Nazir müavini Sarvan Cəfərov İtaliyada Ümumdünya Ərzaq Forumunda iştirak edib

post-img

İtaliyanın paytaxtı Roma şəhərində Ümumdünya Ərzaq Forumu keçirilir. Builki forum BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 80 illik yubileyinə təsadüf edir. Müxtəlif ölkələrdən yüksək səviyyəli rəhbər şəxslərin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Ümumdünya Ərzaq Forumu çərçivəsində “Aqroərzaq sistemləri vasitəsilə iqlimə cavabın artırılması: Daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və daha yaxşı həyat təmin etmək üçün dayanıqlı və davamlı kənd təsərrüfatı sistemləri” mövzusunda yüksək səviyyəli tədbir keçirilib.

XQ xəbər verir ki, tədbirdə çıxış edən nazir müavini Sarvan Cəfərov aqrar sahədə ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib. O innovasiyalar, elm və texnologiyanı davamlı və inklüziv kənd təsərrüfatının inkişafının əsas amilləri adlandırıb, müasir kənd təsərrüfatının rəqəmsal transformasiya və ağıllı texnologiyalar olmadan uğur qazana bilməyəcəyini diqqətə çatdırıb. Sarvan Cəfərov əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı məqsədilə ardıcıl və sistemli tədbirlər görülür, aqrar sahədə dövlət dəstəyi tədbirləri genişləndirilir. Belə ki, ölkəmizdə 2018-ci ildən etibarən E-Agro platforması vasitəsilə xidmətlərin rəqəmsallaşdırılması sürətləndirilib və fermerlərə əsas xidmətlərə rəqəmsal şəkildə daxil olmaq imkanı yaradılıb. Bildirilib ki, ölkəmizdə beynəlxalq tərəfdaşlarla birlikdə artıq 30-dan çox praktik istifadə nümunəsini - bitki sortlarının xəritələndirilməsindən və torpağın monitorinqindən tutmuş məhsul proqnozlaşdırılması və suya qənaətli suvarmaya qədər əhatə edən iki illik rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır. Bu məlumatlara əsaslanan alətlər fermerlərə daha ağıllı qərarlar qəbul etməyə, dayanıqlılığı gücləndirməyə və qarşıdakı illərdə əhəmiyyətli iqtisadi dəyər yaratmağa kömək edəcək.

Daha sonra forum çərçivəsində “Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlıq: Kənd Ərzaq Sisteminin Transformasiyası üçün Katalizator” mövzusuna həsr olunmuş Nazirlər Dialoqu keçirilib. 18 ölkədən dövlət qurumlarının yüksək səviyyəli rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu "Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlığını transformasiya üçün strateji alət” adlandırıb. 

Tədbirdə çıxış edən nazir müavini Sarvan Cəfərov yarandığı vaxtdan indiyədək FAO-nun qlobal ərzaq təhlükəsizliyi, qidalanma və aqro-ərzaq sistemlərinin transformasiyasına mühüm töhfələr verdiyini, ölkəmizin davamlı və inklüziv aqro-ərzaq sistemlərinin yaradılması istiqamətində bütün təşəbbüsləri dəstəklədiyini diqqətə çatdırıb. O, Azərbaycanın FAO-nun “Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlıq” platformaları, daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və daha yaxşı həyat prinsiplərinə əsaslanan “Dörd daha yaxşı” təşəbbüsü, eləcə də digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı, digər beynəlxalq təşkilatlara üzv dövlətlər və cənub ölkələri ilə səmərəli əməkdaşlıq qurub.  

Sarvan Cəfərov forum çərçivəsində keçirilən “Dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün su: keçmiş, indi və gələcək” mövzusuna həsr edilmiş yüksək səviyyəli görüşdə də çıxış edib. Müasir çağırışlar fonunda su və torpaq resurslarının sürətlə artan əhalinin ehtiyaclarını ödəmək üçün həyati əhəmiyyət kəsb etdiyini deyən nazir müavini effektiv su və torpaq idarəçiliyinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Azərbaycan hökumətinin rəqəmsal və ağıllı texnologiyalardan istifadə etməklə kənd təsərrüfatının modernləşdirilməsinə xüsusi önəm verdiyini deyən nazir müavini torpaq və su resurslarından səmərəli istifadəni, ətraf mühit və biomüxtəlifliyin qorunmasını təşviq edən siyasət yürüdüldüyünü və bu istiqamətdə çoxşaxəli dövlət dəstəyinin mövcud olduğunu vurğulayıb. 

Nazir müavini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, Azərbaycanın uğurla təşkil etdiyi beynəlxalq mötəbər tədbirdə xüsusilə iqlim problemlərinə ən az hazır olan həssas ölkələri dəstəkləmək üçün qlobal iqlim fəaliyyətini yenidən formalaşdıra biləcək mühüm qərarların qəbul edildiyini xatırladıb. 

Ümumdünya Ərzaq Forumu və forum çərçivəsində təşkil olunan tədbirlərdə iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, aqrar sahənin rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi məsələləri müzakirə olunub. Mütəxəssislər torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, su resurslarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri təsərrüfatlarının yaranması, məhsuldarlığın artırılması, buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, emal sənayesinin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər. 









İqtisadiyyat