İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri

post-img

19 mart 2025-ci il tarixində İmişli şəhərində fəaliyyət göstərən Diferensial Təhsil Tədris Mərkəzində əsl bayram ab-havası yaşandı. Mirvarid Dilbazi Poeziya Məclisi İB və Diferensial Təhsil Tədris Mərkəzi-nin birgə təşkilatçılığı ilə keçirilən Novruz bayramı konserti və rəssam Gülnarə Məmmədovanın “Bahar ətrili” sərgisi tədbir iştirakçılarına unudulmaz anlar yaşatdı.

Tədbirə rayon ictimaiyyəti, müəllim və şagird kollektivi böyük maraqla qatıldı. Bayramın ruhunu daha da zənginləşdirən məqamlardan biri isə milli irsimizin təbliği oldu. Xüsusilə Kəlağayı Muzeyinin eksponatlarının nümayişi milli geyimlərimizin və adət-ənənələrimizin qorunmasına diqqəti bir daha ön plana çıxardı.

Tədbiri Güllü Tomarlı açıq elan etdi. İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca Dövlət Himni səsləndirildi. Tədbirin aparıcısı kimi çıxış edən Güllü Eldar Tomarlı Diferensial Təhsil Tədris Mərkəzinin uğurlu fəaliyyəti, milli dəyərlərin təbliği istiqamətində görülən işlər və rəssam Gülnarə Məmmədovanın əsərlərinin məzmunundan bəhs etdi.
Daha sonra Tədris Mərkəzinin təsisçisi və direktoru Elşən Şəmmədli qonaqları salamlayaraq Novruz bayramı münasibətilə təbriklərini çatdırdı. O, çıxışında gənc nəslə milli-mənəvi dəyərlərin aşılanmasının əhəmiyyətindən, mərkəzdə təhsil alan şagirdlərin uğurlarından və müəllim kollektivinin peşəkarlığından bəhs etdi.

Tədbirdə çıxış edən İmişli rayon Mədəniyyət idarəsinin rəisi Nazim Əzimov, "Xalq sözü" qəzetinin redaktoru Nizami As lanoğlu, rayon ağsaqqallarından Hüseyn Minbaşıoğlu, Seyid Rza, Murad Seyidov, rəssam Behbud Səfərov, və Təranə Qasımova öz təbriklərini çatdıraraq bu cür tədbirlərin milli dəyərlərin yaşadılmasında mühüm rol oynadığını vurğuladılar.
Gecənin ən təsirli məqamlarından biri görkəmli xanəndə Vahid Əliyevin çıxışı oldu.öz gözəl ifaları ilə muğamın  sehrinə iştirakçıları heyran edən yaşlı xanəndə maraqlı çıxışları ilə xoş ovqat yaratdı. Azərbaycanın əməkdar jurnalisti, şair Avdı Qoşqarın çıxışı isə tədbirin digər ən təsirli məqamı oldu. O, gənclərə dəyərli tövsiyələrini çatdıraraq öz şeirləri ilə tədbirə xüsusi rəng qatdı.
 Şair Birliyant Atəşin poetik çıxışı da qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

Konsert proqramı bir-birindən rəngarəng musiqi nömrələri ilə yadda qaldı. Müğənnilər Natiq İmanov, Tural Əliyev, Röyal İmişli , saz ifaçıları Anar Xudiyev və Tunar Əzizov,  Elgün  İbrahimov və Tunar Məmmədov  çıxışları ilə iştirakçıların zövqünü oxşadılar. Konsertə əsl bayram əhval-ruhiyyəsi bəxş etdilər. 

Tədbirin ən maraqlı hissələrindən biri isə Diferensial Təhsil Tədris Mərkəzinin istedadlı şagirdlərinin ifasında təqdim olunan Kosa, Keçəl və Bahar qızı obrazları oldu. Bu səhnəciklər Novruzun qədim ənənələrini canlandıraraq tədbirə xüsusi rəng və canlılıq qatdı.

Bu möhtəşəm tədbir bir daha göstərdi ki, milli dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. İmişlidə keçirilən bu bayram tədbiri isə həm mədəniyyətin, həm də təhsilin vəhdətinin gözəl nümunəsi kimi yadda qaldı.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri, Mirvarid Dilbazi Poeziya Dərnəyinin rəhbəri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı Diferensial Təhsil Tədris Mərkəzinin direktoru Elşən Şəmmədliyə təşəbbüs və təşkilati dəstək üçün, möhtəşəm sərgi üçün gənc rəssam Gülnarəyə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.















Mədəniyyət