Hərbçilər nəslinin davamçısı

post-img

Vətəni canı bahasına qoruyan qəhrəmanımız şəhid polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanov 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. Əslən Qusardan və milliyyətcə ləzgi idi. Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, ardınca Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

2004-cü ildən 2014-cü ilə qədər Naxçıvanda Vətənin keşiyində durub, Sumqayıt və Pirəküşküldəki hərbi hissələrdə zabit şərəfinə sadiq qalaraq çalışıb. 2017-2019-cu illərdə isə Rusiyada Frunze adına Ali Ümumqoşun Akademiyasında ikiillik hərbi kurs keçib. Böyük dayısı – tanınmış hərbçi Şair Ramaldanov da hələ sovet dönəmində burada təhsil almışdı. Babək akademiyanı uğurla bitirib geri dönəndən sonra polkovnik-leytenant rütbəsinə layiq görülür. Akademiyada ilk qızıl medal alan azərbaycanlı da məhz Babək olmuşdur.

2019-cu ilin sentyabrından onu Tovuz qarnizonunda briqadanın qərargah rəisi motoatıcı briqada komandirinin müavini təyin edirlər. Heç 6 ay keçməmiş general-mayor Polad Həşimov onu Gəncəyə “N” saylı hərbi hissəyə göndərir. Vətən torpaqlarının azad olunması üçün səfərbərlik elan edildikdən sonra Gəncə Qarnizonu da şəxsi heyət ilə döyüş hazırlığına başlayır. Taborlar müdafiə zonasına göndəriləndə polkovnik Babək Ramaldanov da öz şəxsi heyəti ilə Murov istiqamətində yerləşir.

İgid polkovnik Cəbrayılın Havuslu kəndinin alınmasında tabeliyində olan əsgərlərlə xüsusi qəhrəmanlıq göstərir. Düşmənin xeyli texnikasını ələ keçirirlər. Döyüş vaxtı yanındakı yoldaşlara deyir ki, biz buranı aldıq, amma qarşıda düşmənin canlı qüvvəsi qalıb. Ora kəşfiyyata getmək lazımdır. Beləcə, yanındakı 4 nəfərlə irəli atılır. Orada həqiqətən də düşmənin xeyli canlı qüvvəsi var idi. Azərbaycan əsgərlərini qəfil başlarının üstündə görən ermənilər əvvəlcə atəş açırlar, amma Babəkin qrupu onları məhv edir. Ermənilərin sənədlərini də götürüb elə onların maşını ilə sürətlə həmin ərazidən uzaqlaşmaq istəyirlər. Sevinə-sevinə dostlarının yanına gəlib çatanda düşmənin uzaqdan atdığı tank əleyhinə mərmi maşının yanına düşür. Güclü partlayış baş verir. Beləcə, Zəfər yolçuları həlak olurlar...

Babəkin anası Xalidə Ramaldanova deyir: “Bizim nəsil hərbçilər nəsli sayılır. Qardaşlarım Şair, İlham, Elman – hər biri Azərbaycan Ordusunda şərəflə xidmət ediblər. Sonra Vüqar, Telman, Nəriman, Babək, Əmirbəy hərb sənətini seçdilər. Birinci Qarabağ döyüşlərində də, Vətən müharibəsində də bizim nəsil şəcərəmiz fərqləndi. 16 oktyabrda yoldaşımla dükandan gəlirdik. Telefonu zəng çaldı. Zəng edən qardaşım Şair idi. Nə dedisə, yoldaşım maşını saxlayıb, düşdü. Sonra rəngi qızarmış halda gəlib oturdu. Baxdım ki, kişi birtəhər olub. Qışqırdım, nalə çəkib ağladım ki, mənə düzünü de görüm, nə olub, nə baş verib? Bəlkə balam yaralanıb, bəlkə əsir düşüb? Başladı ağlamağa, dedi ki, Babək daha yoxdur!”.

Babəkin şəhadətindən əvvəl evdə zaman donubmuş. Nə qədər çalışsalar da, saat işə düşmür. Tabutu gələndə isə evin işığı sönür. Anası deyib ki, balamın işığı sönüb, yanmayacaq...

İgidimiz II Fəxri xiyabanda general-mayor Polad Həşimovla eyni sırada dəfn edilib. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ramaldan və Süleyman adında 2 oğlu Vətənə əmanətdir.

Müşfiq MİRZƏ
XQ

Sosial həyat