yeganə quru bağlantı sayılan Yuxarı Larsın əlverişsiz iqlim şəraiti, mütəmadi baş verən uçqunlar və siyasi gərginliklər fonunda qapananda Ermənistan daxili bazarında kəskin qiymət artımına, habelə məhsul qıtlığına yol açırdı. Azərbaycanın təqdim etdiyi dəmir yolu xətti isə daha stabil, iqtisadi baxımdan əlverişli və irihəcmli daşımalar üçün optimal platformadır. Ermənistanın aylıq buğda tələbatının əhəmiyyətli hissəsini qarşılayan 23 min tonluq yük dövriyyəsi İrəvanı sülh müqaviləsi prosesində konstruktiv və praqmatik mövqe nümayiş etdirməyə sövq edən mühüm iqtisadi amildir. Bu reallıq qonşu ölkəni deklarativ bəyanatlardan daha çox, real iqtisadi mənfəətə əsaslanan seçimlərə yönəldir.

***

Eyni zamanda, Azərbaycanın Ermənistana qarşı apardığı “taxıl diplomatiyası” “Qafqaz evi” doktrinası və Zəngəzur dəhlizinin gələcək fəaliyyəti üçün özünəməxsus proloq rolunu oynayır. Bu, “Qafqaz evi” ideyasını romantik siyasi tezisdən çıxarmağa hesablanıb. Maraqlı burasıdır ki, Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqlarının kollektiv təhlükəsizlik və əməkdaşlıq platforması kimi dəyərləndirilən bu ittifaqın ilkin konsepsiyalarında Ermənistanın adına rast gəlinmir. Bu isə rəsmi İrəvanın onilliklər boyu yürütdüyü özünütəcrid siyasətinin nəticəsidir. Digər tərəfdən, ötən əsrin sonlarında “Qafqaz evi” ideyasının reallaşmasına mane olan əsas tərəflər qismində Rusiya və Ermənistan çıxış edirdi. O dövrdə İrəvanın əsas narahatlığı bu regional inteqrasiya modelinin Qarabağın işğalı planlarına əngəl törədəcəyi ilə bağlı idi. Lakin hazırkı geosiyasi reallıqlar fonunda Ermənistanın daha belə bir dərdi olmadığına görə artıq “Qafqaz evi”nin kandarında dayana bilər. 

Bu “taxıl dəhlizi” həm də Zəngəzur dəhlizinin praktiki tətbiqi üçün sınaq xarakteri daşıyır. Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə irəli sürülən “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) regionun iqtisadi arteriyalarının bərpasına və hər iki tərəf üçün yüksək dividendlərin əldə olunmasına zəmin yaradır. Sözügedən marşrut qlobal Şimal-Cənub dəhlizinin mühüm komponenti olmaqla bərabər, regiondaxili iqtisadi sülhün fundamental təməlidir. Beləliklə, Azərbaycan qalib tərəf və regionun əsas logistik mərkəzi qismində çıxış edərək, Ermənistanın infrastrukturunu, faktiki olaraq, öz şəbəkəsinə inteqrasiya edir. 

Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana daşınması həm də Moskva– Bakı–İrəvan üçbucağında formalaşan yeni əməkdaşlıq konfiqurasiyasının təzahürüdür. Bu prosesdə Azərbaycan həm tranzit gəliri əldə edir, həm də regional proseslərdə öz statusunu möhkəmləndirir. Azərbaycanla Ermənsitan arasında qarşılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsi gələcəkdə kənar güclərin regionda destruktiv fəaliyyət göstərmək və gərginliyi artırmaq cəhdlərinə qarşı ən güclü sığortadır. Əgər Ermənistan bu fürsəti düzgün qiymətləndirməsə, tarixi şansı birdəfəlik itirmiş olacaq.

Ekspert rəyi Yusif BAöIRZADƏ, 

politoloq 

“Azərbaycan Dəmir Yolları” QSC vasitəsilə Rusiya mənşəli taxılın Ermənistan istiqamətində tranziti ilk baxışda sırf iqtisadi-logistik hadisə kimi görünsə də, əslində, daha geniş geosiyasi və regional əməkdaşlıq kontekstində qiymətləndirilməlidir. İndiyədək 23 min tondan çox taxıl və 700 tondan artıq mineral gübrənin Azərbaycan üzərindən ötürülməsi, regionda formalaşmaqda olan yeni qarşılıqlı münasibətlər modelinin göstəricisidir. 

Bu prosesin əhəmiyyəti ondadır ki, Azərbaycan özünü təkcə enerji ixracatçısı kimi deyil, həm də etibarlı tranzit və logistika mərkəzi kimi möhkəmləndirir. Xüsusilə Cənubi Qafqaz kimi mürəkkəb və tarixən qarşıdurmalarla yüklənmiş bir regionda belə daşımaların həyata keçirilməsi siyasi iradə və strateji baxış tələb edir. Azərbaycan bu addımı ilə regional kommunikasiyaların açılmasına və iqtisadi əlaqələrin dərinləşməsinə real töhfə verdiyini nümayiş etdirir. 

Tranzit daşımaların davamlı xarakter alması bölgə ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yaradır. Bu isə, öz növbəsində, siyasi münasibətlərin yumşalmasına təsir göstərə bilər. İqtisadi münasibətlər artdıqca, tərəflər arasında qarşıdurma riskləri azalır və praqmatik əməkdaşlıq imkanları genişlənir. Bu baxımdan, Rusiyadan Ermənistana Azərbaycan üzərindən həyata keçirilən yük daşımaları yalnız ticarət deyil, həm də etimad quruculuğu mexanizmi kimi çıxış edir. 

Bu kontekstdə “Qafqaz evi” ideyası xüsusi diqqət çəkir. Tarixən müxtəlif siyasi və etnik gərginliklərlə yadda qalan region üçün bu konsepsiya daha çox nəzəri səciyyə daşısa da, praktiki addımlar olmadan reallaşması mümkün deyil. Məhz bu tip tranzit layihələri həmin ideyanın konkret iqtisadi əsaslarla dəstəklənməsinə xidmət edir. 

Ümumi olaraq deyək ki, Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlərin bərpası, ölkəmiz tərəfindən Ermənistana enerji məhsullarının ötürülməsi, eləcə də tranzit əməliyyatları artıq simvolik deyil, strateji məna daşıyır. Bu cür addımlar Cənubi Qafqazda iqtisadi inteqrasiyanın dərinləşməsinə, kommunikasiya xətlərinin genişlənməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir. Azərbaycan bu prosesdə təşəbbüskar və körpü rolunu oynayaraq regionun gələcək inkişaf modelində mühüm yer tutduğunu bir daha nümayiş etdirir.

Tacir SADIQOV

XQ



Siyasət