Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-3.5-ci maddəsinə əsasən qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilsin.
2. Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri təsdiq edilsin.
3. Dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri təsdiq edilsin.
4. Dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği təsdiq edilsin.
5. Bu Fərmanın 3-cü və 4-cü hissələri ilə müəyyən edilmiş birinci – üçüncü ödəniş səviyyələri üzrə inzibati vəzifələrin və dördüncü – on birinci ödəniş səviyyələri üzrə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında inzibati vəzifələr üzrə baza aylıq vəzifə maaşları (birinci ödəniş pilləsi) qulluq şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla, 10 faiz yüksək məbləğdə müəyyən edilsin.
6. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələrində göstərilməyən və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmayan, dövlət qulluğunun xüsusi növünə aid olan dövlət orqanlarında dövlət qulluğu vəzifələri üzrə əməyin ödəniş səviyyələri, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, həmin vəzifələrin aid olduğu dövlət orqanlarının rəhbərləri tərəfindən analoji ödəniş səviyyələrinə uyğunlaşdırılır.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan əməkhaqlarının ödənilməsini 2026-cı ildə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də dövlət orqanlarının saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının “Əməkhaqqı” köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirsin.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
9. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2026-cı il

