Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin mükafatlandırılması məqsədilə 26.600.000 (iyirmi altı milyon altı yüz min) manat məbləğində vəsait hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində nəzərdə tutulur.
2. Agentlik:
2.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq tələb olunan vəsaitin növbəti ilin dövlət büdcəsində nəzərdə tutulması üçün təkliflərini hər il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2026-cı il

