Ölümün üstünə atılan igid

post-img

Bir neçə gün əvvəl şair dostum Ədalət Salman həmyerlisi – Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevlə çəkdirdiyi bir şəkli sosial şəbəkədə paylaşaraq doğum gününü təbrik etmişdi. Maraqlandığımı görüb dedi ki, bir müddət əvvəl ADPU-nun Cəlilabad filialında keçirilən görüşdən yadigar şəkildir. Qəzənfər igidliyi və təvazökarlığı ilə seçilən soydaşlarımızdandır. İstəsən, haqqında qəzetə yazmağına yardımçı olaram.

Beləliklə, qəhrəmanı geniş oxucu kütləsinə yaxından tanıtmaq istədim. Adının mənası aslan, şir, igid, şücaətli şəxs olan Qəzənfər 1996-cı ildə Cəlilabad rayonunun Təklə kəndində doğulub. Uşaq vaxtı məftildən, taxtadan tapança, tank düzəldərək, “dava-dava” oynamağı, televiziya ilə verilən döyüş filmləri, “Hünər” verilişlərini izləməyi xoşlayıb. Qəzənfər Ağayevin orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almasının əsas səbəbi də elə hərbçi peşəsinə sonsuz marağı olub.

Vətən müharibəsi başlananda baş leytenant olan Qəzənfərin qızı cəmi 4 gün idi ki, dünyaya gəlmişdi. Ön cəbhəyə yola düşərək torpaqlarımızın azadlığı uğrunda mücadilənin ön sıralarında addımladı. Döyüş yolu Murovdağdan, Ağdamdan, Suqovuşandan keçdi. Xüsusi təyinatlı kəşfiyyat bölüyünün komandiri kimi dözüm, cəsarət və hünər simvolu olduğunu dəfələrlə sübuta yetirdi.

Özünün ilk döyüşləri barədə dedikləri: “Murovun 3 min 300 metrdən uca yüksəkliyini almalı idik. Düz 8 saat dayanmadan zirvəyə doğru sızma əməliyyatı keçirdik. Düşmən postunu ala bildik. Bu, o qədər çətin iş idi ki, komandanlığa məruzə edəndə dönə-dönə soruşdular ki, dəqiq həmin zirvədirmi? Dedim, bəli. Səhər oyanan düşmənlər gördülər ki, artıq Azərbaycan əsgəri onların arxa hesab etdikləri postları tutub və bərk təşvişə düşdülər. Torpağa, bayrağa olan bağlılığımız sayəsində durmadan irəliləyirdik. Məqsədimiz şəhid olmaq deyil, düşməni əzib keçmək idi. Bu anları 30 il gözləmişdik”.

Emin, Lətif, Şöhrət və başqa döyüş dostları ilə sonadək çiyin-çiyinə vuruşub Qəzənfər. Emin Əzimzadənin dediyinə görə, düşmən tərəfindən pusquya düşdükləri vaxt Qəzənfərin verdiyi ani qərarla onlar aradan çıxaraq, düşməni pusquya salıblar. İgid qrup komandiri həmişə döyüşə birinci girər, meydanı axırıncı tərk edərdi.

Silahdaşı Əliş Əliyev isə deyir ki, çox mürəkkəb olan növbəti əks-hücum əmri gələn axşam bizim üçün bayraq təsvirli tort gətirilmişdi. “Kəşfiyyat zabiti və tabeliyindəki əsgərlər tortu sabaha saxlayıb tərəddüdsüz irəli atıldılar. Tortu növbəti uğur münasibətilə ertəsi gün bölüşüb “Qələbə, qələbə!” hayqıraraq ləzzətlə yedik.

Ona “canlı əfsanə” deyirlər. Şuşaya kanatların köməkliyi ilə qalxıb düşməni oradan qovanların sırasında olması ilə fəxr edir. Suqovuşan istiqamətində cəmi bir neçə nəfərlik qrupla kəşfiyyata gedəndə risk edərək olduqca çətin bir səngərə girməli olmuşdular. Qarşıda onları nələrin gözlədiyini bilmirdilər. Amma bir anda “igiddən güllə qorxar” deyib, şığıyaraq səngərə girdilər və çox keçmədən oradan qalib ədaları ilə çıxdılar. Arxada neçə-neçə düşmən meyiti qaldı.

Əlbəttə, ölümün üstünə hücuma atıldığı, ac-susuz qalıb hər çətinliyə sinə gərdiyi, daş-qaya “döşək”lərində qucaqlaşıb yatdığı, amma acı təəssüf hissi ilə itirdiyi şəhid dostlarının cismani yoxluğu onu yandırır. Təsəllisi budur ki, Natiq Verdiyevin, Səddam Həsənovun, Beyrək Feyzullayevin, İxtiyar Əliyevin, İbrahim Vəlizadənin, Elnur Pirseyidovun, Turan Məmmədovun, Elşən Mehbalıyevin, Hüseyn Abbasovun qisasını yubatmadan, erməni silahlılarını əzib keçərək alıblar.

...Atası Mahmud kişi, anası Hüsniyyə xanım, həyat yoldaşı Əfsanə xanım və ona dərs demiş Arif müəllim Qəzənfər haqqında fəxrlə danışırlar. Döyüşlərdə aldığı xəsarətlər üzündən səhhətində problemlər yarananda belə mətanəti azalmayan Qəzənfərin həyat uğrunda mübarizəsi də bir örnəkdir. Həkimlərin səyləri ilə indi vəziyyəti xeyli yaxşılaşıb.

Bu yazını çapa hazırlayarkən şair dostum Ədalət Salmanın verdiyi telefon nömrəsinə zəng vurub Qəzənfərlə danışdım. Dövlət qulluğunda çalışdığını bildirdi. Redaksiyamıza gəlib kollektivimizlə görüşəcəyinə də söz verdi.

Ə.ƏLİYEV
XQ

Sosial həyat