Müasir beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi xalqlar arasında sülhün, qarşılıqlı hörmətin və sabit inkişafın əsas amillərindən biri kimi dəyərləndirilir. Dünyanın bir çox regionlarında dini və etnik zəmində gərginliklərin artdığı bir dövrdə Azərbaycan tolerantlıq və multikulturalizm modelini formalaşdıraraq qlobal səviyyədə nümunə göstərir.
Vətənimiz tarixən müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayış məkanı olub. Müstəqillik illərində bu ənənə dövlət siyasəti səviyyəsinə qaldırıldı. Ümummilli lider Heydər Əliyev multikulturalizmi və dinlərarası harmoniyanı Azərbaycan dövlətçiliyinin mənəvi dayaqlarından biri səviyyəsinə yüksəltdi. O, müxtəlif dini və etnik qrupların sülh içində birgəyaşamasını ölkənin ən böyük sərvətlərindən biri kimi dəyərləndirirdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə bütün dinlərin bərabər hüquqları qanunvericiliklə təmin edildi. Onun uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır.
Bu dəyərlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev öz sələfinin müəyyənləşdirdiyi strateji xətti ardıcıl şəkildə inkişaf etdirərək multikulturalizm ideologiyasını müasir mərhələdə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Onun rəhbərliyi ilə Azərbaycan yalnız regionda deyil, bütün dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun mərkəzlərindən biri kimi tanınır. Prezident İlham Əliyevin uzaqgörən və balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə sülh, qarşılıqlı hörmət və tolerantlıq prinsiplərinin fəal müdafiəçisinə çevrilib, Qərb və Şərq dəyərləri arasında körpü quraraq müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşma platforması rolunu oynayır.
Bu siyasətin mühüm istiqamətlərindən biri də Amerika Birləşmiş Ştatları ilə mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və ABŞ arasında qurulan münasibətlər təkcə siyasi və iqtisadi sahələri deyil, eyni zamanda mənəvi və humanitar dəyərlər üzərində formalaşan əməkdaşlıq platformalarını da əhatə edir. Xüsusilə son illərdə iki ölkə arasında aparılan mədəniyyətlərarası dialoq, din azadlığı və multikultural dəyərlərin təşviqi istiqamətində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Paşazadənin daxil olduğu Azərbaycan nümayəndə heyətinin 1-13 oktyabr tarixlərində ABŞ-a səfəri Vaşinqton, Yuta və Nyu-Yorkda keçirilən görüşlər, tədbirlər bir daha göstərdi ki, mədəniyyətlərarası, dinlərarası əlaqələr “yumşaq güc” aləti kimi iki ölkə arasında qarşılıqlı etimadı artırır.
Səfər çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin prezidenti Dallin Oks ilə xüsusi görüş Azərbaycan ilə ABŞ arasında qarşılıqlı anlayışın, etimadın və mənəvi əməkdaşlığın güclənməsinə mühüm tövfə verdi. Prezident Dallin Oks Azərbaycanın dini azadlıqların qorunması, müxtəlif konfessiyaların sülh şəraitində yaşaması və dövlət tərəfindən dini icmalara göstərilən diqqət sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirdi.
Yuta ştatında yerləşən Baskerville İnstitutunda “Ürəklərin diplomatiyası” təşəbbüsü çərçivəsində təşkil olunan “Multikulturalizm ürək diplomatiyasının təməli kimi” mövzusunda seminarda Azərbaycanın multikulturalizm modeli elmi və akademik dairələrdə müzakirəyə çıxarıldı, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində qlobal nümunə kimi rolu beynəlxalq auditoriyaya təqdim olundu. Seminarda iştirak edən Briqam Younq Universitetinin professor və tələbə heyəti, həmçinin Daşkənd Dövlət Universitetinin hüquq fakültəsinin nümayəndələri seminarı elmi fikir mübadiləsi ilə mənəvi əməkdaşlığı birləşdirən unikal platforma kimi dəyərləndirdilər.
Səfər çərçivəsində mühüm tədbirlərdən biri də İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin yeni prezidenti seçildikdən sonra ilk illik ümumi yığıncağında iştirak etmək oldu. Dünyada milyonlarla üzvü olan bir dini icmanın illik toplantısında iştirak etmək Azərbaycanın dinlərarası dialoqa sadiqliyinin, müxtəlif dini icmalara hörmət və açıq münasibətinin real ifadəsi, İslam mədəniyyətinə mənsub bir dövlət kimi digər dinlərin təcrübəsinə açıq yanaşmasının parlaq təzahürüdür. Nümayəndə heyətinin bu tədbirdə təmsil olunması, xristian dünyası ilə qarşılıqlı hörmət və dialoqun inkişafına, eləcə də dinlərarası əməkdaşlığın daha dərin əsaslar üzərində qurulmasına mühüm töhfə verdi.
Müasir dövrdə dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi qlobal təhlükəsizliyin və davamlı inkişafın əsas şərtlərindəndir. Bu istiqamətdə beynəlxalq miqyasda aparıcı təşəbbüslərdən biri G20 Dinlərarası Dialoq Forumu (G20 Interfaith Forum) hesab olunur. Forumun məqsədi dünyanın ən mühüm qərarverici platformalarından biri olan G20 çərçivəsində dini və mədəni dəyərlərin qlobal siyasətə inteqrasiyasını, sülh və əməkdaşlıq üçün mənəvi əsasların gücləndirilməsini təmin etməkdir. Azərbaycanın bu platformada iştirakı və fəallığı ölkəmizin tolerantlıq, multikulturalizm və sülh mədəniyyəti sahəsində formalaşdırdığı uğurlu modelin beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır.
Bu baxımdan Azərbaycan nümayəndə heyətinin G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham və Stirlinq Fondunun rəhbərliyi ilə keçirdiyi görüş də əhəmiyyəti ilə seçilir. Bu görüş ilk növbədə Azərbaycanın qlobal dinlərarası dialoq platformalarında artan nüfuzunun göstəricisidir. Azərbaycan nümayəndə heyətinin bu qurumun rəhbərliyi ilə görüşü ölkəmizin dini diplomatiya sahəsində fəal və etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir.
Bir məqam xüsusilə vurğulanmalıdır ki, G20 Dinlərarası Dialoq Forumu ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi islamofobiya ilə mübarizə, dini dözümlülük və multikultural dəyərlərin beynəlxalq səviyyədə təşviqi istiqamətində birgə təşəbbüslərə imza atıblar. Bu təşəbbüslər Azərbaycan təcrübəsini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, islamofobiya və dini nifrət hallarının qarşısının alınması üçün praktik mexanizmləri də nümayiş etdirir. Görüş zamanı tərəflər arasında aparılan dialoq həm praktik əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, həm də qarşılıqlı etimad və anlayışın möhkəmləndirilməsi baxımından faydalı oldu.
Səfərin təşkil olunmasında qarşıda duran məqsədlərdən biri də Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin ABŞ-də düzgün təqdim olunması idi. Yuta Ştatının Senatının sədri Stüart Adam ilə keçirilən görüş ABŞ-nin federal və ştat səviyyəsində Azərbaycanın multikulturalizm, dinlərarası dialoq və tolerantlıq siyasətinə marağını göstərdi. Bu görüşün əhəmiyyəti ilk növbədə ondan ibarət oldu ki, Azərbaycan ilə ABŞ arasında mədəniyyətlərarası və dini əməkdaşlıq sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün strateji imkanlar nəzərdən keçirildi. Qarşılıqlı anlaşma, sülh və tolerantlıq prinsiplərinə əsaslanan əməkdaşlıq sahələrini genişləndirmək imkanları müzakirə edildi.
Azərbaycan tarixən müxtəlif dini icmaların sülh içində birgə yaşadığı bir ölkə kimi tanınır. Ölkəmizdə islam, xristianlıq, yəhudilik və digər dini icmalar əsrlər boyu qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşayıb. Müstqillik dövründə isə bu ənənə dövlət siyasətinin əsas prinsiplərindən biri səviyyəsinə yüksəldilib. Bu istiqamətdə Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyasında (USCIRF) keçirilən görüş də vacibliyi ilə seçilir. Görüşdə dövlətimizin din azadlığı, dini tolerantlıq və multikulturalizm sahəsində apardığı uğurlu siyasət barədə məlumat verildi, din azadlığının qorunması, dini icmalar arasında dialoqun təşviqi və dini nifrət hallarının qarşısının alınması məsələləri müzakirə olundu.
Azərbaycan–ABŞ münasibətləri yalnız siyasi və diplomatik əlaqələrdən ibarət deyil, həm də strateji, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq səviyyəsində formalaşıb. Azərbaycan nümayəndə heyətinin Ağ Evdə Vitse-prezident Ofisinin Milli Təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-prezident Ofisinin Strateji məsələlər üzrə xüsusi müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma İdarəsinin üzvü Conatan Askonas ilə görüşü bu əməkdaşlığın strateji əhəmiyyətini bir daha göstərir. Görüş zamanı regional təhlükəsizlik, qlobal sülh, dini və etnik dözümlülük, multikultural dəyərlərin təşviqi və ekstremizmin qarşısının alınması kimi məsələlər müzakirə olundu.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əlaqələri ölkəmizin qlobal sülh, təhlükəsizlik və insan hüquqları sahəsində fəal iştirakını əks etdirir. Azərbaycan BMT çərçivəsində yalnız diplomatik əməkdaşlıq aparmır, eyni zamanda multikulturalizm, dinlərarası dialoq və tolerantlıq prinsiplərini beynəlxalq səviyyədə təşviq edən fəal tərəfdaş kimi çıxış edir. BMT ilə əməkdaşlığımızın əsas istiqamətlərindən biri mədəniyyətlərarası və dinlərarası dialoqdur.
Ölkəmiz BMT-nin müxtəlif təşəbbüslərində iştirak edərək islamofobiya, dini nifrət və ekstremizmin qarşısının alınması istiqamətində aktiv rol oynayır. ABŞ-yə səfər çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüş də bu baxımdan faydalı oldu, ölkəmizin multikulturalizm, dini tolerantlıq və dinlərarası əməkdaşlıq sahəsindəki lider mövqeyini beynəlxalq səviyyədə bir daha təsdiqlədi, Azərbaycanın qlobal səviyyədə sülh, qarşılıqlı hörmət və tolerantlıq prinsiplərinə sadiq tərəfdaş olduğunu nümayiş etdirdi.
Azərbaycan BMT Sivilizasiyalar Alyansı ilə də sıx əməkdaşlıq edir. Alyansın məqsədi müxtəlif mədəniyyət və dinlərin sülh və əməkdaşlıq şəraitində qarşılıqlı anlaşmasını təmin etməkdir ki, bu da Azərbaycanın uzun illərdir həyata keçirdiyi siyasətlə uzlaşır. Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq ölkəmizə beynəlxalq dialoq və sülh təşəbbüslərində fəal iştirakçı kimi mövqeyini gücləndirməyə imkan verir. BMT-nin İslamofobiya məsələləri üzrə xüsusi nümayəndəsi, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosla görüşdə də qlobal əməkdaşlıq imkanlarının, mədəniyyətlərarası dialoqun genişləndirilməsi məsələləri müzakirə olundu.
Azərbaycan nümayəndə heyətinin ABŞ səfəri çərçivəsində keçirilən bütün görüşlər Azərbaycanın multikulturalizm, dini tolerantlıq və dinlərarası əməkdaşlıq sahəsindəki fəal mövqeyini beynəlxalq səviyyədə göstərdi. Bu görüşlər Azərbaycanın qlobal diplomatiyada etibarlı tərəfdaş, multikultural və tolerant cəmiyyət modelini dünya ictimaiyyətinə təqdim edən nümunəvi ölkə olduğunu nümayiş etdirdi. Aparılan müzakirələr yalnız diplomatik əlaqələrin gücləndirilməsinə xidmət etmədi, həm də dinlərarası dialoq, islamofobiya və dini nifrətin qarşısının alınması, qarşılıqlı etimad və anlayışın möhkəmləndirilməsi sahəsində praktik əməkdaşlıq imkanlarını açdı.
Nəticə etibarilə, Azərbaycan nümayəndə heyətinin ABŞ səfəri mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq səviyyədə multikultural dəyərlərin təşviqi və ölkəmizin qlobal nüfuzunun gücləndirilməsi baxımından faydalı oldu. Bu səfər, həmçinin Azərbaycan təcrübəsinin digər ölkələr və beynəlxalq təşkilatlar üçün nümunəvi model kimi təqdim olunmasına və gələcək əməkdaşlıq perspektivlərinin genişlənməsinə şərait yaratdı.
Rəvan Həsənov
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru