Kənd təsərrüfatında innovasiyaların təşviqi, fermerlərin müasir kənd təsərrüfatı texnologiyalarına çıxış imkanlarının artırılması və keyfiyyətli toxum bazarının formalaşdırılması məqsədi daşıyan növbəti festival Qusar rayonunda baş tutub. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası bölgə fermerlərini, sahibkarları və aqrar sahənin iştirakçılarını bir araya gətirib.
Festival çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunu təmsil edən fermerlər, həmçinin toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər öz məhsullarını təqdim ediblər. Yarmarkada müxtəlif kənd təsərrüfatı bitkilərinə aid yüksək məhsuldarlığı və iqlimə uyğunluğu ilə seçilən yeni toxum sortları nümayiş olunub.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxum yarmarkasında qurulan xüsusi stenddə müxtəlif bölgələrin iqlim şəraitinə uyğun sertifikatlaşdırılmış toxum nümunələri nümayiş etdirilib. Mütəxəssislər fermerlərə “Xəzri”, “Yubiley90”, “Ləyaqətli 80”, “Mətin”, “Alekseiç”, “Tigre”, “Cesare”, “Maurizio”, “Gadio” yumşaq buğda və “Dəyanətli”, “Sadiq”, “Manava”, “Finola” arpa sortlarının istifadəsini tövsiyə ediblər.
Tədbirin açılış mərasimində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov bölgənin kənd təsərrüfatı potensialından danışaraq bu cür festivalların yerli istehsalçıların tanıdılması və bazara çıxış imkanlarının genişləndirilməsində əhəmiyyətli rol oynadığını bildirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, Aqrar Biznes Festivalları regionlarda kənd təsərrüfatı sektorunun inkişafını stimullaşdırır, fermerlərlə bazar iştirakçıları arasında qarşılıqlı əməkdaşlığa şərait yaradır və yerli toxumçuluq bazarının formalaşmasına töhfə verir.
Azərbaycan Meyvə, Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova öz çıxışında dövlət dəstəyinin sahibkarlığın inkişafında yaratdığı imkanları xüsusi vurğulayıb. O, bu tədbirlərin qadın sahibkarların əməkdaşlığının genişləndirilməsi, istehsal həcmlərinin artırılması və yeni bazarlara çıxış baxımından önəmli platforma rolunu oynadığını diqqətə çatdırıb.
Festival çərçivəsində bölgənin kənd təsərrüfatı ənənələrini özündə ehtiva edən məhsullar nümayiş olunub. Fermerlər tərəfindən yetişdirilən təzə və orqanik meyvə-tərəvəz məhsulları, süd və süd məhsulları ziyarətçilərə təqdim edilib. Tədbir həm yerli istehsalçılar üçün satış imkanları yaradıb, həm də regionun kənd həyatının zənginliyini əks etdirib.
Festival zamanı 10-a yaxın bank və bank olmayan kredit təşkilatının iştirakı ilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kredit əməkdaşlığı barədə məsləhət və tövsiyələr veriblər. Eyni zamanda fermerlər mövcud təsərrüfatlarına və planlarına uyğun olaraq götürə biləcəkləri kreditlərin maksimal həcmi barədə məlumatlandırılıblar.
Festival çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin inzibati binasında “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi də təşkil olunub. Burada fermerlərə subsidiya və güzəşt mexanizmləri, dövlət proqramları, aqrar sığorta, təlim və texniki dəstək imkanları haqqında ətraflı məlumat verilib. Mütəxəssislər praktiki tövsiyələr səsləndirərək mövcud imkanlardan daha səmərəli istifadə yollarını bölüşüblər.