Azərbaycan elminin yeni innovativ çağırışları

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının 3 noyabr 2025-ci ildə keçirilmiş 80 illik yubiley mərasimində ölkə Prezidenti İlham Əliyevin dərinməzmunlu nitqində ötən illərdə Vətən elminin qazandığı möhtəşəm uğurlar yüksək dəyərləndirildi, ziyalılarımızın qarşısında duran önəmli vəzifələr vurğulandı.

17 mart 1945-ci ildə yaradılan bu elm məbədgahının qət etdiyi yolun əhəmiyyətini, əldə etdiyi elmi nəticələri yüksək qiymətləndirən ölkə başçısı onun cəmiyyətin inkişafında aparıcı rolunu xüsusi olaraq vurğulamışdır: “Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır”. Akademiyanın fəaliyyətinin canlanması ötən əsrin 70-ci illərində başlamışdır. Bu dövrdə ümummilli lider Heydər Əliyevin qayğısı ilə yeni elmi-tədqiqat institutları yaradılmış, minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmiş, nəticə olaraq, ölkəmizin milli intellektual kadr potensialı güclənmişdir.

Qeyd etmək lazımdır ki, bu proses özünü müxtəlif elm sahələrində, o cümlədən tarix elmlərinin tədqiqində daha bariz şəkildə göstərmişdir. Uzun müddət ölkəmizdəki arxeoloji abidələrin araşdırılmasında həlledici rola malik olan İ.Meşşaninov, A.Miller, A.Spitsın, T.Passek, B.Latınin və digər əcnəbi tədqiqatçıların nəzarətində araşdırılan abidələrimizin tədqiqində tədricən S.Qazıyev, İ.Cəfərzadə, M.Hüseynov, İ.Nərimanov, O.Həbibullayev timsalında onlarla milli arxeoloq kadrların imzalarına rast gəlinməyə başlanmışdır. Bu sahədə Azərbaycan gənclərinin müxtəlif respublika və şəhərlərə ezam olunması da mühüm rol oynayırdı.

Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycanın ağır sosial-iqtisadi problemlərlə üzləşdiyi dövrdə belə akademiyanın qorunmasına diqqət göstərilmiş, alimlərin fəaliyyəti üçün hər zaman vəsait ayrılmışdır. Elmə göstərilən dövlət qayğısının davam etdirilməsinin nəticəsidir ki, bu gün AMEA-nın maddi-texniki bazası möhkəmləndirilmiş, akademiya şəhərciyində yerləşən binaların təmiri aparılmış, yeni elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina istifadəyə verilmiş, Elmi-tədqiqat institutları təmir edilərək müasir avadanlıqlarla təchiz olunmuş, 2009-cu ildə isə Azərbaycan alimlərinə qrantlar yolu ilə maddi dəstək vermək üçün Elm fondu yaradılmış, eyni zamanda, Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun və Dövlət Proqramı qəbul edilmişdir. Bu addımlar Akademiyanın qorunub-saxlanmasına və inkişafına göstərilən dövlət qayğısının, əsası Ümummilli lider tərəfindən qoyulan elmin təkmilləşdirilməsi və himayə edilməsi siyasətini Prezident İlham Əliyevin layiqincə davam etdirməsinin bariz göstəricilərindəndir.

Bu gün ərazi bütövlüyünü təmin etmiş Azərbaycan sürətlə inkişaf edir, dünyaya inteqrasiya olunur. Siyasi, hərbi, diplomatik sahələrdə əldə edilən inkişafın elmdə də əks olunmasının vacibliyi artıq zamanın tələbinə çevrilmişdir. Prezident tərəfindən elm adamları qarşısında qoyulan başlıca inkişaf istiqamətləri məhz bu zərurətdən irəli gələn vəzifələri müəyyənləşdirməklə Azərbaycan elminin qlobal səviyyədə nüfuzunu artıran yeni üfüqlər açır.

Yeni innovativ çağırışlar bütün elm sahələrini əhatə etməklə onların inkişaf prioritetlərini müəyyənləşdirir. Başlıca prioritetlərə diqqətlə nəzər salarkən müxtəlif elm sahələrini vahid orqanizm şəklində birləşdirən və bir-birini tamamlayan beş başlıca istiqamət ön plana çıxır: texnoloji inkişaf; fundamental elmləri birləşdirən nəzəriyyənin istehsalata tətbiqini hədəfləyən hərbi-sənaye üzrə inkişaf; geoloji və təbiət elmlərini birləşdirən bərpaolunan enerji layihələr; ictimai elmləri əhatə edən siyasi-tarixi-nəzəriyyə; humanitar elmləri birləşdirən mənəvi dəyərlər və dilimizin saflığının qorunması üzrə təkmilləşdirmə.

Birinci istiqamətlə bağlı irəli sürülən prioritetlərin ilk sırasında yeni texnologiyaların tətbiqi, təkmilləşdirilməsi, süni intellekt, rəqəmsallaşmanın intensivləşdirilməsi, xüsusilə kibertəhlükəsizliklə bağlı proqram layihələrin həyata keçirilməsi kimi vacib məsələlər yer alır. Onlar ölkəmizin, onun hər bir vətəndaşının, intellektual potensialının, bütövlükdə gələcəyimizin innovativ-informasiya təhlükəsizliyini təmin edir. Onun əhəmiyyətini qısa bir müqayisə ilə daha aydın görmək olar. Birinci Qarabağ müharibəsi dövründə torpaqlarımızın itirilməsi, suverenlik hüquqlarımızın erməni işğalçıları tərəfindən ağır şəkildə pozulmasına dünyanın biganə qalmasının əsasında məhz informasiya müharibəsindəki məğlubiyyət dayanırdı.

İkinci istiqamət nəzəriyyədən istehsalata keçidin sürətləndirilməsi, texnoloji-intellektual təhlükəsizliyin fiziki təminatı olan hərbi-sənaye sahəsinə fundamental elmlərin verəcəyi töhfələrin əsas prioritetlərini müəyyənləşdirir. Bu gün Azərbaycanda hərbi sənayenin inkişaf etməsinin, hərbi təyinatlı məhsullar istehsal edilməsinin, pilotsuz uçuş aparatlarının istehsalına başlanmasının əhəmiyyətini vurğulayan ölkə başçısı Azərbaycan alimlərini bu istiqamətə dəvət etməklə, onların intellektual bacarıqlarını istehsalata cəlb edən böyük fəaliyyət meydanı vermişdir.

Üçüncü istiqamət ölkənin iqtisadi inkişafına elmi töhfələrin cəlb edilməsi ilə bağlıdır. Azərbaycanın müasir inkişaf səviyyəsində qeyri-neft sektorunun təkanverici qüvvəsi, valyuta ehtiyatlarmızın ildən-ilə artması, azad edilmiş ərazilərimizin bərpasına qoyulan investisiyaların artmasının əhəmiyyəti diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, güclü iqtisadiyyat olmadan heç bir sahədə uğurlar əldə etmək mümkün olmazdı. Lakin müasir iqtisadi inkişaf yeni sahələrin, xüsusilə bərpaolunan enerji layihələrinin inkişafını zəruri edir. Bununla bağlı Qarabağda, Şərqi Zəngəzurda aparılan geoloji işlərə alimlərin dəvət edilməsi təbii resurslarımızın geniş miqyasda üzə çıxarılmasına, həmçinin yeni iş yerlərinin açılmasına, insanların rifahının daha yüksək səviyyəyə çatmasına rəvac verəcəkdir.

Dördüncü və beşinci istiqamətlər daha çox ictimai və humanitar elm sahələri qarşısında duran vəzifələri ehtiva edir. Bu vəzifələr içərisində müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərin yazılması başlıca prioritetlərdəndir. Ölkə Prezidenti bu məsələnin vacibliyini vurğulayaraq qeyd etmişdir: “Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.

Xüsusilə Qərbi Azərbaycanda tarixi yer adlarımızın dəyişdirilməsinə diqqətçəkən ölkə başçısı toponimlərimizi real şəkildə əks etdirən tarixi xəritələrin dərc edilməsinin, Zəfər tariximizlə bağlı elmi əsərlərin yazılmasının vacibliyinə diqqət çəkmişdir. Yeri gəlmişkən, qeyd etməliyik ki, arxeoloji abidələrdə də erməni terroru zaman-zaman özünü göstərmişdir. Qərbi Azərbaycandakı Mahaltəpənin “Arataşen”, Xatunarxın “Aknaşen”, Təzəkənd arxeoloji mədəniyyətinin “Karmirberd” olaraq dəyişdirilməsi ermənilərin “toponim oğurluğu”nun əyani sübutlarıdır.

Təbii ki, Azərbaycan alimləri tərəfindən bu abidələrlə bağlı yazılan elmi əsərlərdə onlar tarixi adları ilə təqdim olunur. Lakin belə əsərlərin sayının artması tarixi, arxeoloji, memarlıq abidələrimizin bu torpaqların aborigenləri olan əcdadlarımız tərəfindən yaradıldığını sübut etməklə yanaşı, onların timsalında milli-mənəvi, həmçinin tarixi-mədəni dəyərlərimizin beynəlxalq miqyasda tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə əsərlərin hazırlanmasında Azərbaycan dilinin saflığının qorunması məsələsi başlıca prioritetlərdən biri olaraq qarşıya qoyulmuşdur.

Beşinci istiqaməti təşkil edən ana dilimizin orijinallığının saxlanması məsələsi təkcə dilçi–alimlərin deyil, bütövlükdə Azərbaycan ictimaiyyətinin ürəyindən olan əsaslı məsələlərdəndir. Dilimizi xarici kəlmələrdən qorumağın vacibliyini vurğulayan ölkə Prezidenti bununla bağlı demişdir: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər”.

Azərbaycan elminin inkişaf tarixində yeni səhifənin ilk başlıqları kimi tarixə daxil olan bu innovativ çağırış və inkişaf prioritetləri elm adamlarına göstərilən böyük etimadın yeni üfüqlərini açmışdır. Zəfərimizin beş illiyində, ərazi bütövlüyümüzün və suverenliyimizin konstitusional təminatının yubiley ili olan və haqlı olaraq da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci il, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yubiley ili və fəaliyyətini yuxarıda qeyd edilən prioritet istiqamətlərə yönəldərək əldə edəcəyi gələcək uğurların başlanğıc nöqtəsi olaraq elm tariximizə daxil olur.

Zeynəb QULİYEVA,
AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi, Ali Məclisin deputatı

Elm